Gənclər yaxşı yaşamaq üçün ədalət tələb edirsə…
Gənclər yaxşı yaşamaq üçün ədalət tələb edirsə…
01.02.2022 Şöhrət El-Dəniz Tərəfindən

2-i fevral Gənclər günüdür.

Gənclər və idman naziri Fərid müəllim gənclərimizi Z nəslin nümayəndəsi adlandırıb. O dəqiqə hirslənib naziri tənqid etməyin. Yaxşı mənada deyib. Amma o dedikləri gəncliyimizin tam tərifi deyil. Ona görə çalışacağam gənclərimizin bu günkü tərifini mən də verim.

İndiki gəncləri inandırmaq çətindir, amma başa salmaq ondan da çətindir. Texnoloji bilikləri dünya üçün kifayət etməsə də bizim nəsil üçün örnək çəkiləcək həddədir. Pul qazanmağa çox həvəsli və iddialıdırlar. Amma şərait gənclərin istəkləri ilə düz mütənasib deyil. Qafqazlıların məşhur tostunda deyildiyi kimi arzularla imkanlar düz gəlmir.

Azadlığı sevirlər, amma mənasını tam qavramayıblar. Azadlıq adı altında gənclərə nə istəsən aşılamaq mümkündür. Ona görə azad və iqtisadi baxımdan müstəqil olmaq üçün təəssüf ki, bəzən intihar yolunu seçirlər. Çünki süni çətinliklər bəzi gənclərə başqa çıxış imkanı təəssüf ki, tanımır. Varlı və kasıb arasında yaranan dərin uçurum, rahat pul əldə etmək kimi pis vərdişlər gəncləri kriminala təhrik edir.

Düzdür sosial ədalət deyib etiraz edən gənclər də var

Kimin pulu var o yaxşı təhsil almalıdır, yaxşı işlə təmin olunmalıdır, yaxşı yaşamalıdır deyənlərə etiraz edən gənclər haqlıdır. Azərbaycan dövləti sosial yönümlü siyasət aparır. Sosial yönümlü siyasətin ana təməli ədalətdir. Gənclər yaxşı yaşamaq üçün ədalət tələb edirsə, verilməlidir.

Çünki buna haqları çatır.

44 günlük müharibə sübut etdi ki, qorxaq deyillər, döyüşə bilirlər, vətənlərini sevirlər. Ölüb, öldürməyə cəsarətləri çatır. Ata-babalarının kim olduğunu unutmayıblar. Gəzdikləri torpağın təəsübünü çəkməyi bacarırlar. Yaxşı yaşamaq üçün istedadları var. Yaxşı təhsil verib o istedadı kapitala çevirmək lazımdır. Adını unutduğum məşhur biznesmen demişkən dünyada ən gəlirli kapital gənclərin təhsilinə qoyulan kapitaldır. Birə yüz qazanc götürürsən.

Amma…

Gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alıb ciddi mütəxəssisə çevrilə bilirlər.

Geri qayıdıb vəzifə sahibi olanları demirəm. Xarici ölkələrdə qalıb mütəxəssis kimi nüfuz qazanan gəncləri deyirəm. Niyə qayıtmırlar? Və yaxud niyə qaytarmırıq?

Mən ümidvaram ki, kimsə bu barədə düşünür və sualın cavabını çözməyə çalışır.

Kosmopolit düşüncə tərzini sevənlər çox deyil. Dünyanı bəzəyən homoseksuallıq, lezbiyanlıq və digər qeyir-ənənəvi seksual oriyentasiyalara maraq qınaq və təəccüb həddindədir. Dözümlü yanaşanlar da var. Və onları düşmən obrazında görmürlər. Dini, irqi, milli dözümlülük zatən canımızda var. Birgə yaşayışı sevirik və bu sevgi gənclərə də sirayət olunub.

Avropaya, Şərqə baxan gənclərin radikallığı vərdiş səviyyəsindədir. Bu vərdişi gəncə tərgizdirmək elə də çətin deyil. Sadəcə gənclərə sahib çıxmaq, məsuliyyətli olmağı aşılamaq, sevgini hiss etdirmək, yaxşı yaşaması üçün şərait yaratmaq, yaxşı təhsil vermək lazımdır.

Ən əsası isə gənclərə inanmaq lazımdır. İnam gəncliyin dik duruşuna sinonimdir.

Dik duruşlu gənclik isə dövlətin, millətin dik duruşu deməkdir.

Gənclər bayramınız mübarək.

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz