Oktyabrın 23-də Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komitəsində ölkənin xarici işlər naziri Jan-Noel Baro və senator Valerie Buaye tərəfindən Azərbaycana qarşı növbəti əsassız ittihamlar səsləndirilib. Onlar Fransa XİN-in 2025-ci il üçün büdcəsinin və beynəlxalq vəziyyətin müzakirə olunduğu iclasda Azərbaycanı rəsmi Parisə qarşı “aqressiv müdaxilələr” və “düşmən hərəkətlər” törətməkdə ittiham ediblər. Nazir Barrot etiraf edir ki, “Avropa müstəvisində Avropa sülh mexanizmi”nin Ermənistana münasibətdə tətbiq edilməsinə nail olublar. Reallıqda isə Fransanın təşəbbüsü və dəstəyi ilə Ermənistanla bağlı “silahlandırma və hərbiləşdirmə mexanizmi” işə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının digər üzv dövlətlərindən də cəlb olunan hərbi yardımlar nəticəsində Ermənistan sürətlə silahlanır və silahlandırılır, onun 2025-ci il üçün müdafiə xərcləri 20 faiz artırılaraq 1,71 milyard dollar təşkil edəcək. Bu 3 il əvvəlki hərbi büdcə ilə müqayisədə 3 dəfə artım deməkdir. Regionda de-fakto sülh və sabitlik əldə edildiyi, sülh müqaviləsi üzərində substantiv danışıqların aparıldığı, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlərin irəlilədildiyi bir vaxtda müstəmləkəçi keçmişində qanlı hadisələr təcrübəsi olan Fransanın bu niyyətinin arxasında hansı məkrli plan dayanır?
R.Nəbiyev qeyd edib ki, eyni zamanda, bu etiraflar Fransanın Aİ-nin üzv dövlətləri arasında ikinci ən böyük deputat qrupu ilə təmsil olunduğu Avropa Parlamentində oktyabrın 24-də Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer alan qərəzin də haradan qaynaqlandığını tam aşkara çıxarır. “Avropa Parlamenti Avropa Sülh Fondunun Ermənistanın silahlı qüvvələrinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini alqışlayır, Ermənistan ilə Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə çağırış edir. Avropa Parlamenti bəzi üzv dövlətlərin Ermənistana hərbi dəstəyini yüksək qiymətləndirir və digər üzv dövlətlərdən də oxşar dəstək göstərməyi tələb edir. Azərbaycana münasibətdə isə Fransa Avropa Parlamenti vasitəsilə tələb edir ki, rəsmi Bakıya hərbi və təhlükəsizlik qabiliyyətinin möhkəmlənməsinə töhfə verə biləcək bütün texniki və maliyyə yardımı, eləcə də hərbi və təhlükəsizlik təchizatı ilə bağlı ixracat dayandırılsın.
BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə məsul olan Fransanın bu əməlləri Cənubi Qafqaz regionunda yeni münaqişə ocağını alovlandırmaq cəhdlərini sübuta yetirir. Əsl “düşmənçilik” və “aqressiv əməl” bunlardır. Bu əməllər təkcə Azərbaycana deyil, eyni zamanda, “unutmaq istəmədiyiniz” və “dəstəyinizi azaltmaq istəmədiyiniz Ermənistan və erməni xalqı”na da qarşı yönəlib.
Bu düşmənçiliyə və aqressiv əməllərə son qoymaq, regionun bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətləri bərpa və inkişaf etmək məhz Fransanın öz əlindədir”, - deyə deputat əlavə edib.
visiontv.az