“Hal – hazırda qarşımızda, erməni məsələsindən daha ciddi məsələ məhz İran amilidir…”
“Hal – hazırda qarşımızda, erməni məsələsindən daha ciddi məsələ məhz İran amilidir…”
30.03.2023 MEDİA Tərəfindən

Bir neçə gün əvvəl millət vəkili Fazil Mustafaya qarşı silahlı hücumla bağlı ehtimallar nədir? Hücum kimlər tərəfindən törədilə bilərdi? Bu hadisəni İranın növbəti təxribatı hesab etmək olarmı?

Bu hadisə ilə bağlı politoloq Zaur Məmmədovun Visiontv.az saytına açıqlamasını sizə təqdim edirik:

“Millət vəkili Fazil Mustafaya edilən hücum əlbəttə ki, ciddi hadisədir. Son zamanlar Bakıda bir neçə silahlı insidenti də nəzərə alsaq görərik ki, bu hadisələrin arxasında çox ciddi proseslər dayanır. Və həmin o proseslərin arxasındakı xəbərdarlıqlar,  sanki Azərbaycanı qorxutmaq cəhdləri dayanır.

Bu baş verənlərin bundan sonra da baş verəcəyi istisna deyil. Fazil Mustafaya qarşı silahlı hücum hadisəsi də bir daha onu göstərdi ki, bu məsələlərdən sığortalanmaq olmur. Əlbəttə ki, baş verən bu hadisə ilə bağlı kənardan şərhlər bildirmək və istintaq orqanlarının işinə maneə olmaq yolverilməzdir. Lazım olan vaxtda istintaq orqanları bu proseslərlə bağlı bildirəcəklər. Unutmayaq ki, bundan qabaqkı hadisələrdə olduğu kimi bundan sonrakı hadisələrdə də ədalətli informasiya öz sözünü əvvəl – axır deyəcəkdir. Və bilməliyik ki, bölgədə ciddi çağırışlar var. Bölgə yeni epoxanın astanasındadı. 

Məlumdur ki, Azərbaycan 200 ilə yaxındır ki, torpaqları bölüşdürülmüş və işğal edilmiş, insanları deportasiyaya məruz qalmış bir məmləkət olub. 30 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bizim qarşımızda erməni məsələsi ciddi şəkildə bir çağırış idi. Hal – hazırda qarşımızda, erməni məsələsindən daha ciddi məsələ məhz İran amilidir. İran tərəfindən də ara – sıra Azərbaycanla bağlı verilən bəyanatlar bunun təsdiqidir.

Təəssüflər olsun ki, bizə qarşı qərəzli mövqe və çağırışlar, yalnız bir qonşu dövlətdən deyil demək olar ki, Türkiyə istisna olmaqla bütün sərhəd ölkələrdən var. Hadisələri soyuqqanlı qarşılamaq, prosesləri məntiqli dərk etmək lazımdır. Bir misal var ki, böyük şahmat taxtasında böyü fiqurlar öz aralarında sanki addımlar atarkən onların piyadaları olmamağa çalışmaq lazımdır. Ola bilər ki, hanısa dairələr təxribat edərək, qızışdıraraq cəmiyyətdə müəyyən xaos və xof yaratmaq istəyə bilərlər. Beynəlxalq subyektləri bir – birinə daha kəskin mövqe göstərməyə sövq etmək istəkləri ola bilər.

Bütün bu məqamları nəzərə almaq lazımdır. Amma  burada əsas və aydın olan bir məsələ var ki, İran aid bəzi qruplar, özünü şiə adlandıran lakin əslində şiəliklə heç bir əlaqəsi olmayan, tamamilə şəxsi məanfeylərini düşünən şəxslər tərəfindən təbliğatlar vaxtikən çox aparılıbdır. Həmin o qruplar bu gün də bu və ya digər yerlərdə təxribatlara əl ata bilərlər. Amma Azərbaycan güclü dövlətdir. Dövlətimiz belə qərəzli çağırışların öhdəsindən hər zaman gəlməyi bacarıb. Bundan sonra da bacaracaqdır. Azərbaycan xalqı da öz Prezidentinin yanındadır. Beləliklə də biz haqlı olduğumuz bu mübarizəmizi davam etdirəcəyik.”

Bünyamin Bünyadzadə
Visiontv.az