"Format" olunmalı xalq...
"Format" olunmalı xalq...
18.01.2022 Bəybala Mirzəyev Tərəfindən

Ermənilər məhz indi tarixi seçimlərini etməlidirlər: ya elə indi köhnə xislətlərindən əl çəkib bizim də, özlərinin də önündəki "tıxac"ı açmalıdırlar, yadaki onlar ənənəvi irqçi-millətçi təfəkkürlərində qalıb yavaş-yavaş deqradasiyaya uğrayacaq və ümumiyyətlə, tarix səhnəsindən yox olacaqlar.

Ancaq işin tərs tərəfi də elə bundadır ki, ermənilər özlərini yeniləmək üçün güc tapa biləcəklərmi? Buna təpərləri çatacaqmı?

Nə yazıq ki, onlar özlərini yeniləmədikcə, bölgəmizə də hüzur gəlməyəcək. Cənubi Qafqazın normal bir bölgəyə, sabitlik adasına çevrilməsi hələ uzun müddət sual altında qalacaq.

Ermənilər bir toplum kimi, bir etnos kimi "format" olunmaq üçün özlərində güc tapmalı, çaba göstərməlidirlər. Hazırda erməni cəmiyyətinin müəyyən yenilikçi kəsimləri az da olsa buna cəhd göstərir.

Lakin Köçəryanların, Sərkisyanların, Ohanyanların uzun illər boyu formalaşdırdıqları faşist ruhlu-terrorçu və işğalçı zehniyyətli ermənilər və eləcə də "Daşnaksütyun" partiyası isə həmin yenilikçi qüvvələrə qarşı kəskin müqavimət göstərirlər. Sabiq prezident və Xocalı qatili Serjik Sərkisyanın partiyasının - "Respublika"  Partiyasının spikeri Eduard Şarmazanovun səsləndirdiyi son fikirlər də buna əyani sübutdur.

Şarmazanov Facebook səhifəsindəki son paylaşımında Paşinyan iqtidarının Ermənistan konstitusiyasındakı qonşu xalqlara qarşı aqressiyanı körükləyən bəzi məqamların, o cümlədən "erməni soyqırımı" ifadəsinin bu sənəddən çıxarılması istiqamətindəki təşəbbüslərini sərt tənqid edib.
Sitat:

“Rejim konstitusiya “islahatları” elan edib. Ermənistan konstitusiyasından ermənilərin “soyqırımı” ilə bağlı ifadə çıxarılacaq, ölkənin gerbi və himni dəyişdiriləcək. Bəs türklərlə bayraqsız danışıq aparan kapitulyantların “konstitusiya islahatları”nda məqsəd nədir? Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil.

Belə bir fikir var ki, islahatların məqsədi üçüncü Respublikanın  “kitab”ını bağlamaq və dördüncü “Respublika”nın “yeni” dövrünü elan etməkdir. Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır. Bununla paralel olaraq dövlət rəmzləri - himn və gerb dəyişdirilə bilər. İstisna etmirəm ki, gerbdən Ağrı dağı yığışdırılacaq”.
Şarmazanov belə yazır.

Onun bu açıqlamasından da göründüyü kimi Paşinyan iqtidarı həqiqətən də həm Ermənistanın dövlətçilik sistemini və fəlsəfəsini, həm də bütün erməni toplumunun dövlətçilik anlayışını kökündən dəyişmək, erməniləri qonşu xalqllarlla dinc və yanaşı yaşamağı bacaran yeni bir topluma çevirmək istəyir. Lakin onun bu istəyinə qarşı müqavimət hələlik olduqca güclüdür.

Əfsuslar olsun ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da belə bir qarışıq və mürəkkəb məqamda Paşinyanın "yeniləşmə" islahatlarına dəstək vermək əvəzinə, əksinə, həm Paşinyanı, həm də onun rəqiblərini (Köçəryan-Sərkisyan cütlüyünü) tənqid etməyə üstünlük verir. Bu qoca kaftar vaxtilə özü də erməni cəmiyyətinin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsinin vacibliyini tez-tez dilə gətirsə də və buna görə Paşinyana dəstək versə də, ancaq indi isə az qala Paşinyanın kölgəsini qılınclayır.

Levon Ter-Petrosyanın açıqlamasına nəzər yetirək:

“Nikol Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə onu ələ keçirməyə çalışır. Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə eyni üsullarlara hakimiyyəti ələ keçirməyə çalışır. Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi yeni fəlakətlərdir. Çıxış yolu tapmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür. Hazırda cəmiyyətin qalan hissəsinin vəziyyətə təsir rıçaqları yoxdur. Siyasi elm və informasiya sahəsində fəal aktyorlar demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir”.
Bax belə. Gördüyümüz kiimi köhnə "yenilikçi" Ter-Petrosyan da həlledici məqamda əvvəlki prinsiplərindən geri çəkillir və sadəcə "nə ət, nədəki balıq" prinsipi ilə bədbin açıqlamalar verməklə öz işini bitmiş sayır. Amma halbuki onun məhz indi Paşinyana dəstək verməsi Ermənistanın və erməni cəmiyyətinin yeniləşməsini hədəfləyən siyasi qüvvələrin bir xeyli dərəcədə güclənməsinə kömək edərdi.

Təəssüf ki, ötən gün Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın partiyası olan “Vətəndaş müqaviləsi” partiyasının sərhədlərin delimitasiya və demarkasiyası məsələsini müzakirəyə çıxarması da ənənəvi millətçi-revanşist müxalifət tərəfindən "top-tüfəng"lə qarşılandı. Bu müzakirəyə qoşulmayacaqlarını bəyan edən müxalifət partiyaları buna səbəb olaraq bildirdilər ki, "sərhədlərin delimitasiya və demarkasiyasının belə tələsik müzakirəyə çıxarılması Ermənistanın sərhədlərinin təhlükəsizliyini sual altına alır və “Artsax”ın itirilməsi anlamına gəlir".
Başqa bir misal. Ermənistan parlamentinin iclasında Paşinyanın komandasının əsas üzvlərindən biri sayılan vitse-spiker Akop Arşakyan bildirib ki, Ermənistan ilkin  şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır:  "Bizim mövqeyimiz dəyişməyib. Ermənistan sərhədləri açmağa və ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir".
Lakin Ermənistan müxalifəti isə sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması təşəbbüslərinə də kəskin müqavimət göstərir. Bu da köhnə erməni təfəkkürü ilə yeni erməni təfəkkürünün toqquşmasının və konfrantasiyasının bir hissəsidir.
Bütün bunlar bir daha onu göstərir ki, necə deyərlər, daş qayaya rast gəlib. Və ənənəvi müxalifət Paşinyanın Ermənistan dövlətçiliyini, erməni xalqını "format" eləmək, dəyişmək planları yolunda böyük bir "paz"a çevrilib. Ermənilərin bütün gələcək taleyi məhz bu "paz"ı çıxarıb tarixin küllüyünə tullamaqdan asılıdır.

Bir toplumun yeni dövrə transformasiya olunması, dəyişib inkişaf etməsi, əlbəttə, çox ağrılı prosesdir. Burda zaman amili də mühüm rol oynayır. Bu proses bir günün, bir ilin işi deyil. Yəhudilərin kölə psixologiyasından qurtulması üçün Həzrəti Musaya nə qədər gözləmək lazım gəlmişdi? 40 il.
Nəzərə alsaq ki, ermənilər yəhudilər kimi ağıllı və passionar millət deyil və üstəgəl, Paşinyan da Musa peyğəmbər deyil, o zaman ermənilərin "format" olunub, yenilənmə prosesi daha uzun çəkə bilər.

Bəs, Paşinyan necə, bunu bacaracaqmı?

Bunu da zaman göstərəcək. Bizim isə erməniləri gözləmək lüksümüz yoxdur.

Biz bir yandan ermənilərin islah olunması, normal və sivil topluma çevrilməsi prosesinə dəstək verməliyik, digər yandan isə bizim olan tarixi torpaqlarımıza yiyələnmək, sərhədlərimizi dəqiqləşdirmək, Laçın dəhlizinə nəzarəti əlimizə almaq, Zəngəzur dəhlizinin gerçəkləşdirilməsinə çalışmaq, Xankəndidə suverenliyimizi bərpa etmək istiqamətində işlərimizi ardıcıllıqla həyata keçirməliyik.

Bu işlər həyata keçirildikcə, ermənilər daha da yumşalacaq, hikkə və iddialarından əl çəkməyə məcbur olacaq. Erməni toplumu kimi toplumları islah etmək güc ən yaxşı tərbiyyə vasitəsidir. Tarixi təcrübə də bunu diktə edir. Ermənilər öz qarşılarında daim güclü Azərbaycan görməlidirlər.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Bəybala Mirzəyev

Visiontv.az