3 gün sonra Azərbaycan teatr sənətinin görkəmli siması, pedaqoq rejissor, aktyor və bir zamanlar Adil İsgəndərov teatrı adlandırılan Akademik Milli Dram Teatrının və Azərbaycanfilm kinostudiyasının rəhbəri olmuş Adil müəllim İsgəndərovun doğum günüdür. Universitetdə Azərbaycan teatr tarixi haqqında Adil İsgəndərov yaradıcılığının Azərbaycan mədəniyyətinin şahlanmasındakı böyük rolunu sevərək oxuyur, böyük ustadın Avropa, Azərbaycan və Rus ədəbiyyatındakı milli, mənəvi ruhu tamaşaçılara quruluş verdiyi tamaşalar ilə çatdırdıdığını görürdük.
Adil müəllimin mənim üçün ən böyük kəşfi məncə, Ələsgər Ələkbərov kimi böyük aktyor idi. İsgəndərovun hazırladığı Vaqif, Cavanşir, Otello kimi tamaşalardakı mükəmməl obrazları ilə Ələsgər Ələkbərov Sovvetlər Birliyində böyük şöhrət qazanmışdı. 1945-ci ildən sonra Azərbaycan dramaturgiyasında böyük geriləmə müşahidə olunur. Repressiyaya məruz qalmış Cavidlərin, Əhməd Cavadların yerini dolduracaq yazarlara ehtiyac vardı. Teatr üçün heç bir əsər yazılmırdı. Bu zaman Səməd Vurğun dram əsərləri yazmaq qərarına gəldi ki, bu da Adil müəllim üçün həm yeni aktyor, həm də rejissor məktəbi yaratmaq imkanı verirdi. Böyük uğurlarına baxmayaraq öz doğma teatrından uzaqlaşdırılsa da, Adil müəllim qısa zamanda Azərbaycanfilm kinostudiyasının rəhbəri təyin edilir.
Teatrda göstərdiyi uğurlar eynilə kino sahəsində də onu izləyir. Özünü ilk dəfə kinorejissor kimi sınadığı film bizim hər daim sevərək izlədiyimiz Əhməd Hardadır filmidir. Adil müəllimin ən böyük xüsusiyyəti onda idi ki, milli bir adam idi və kino, teatr sahəsində daim milli kadrlara üstünlük verirdi. Həsən Turabovun teatrdan böyük kinoya addımlaması və ilk böyük ekran işi Yeddi Oğul İstərəm filmindəki Gəray bəy obrazıdır ki, bu obraza Turabovu məhz Adil müəllim tövsiyyə edib. Nəsimi filmində Teymurləng obrazının 45 dəqiqəsi çəkilsə də, sınaq çəkilişləri uğurlu olsa da böyük sənətkar bu rolda özünü deyil, danışdırmadığı digər nəhəng aktyorumuz Yusif Vəliyevin bu rolda çəkilməsinə imkan yaratmışdır. Çünki İsgəndərov üçün şəxsi qərəz, iddia, eqo deyil, SƏNƏT öndə dururdu. Kinoda yaratdığı Kərbəlayı obrazı isə Azərbaycanın ən güclü kişi filmi sayılan "Axırıncı aşırım" filminin adətən vizit kartı olmuşdur. Qeyd edim ki, Qəmlo obrazındakı Məlik Dadaşov da Adil müəllimin tələbəsi və tapıntısı idi.
Adil müəllimi xatırlamaq, ruhunu uca tutmaq bizim mənəvi borcumuzdur. Ruhun şad, doğum günün isə mübarək olsun BÖYÜK SƏNƏTKAR.
Pərviz Əliyev
visiontv.az