“Fiqaro”ya əsəbləşməyək...
“Fiqaro”ya əsəbləşməyək...
29.03.2024 Bəybala Mirzəyev Tərəfindən

Biz Fransanın qocaman qəzetlərindən olan “Le Fiqaro”nun Azərbaycan əleyhinə davamlı tənqidi, qərəzli yazılarına bir növü vərdiş etmişik, öyrəncəliyik. Bu qəzetin naşirləri və müxbir-yazar heyəti sanki Parisin Notr-Dam kilsəsində and içiblər ki, heç vaxt Azərbaycan haqqında yaxşı nəsə dərc etməyəcəklər.

Eybi yox, qoy, dərc etməsinlər. Biz buna da dözərik. Onsuz da Günəş “Fiqaro”suz da hər gün çıxır, yaşamımız “Fiqaro”nu oxumadan da öz axarı ilə davam edir.

Ancaq “Fiqaro”nun bu fotoşəkil ilə dərc olunmuş yazısına görə qəzetə əsəbləşmək əvəzinə, məncə, ona təşəkkür etməliyik.

Çünki “Dağlıq Qarabağın mövcudluğunun süqutu. Fransanın yerinə yetirilməyən vədlərinin xronikası” ("La disparition du Haut-Karabakh, chronique d'une promesse française intenable") kimi həm təmtəraqlı, həm də düşündürücü başlıq altında dərc edilən həmin məqalədə Azərbaycana qarşı növbəti dəfə qərəzli məqamlar yer alsa da, lakin “Fiqaro” bu məqalədə açıqlanan faktlarla bəlkə də özü də istəmədən Fransanı ifşa edib, Makron hökumətinin Azərbaycana qarşı çirkin siyasətini ortaya qoyub. Və nəticə olaraq Makronun anti-Azərbaycan planlarının iflasa uğradığını etiraf edib.

Odur ki, Yelisey sarayının (Fransa prezidentinin iqamətgahı) diktəsi ilə fəaliyyət göstərən və erməni lobbbbisindən maliyyələşən bu qəzetə imkan vermək lazımdır ki, hərdənbir Makronu bu cür rüsvayi-cahan eyləsin.

Bəybala Mirzəyev

visiontv.az