Əzmkarlıq və ya Türkiyə -Azərbaycan hərbi əlaqələrindən yarpaqlar-1-ci hissə
12.08.2020

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT-nin dörd məlum qətnaməsi ilə dünyaya bəyan edilərək kobud beynəlxalq hüquq pozuntusu kimi tarixə düşsə də, işğalçı heç bir siyasi-iqtisadi, hərbi təsirə məruz qalmamışdır.

Məhz belə yanaşmanın nəticə verməyəcəyi məlum olduğundan, günümüzdə Ukrayna hadisələri kimi münaqişələrin baş verməsi labüdlük qazanmışdır. Ermənistan tərəfindən işgal edilmiş Azərbaycan topraqlarının geri qaytarılmasının sülh və müharibə variantını nəzərdə tutan Azərbaycan məsələni masa arxasında həll etməyə çalışaraq, öz ordusunun döyüş hazırlığını artırmaq qayğısından bir an da geri durmur. Azərbaycan bu xətti yeridərək ikitərəfli və çoxtərəfli hərbi, siyasi əlaqələr olmadan, yəni müttəfiqlərsiz hərəkət etmənin çətin olacağı strategiyanı əsas tutaraq NATO ölkələri ilə, əsas da Türkiyəylə hərbi əməkdaşlığı inkişaf etdirir.

Qafqazda ayrı-ayrı ölkələrin geosiyasi maraqlarının doğurduğu təhdidlər, bölgədə yaşanan hadisələr, ortaq keçmiş, qardaşlıq və qonşuluq, iqtisadi, o cümlədən enerji sahəsindəki müştərək işlər Azərbaycanı Türkiyədən yana seçim etməyə sövq etməkdədir.

Azərbaycanın və türk dünyasının böyük lideri Heydər Əliyevin hakimiyyəti illərində sistemə salınan, qurulan ikitərəfli hərbi əməkdaşlıq İlham Əliyevin prezidentliyi dövründə də inkişaf etdirilərək strateji ortaqlıq səviyyəsinə çatmışdır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin işbirliyi atılan qəti addımlar və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində daha da möhkəmlənməkdədir.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına qısa nəzər yetirək: 9 fevral 1994-cü il – “Əməkdaşlıq və Qarşılıqlı Yardımlaşma Protokolu” ; 10 iyun 1996-cı il – “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında Saziş”; 31 oktyabr 1996-cı il – “Silahlı Qüvvələrə yardım heyəti üzvlərinin fəaliyyət və əməkdaşlığının əsaslarına aid Protokol”.

Bütün bunlar əsas verdi ki, 1997-ci ildə “Hərbi Əməkdaşlıq və Koordinasiya Qurumu” yaradılsın və planlı şəkildə addımlar atılmağa başlansın.

Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə sistemə salınan hərbi münasibətlər, onun davamçısı İlham Əliyevin prezidentliyi dövründə də inkişaf tempini qoruyub saxlamaqdadır. Azərbaycanın hazırkı ölkə başçısına ilk gündən Türkiyə tərəfindən bütün məsələlərdə dəstək olunacağı bəyan edilmişdir. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra Quru Qoşunları komandanı ordu generalı Aytaç Yalman 2003-cü ilin 23–25 oktyabrında Azərbaycanda səfərdə olmuş, hərbi əlaqələrin inkişafı müzakirə edilmişdir. Prezident İlham Əliyev də 13-15 aprel 2004-cü ildə Türkiyəyə ilk rəsmi ziyarətini gerçəkləşdirmiş, dövlət başçısı, baş nazir və baş qərargah rəisi ilə görüşüb müzakirələr aparmışdır.

İ. Əliyevin prezidentliyinə tuş gələn ilk Azərbaycan Silahlı Qüvvələri Gününün mərasim təntənəsinə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) seçkin bir heyətin təşrif buyurması olmuşdur. Bakıda İstiqlaliyyətin 86-cı ildönümü tədbirlərinə “Mehteran” bölüyü (tarixi Osmanlı hərbi orkestri) qatılmış, yürüşlər təşkil etmiş və konsert proqramı ilə çıxış etmişdir. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı təkcə ordunu deyil, digər hərbi qurumları da öz əhatəsinə almışdır. Belə ki, 2004-cü ildə Xüsusi Dövlət Mühafizə Xidmətində həyata keçiriləcək “Təhsil-tədris protokolu” imzalanmışdır.Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın 2005-ci il 29-30 iyun tarixlərində Azərbaycanı ziyarətinin ardınca Türkiyənin Müdafiə naziri Vecdi Gönül də Azərbaycana rəsmi səfərə gəlmişdir. Ziyarət əsnasında nazirlə birgə gələn hərbi topoqrafiya üzrə məsul zabit general-leyteant Ali Fuat Saraçla Azərbaycan topoqrafiya mütəxəssisləri arasında 20 iyul 2005-ci il tarixində topoqrafiya, geodeziya, kartoqrafiya, qravimetriya, uzaqdan hissetmə və coğrafi bilgi sistemlərinin yaradılması sahəsində qarşılıqlı əməkdaşlığı əks etdirən “Xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlığa dair anlaşma” imzalanmışdır. Beləliklə, Azərbaycan Müdafiə Nazirliyi ilə 2000-ci ildə imzalanan hərbi topoqrafiya sahəsində əməkdaşlıq daha da genişləndirilmişdir.

1993-cü ildən etibarən Naxçıvandakı 5-ci ordu korpusunun TSQ ilə əlaqələri yaranmış və maddi-texniki təminatın yüksəldilməsinə başlanmışdır. 22 mart 2001-ci ildə “Azərbaycan və Türkiyə Müdafiə Nazirlikləri arasında 5-ci ordu korpusunun inkişafına dair” Protokol imzalanmışdır. 3 fevral 2006 –cı ildə bu protokola “Ərzaq tədarükünün təşkil edilməsinə dair əlavə Protokol” daxil edilmişdir.

Azərbaycanın həssaslıq göstərdiyi balanslaşdırma siyasəti çərçivəsində iştirak etdiyi GUAM-da təşkilati dəyişikliyin baş verdiyi son zirvə toplantısını Rusiyanın diqqətlə izlədiyi bir vaxtda TSQ komandanı ordu generalı (Genelkurmay Başkanı) Hilmi Özkök 2006-cı ilin 29 iyununda Azərbaycana rəsmi görüşə gəlmiş, elə bu əsnada ona Azərbaycan Prezidenti tərəfindən “Şöhrət Ordeni” təqdim edilmişdir. Məhz həmin ildən etibarən Azərbaycan və Türkiyə arasında hərbi sahə üzrə keçirilən görüşlərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifəli şəxsləri də iştirak etmişdir. Yuxarıda qeyd edildiyi kimi, TSQ təkcə ordu ilə əlaqələrin qurulmasına səy göstərməmişdir.

5-7 dekabr 2006-cı ildə Jandarma Baş komandanı ordu generalı Işık Koşaner Bakıda Azərbaycanın Müdafiə naziri ilə görüşərək, Bakı-Ceyhan neft kəməri xəttinin istifadəyə açılmasının bölgənin strateji önəmini daha da artırdığını, bu səbəbdən də xəttin təhlükəsizliyinin təşkil edilməsinin ayrıca önəm daşıdığını və hər iki dövlətin bu məsələdə hazırlıqlı olmasının şərt olduğunu vurgulamışdır.

Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı önəmli bir irəliləyişlə bərabər, bəzi vaxtlarda bu məsələ ilə bağlı xüsusi intensivlik yaşanmışdır. 2007-ci ildə intensivliyin çox olduğu, hərbi baxımdan önəmli hadisələrin yaşandığı bir il olmuşdur. 5-6 fevral 2007-ci ildə Azərbaycanın Müdafiə naziri Türkiyəyə dəvət almış, prezident A.N.Sezər, Baş nazir R.T.Ərdoğan, Müdafiə naziri Vecdi Gönül və Baş Qərargah rəisi Y.Böyükanıt ilə görüşlər keçirmişdir. Təxminən 20 gün sonra TSQ-nin yüksək rütbəli zabiti (Genelkurmay II. Başkanı) Ergin Saygun Azərbaycanı ziyarət etmiş, dövlət başçısı İlham Əliyev və diğər məsul şəxslərlə vacib görüşlər keçirmişdir. 10 gün sonra Quru Qoşunları komandanı İlker Başbuğun Azərbaycana ziyarəti gerçəkləşmişdir. 22-25 may 2007-ci ildə isə 8-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri yenə Türkiyədə olmuşdur.

Ordu generalı Ergin Saygunun Azərbaycana 26 fevral – 1 mart 2007-ci ildəki ziyarəti enerji təhlükəsizliyi çərçivəsində böyük önəm daşımışdır. Ordu generalı Saygun müdafiə sahəsində Türkiyə-Azərbaycan münasibətlərinin daha da güçləndirilməsi məsələsində qərarlı olduqlarını, Azərbaycan və TSQ arasındakı əməkdaşlığın əsaslı proqramlar çərçivəsində davam edəcəyini ifadə etmişdir.

Ziyarət çərçivəsində Türkiyə Cümhuriyyəti Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında “Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) İclasının keçirilməsinə dair vəzifə Təlimatı” imzalanmış, əməkdaşlıqla bağlı ortaq komissiya yaradılmışdır. Hərbi əməkdaşlıq məsələləri, bu təlimata istinadən iki ölkənin yüksək səviyyəli hərbi mütəxəssislərinin nəzarəti altında hər il “Siyasi-hərbi”, “Müdafiə Sənayesi” və “Arxa cəbhə” başlıqları altında müştərək gözdən keçirilməyə və inkişaf etdirilməyə başlanmışdır.

YSHD toplantılarına qədər Türkiyə-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələləri daha çox həyata keçirilən yüksək səviyyəli ziyarətlərlə yadda qalmışdır.

Quru Qoşunları komandanı ordu generalı İlker Başbuğ Azərbaycan Müdafiə nazirinin rəsmi dəvəti ilə 6-7 mart 2007-ci ildə Azərbaycana ziyarətə gəlmişdir. Ziyarətdən sonra 2007-ci ilin 12 martında “Naxçıvandakı 5-ci ordu korpusunun inkişaf etdirilməsinə dair” yeni bir protokol imzalanmışdır.

 

2007-ci ildə daha da artan bu ziyarətlər Rusiyanın “Yaxın Əhatə Doktrinası”na uygun olaraq bölgədə təsir yaratmağa çalışdığı, neft gəlirlərinin coxaldığı, bunun sayəsində müdafiə büdcəsini qat-qat artırdığı, enerjini bir təhdid ünsürü kimi istifadə edərək boru xətlərinin Türkiyədən keçməsini əngəlləməyə çalışdığı bir vaxtda baş verirdi. ABŞ-ın isə Rusiyanı şimala doğru sıxışdıraraq Cənubi Qafqazdan çıxarmaq, enerji qaynaqları və boru xətlərini nəzarət altına almaq, Bolqarıstan və Rumıniyada yerləşmək, bu ölkələrlə bərabər Gürcüstanı da ələ alaraq Qara dənizdə təsirli olmağa çalışması artıq ortada idi. Bütün bunlar, Amerikanın Qara dəniz hövzəsi ölkələrində meydana gələn “cəhrayı” inqilablar vasitəsilə bölgədə söz sahibi olmağa çalışdığı, Qərbin və İsrailin mənfəətlərindən çıxış edərək Bakı-Tbilisi-Ceyhan (BTC) boru xəttini dəstəklədiyi, ancaq Bakı-Tbilisi-Qars (BTK) dəmiryolunun çəkilməsinə mane olduğu, ABŞ-İran münasibətlərinin gərginləşdiyi, Rusiyanın İranı dəstəklədiyi və bununla da ABŞ-ın hərəkətini məhdudlaşdırmağa çalışdığı, Azərbaycanın 2012-ci ildə istifadə dövrü başa çatacaq olan Qəbələ RLS-in Rusiya tərəfindən istifadə müddətini uzatmaq niyyətində olmadığını göstərməsi və s. təhlükəsizliklə bağlı kritik məsələlərin yaşandığı bir dönəmdə gerçəkləşmişdir. Beləliklə, Türkiyədən edilən ziyarətlərin bölgədə tarazlıq siyasəti izləməyə çalışan Azərbaycana güç və dəstək mesajı daşıdığı, ən azından motivasiya aşıladığı açıqdır.

İki ölkə arasında siyasi sahədə istər müsbət, istərsə də mənfi hadisələr yaşanmasına baxmayaraq, hərbçilər arasında münasibətlər daim yaxşı istiqamətdə olmuşdur.

Təhlükəsizlikdə strateji ortaqlıq

“Yüksək Səviyyəli Hərbi Dialoq” (YSHD) iclasının ikincisi Türkiyə Baş Qərargahı, qoşun növü komandanlıqları, Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin nümayəndələrinin iştirakı ilə 22-25 dekabr 2008-ci ildə Bakıda baş tutmuşdur. Tədbirdə hərbi-siyasi problemləri əhatə edən məsələlər mövcud və potensial əməkdaşlıq müzakirə olunmuşdur.

Rusiya Federasiyasını liderliyi ilə 7 MDB ölkəsinin 2009-cu ilin fevralında kollektiv hərbi güç yaradılmasıyla bağlı anlaşma imzalaması hazırda müstəqil olan keçmiş Sovet dövlətləri üçün yeni bir təhdid kimi şərh olunmuş, Azərbaycanın Türkiyə ilə qarşılıqlı hərbi yardım anlaşması imzalamasının lazımlılığı Azərbaycan KİV-lərində gündəmə gətirilmişdir. Bu hadisələrdən sonra Naxçıvan Muxtar Respublikası Milli Məclisinin sədri Vasif Talıbovun Türkiyəyə gedişinin Rusyanın Ermənistanda yerləşdirdiyi hərbi bazasına qarşı Naxçıvanda hərbi baza qurulmasıyla bağlı olduğu fikri yayılmışdır. Dövlət Sərhəd Xidmətindən (DSX) olan heyətin 22–24 iyul 2010-cu ildə Ankaraya gəlişinin ardınca Türkiyə Müdafiə Sənayesi müşaviri Murat Bayar rəhbərliyində nümayəndələr 26 iyulda Bakıda DSX komandanlığı ilə görüşmüşdür. Müdafiə Sənayesi müşaviri iki həftə sonra Azərbaycanı ziyarət edərək Azərbaycan Müdafiə Sənayesi naziri, DSX-nin rəisi, Müdafiə naziri və Baş Nazirin birinci müavini ilə görüş keçirmişlər.

Türkiyənin müdafiə sənayesini təmsil edən səlahiyyətli şəxslərin ziyarətlərinin çoxaldığı 2010-cu ildə Azərbaycan-Türkiyə hərbi münasibətləri prizmasından iki önəmli hadisə baş vermişdir: “Strateji Ortaqlıq və Qarşılıqlı Yardım Anlaşması (SOQYA)” imzalanmışdır. Bu anlaşmada tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın baş planı hazırlanmışdır. İstanbulda həyata keçirilən türkdilli ölkələrin dövlət rəhbərlərinin 10-cu Zirvə toplantısında 2 ölkə arasında “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılması haqqında birgə Bəyannamə” yazılmasına dair ortaq bəyannamə” imzalanmışdır. “SOQYA” və Strateji Əməkdaşlıq Şurası qurulmasına dair sənədlər ikili münasibətlərin dərinləşməsinə zəmin yaratmışdır.

SOQYA hüquqi məsələləri təkmilləşdirməklə YSSƏŞ-in qurulması ilə iki ölkə arasında əldə edilən anlaşmaları həyata keçirəcək, alınan qərarların sıx nəzarətçisi olacaq bir mexanizm yaratmışdır. Beləliklə, 2007-ci ildə hərbçilər arasında yaradılan “YSHD İclasları” mexanizminin üst tavanını formalaşdıracaq siyasi-hərbi səviyyə də məlum olmuşdur. YSSƏŞ ölkəni idarə edən yüksək vəzifəli şəxsləri ildə bir dəfə olmaqla masa başına toplayaraq daha öncə alınmış qərarların hansı həll mərhələsində olduğunu gözdən keçirməyə və gərək olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və lazımi ehtiyacların təsbit edilib, mütəmadi davam etməsi vurğulanan YSHD iclaslarında, səlahiyyət yaradan direktivlər çərçivəsində hərbi əməkdaşlığın möv¬cud durumunu gözdən keçirməyə və münasibətlərin inkişaf etdirilməsi üçün zamanında la-zımi tədbirləri görməyə təşviq etməkdədir. Fəaliyyətlərin bilinən proqram və təqviminin planlaşdırma və icra ilə məşğul olan şəxsi heyəti gərgin işə cəlb edəcəyi, əməkdaşlığın davamlı və nizamlı inkişafını təşkil edəcəyi açıq-aydındır. Bu baxımdan Türkiyə-Azərbaycan ikitərəfli hərbi əməkdaşlığının müntəzəmliyi ancaq 2010-cu ilin sonundan etibarən daha sağlam bir məcraya yönəlmişdir, desək yanlış olmayacaqdır. Başqa bir ifadəylə, müstəqillikdən sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında 2010-cu il qarşılıqlı iş birliyi baxımından müntəzəmlik və qət edilən məsafəyə görə bir zirvə ili olmuşdur.

İki ölkə arasında SOQYA imzalanmasından sonra ikitərəfli toplantılar çoxluq qazanmışdır. Türkiyənin Müdafiə naziri Vecdi Gönül məhz zirvə ilində 3-6 noyabrda Bakıda, Azərbaycan Prezidenti, Baş nazir, Müdafiə naziri, Müdafiə Sənayesi naziri və DSX komandanı ilə görüşmüşdür. Görüşmələr əsnasında Türkiyə Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında gələcəkdə ortaq fəaliyyətlər həyata keçirilməsinə dair qərarlar alındığı, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının güçləndirilməsinin vacibliyi, əvvəlki illərə nisbətən Müdafiə Sənayesi sahəsindəki münasibətləri daha da dərinləşdirən bəzi layihələrin müzakirə edildiyi, Dövlət Sərhəd xidməti ilə hərbi texniki əməkdaşlığın gələcəkdəki vəziyyətinin müzakirəsi bizə bəllidir. Vecdi Gönül iki ölkə arasında hərbi müttəfiqlik anlaşmasının imzalanmasına dəstək verəcəklərini, Azərbaycanla bütün sahələrdə çalışmağa hazır olduqlarını açıqlamışdır.

Türkiyə Müdafiə nazirinin Bakı ziyarəti ərəfəsində Naxçıvanda Türkiyənin hərbi bazasının qurulması ilə bağlı xəbərlər gündəmə gəlmişdir.

2011-ci il də hərbi dialoq ili olmuşdur. Bu ilin ilk ziyarətini (17-18 yanvar 2011) Türkiyə Jandarma Baş komandanı ordu generalı Necdet Özel Bakıya gələrək gerçəkləşdirmişdir. Baş Qərargah rəisi kimi də N. Özel ilk səfərini qardaş ölkəyə etdiyindən böyük sevinc duyduğunu, buranı ikinci vətən olaraq gördüyünü və Türkiyədəki gənçliyi də bu ruhda tərbiyə etdiklərini, Azərbaycan ordusu və Jandarma Qüvvələrinin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini ifadə etmişdir.

2011-ci ildə (7-9 aprel) gündəmdə olan xəbər kimi Azərbaycan Müdafiə nazirinin Ankaraya getməsini söyləmək olar. Həmin təqvimdəki açıqlamasında Vecdi Gönül,- "Müdafiə sənayesi, hərbi təhsil, təlim kimi məsələlər görüşmələrdə ön plana çıxacaqdır" –demişdir. Türkiyənin Müdafiə naziri Vecdi Gönülün görüşmənin KİV-ə açıq hissəsində iki ölkənin hərbi məsələləri arasında öncə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək məramını dilə gətirməsi və müzakirə olunacağını bildirməsi diqqət çəkmişdir.

Türkiyə Quru Qoşunları komandanı ordu generalı Erdal Ceylanoğlu 18-20 apreldə (2011-ci il) Azərbaycana ziyarətə gəlmişdir. 15-25 mayda (2011-ci il) planlaşdırılan ABŞ-Azərbaycan ortaq hərbi təliminin “bəzi səbəblərə görə” naməlum bir tarixə keçirildiyi də tam olaraq Ceylanoğlunun ziyarətinə tuş gələn günlərdə təsdiqini tapmışdır. Bu vəziyyət eyni zamanda Azərbaycan-Türkiyə hərbi münasibətlərini israrla Azərbaycan-NATO hərbi münasibətlərinin mutləq bir parçası kimi qəbul etdirmək istəyənlərə də (bunun belə olmadığı yöndə) mesaj olmuşdur. Əlbəttə ki, əlaqələr səngiməmişdir. 10-13 mayda İstanbulda keçirilən “İDEF-2011” müdafiə sərgisində Azərbaycan Müdafiə və Müdafiə Sənayesi Nazirliyindən, Sərhəd Xidmətindən heyətlər iştirak etmişdir.

Quru qoşunlarının EDOK (Təlim, Tədris və Doktrina Komandanlığı) komandanı ordu generalı Saldıray Berk 29 may–3 iyun 2011-ci ildə Azərbaycanı ziyarət etmişdir. Ordu generalı S.Berkin ziyarəti “Rusiya ilə 49 illik hərbi anlaşma imzalayan Ermənistana və hamisi Rusiyaya sinə gərə bilmək üçün Azərbaycanın NATO dövləti olan qardaş Türkiyə ilə daha sıx hərbi əməkdaşlığa getməsinin zəruri olmasının altını cızmışdır”. Həmin ərəfədə hərbi ekspert A.İsazadə də Türkiyə hərbi dairələrini təmsil edən şəxslərin səfərlərinin artmasını faydalı saymış, Türkiyə ordusunun Azərbaycan torpaqlarının azad olunması məsələsində kənarda qalmayacağını, ancaq hansı formada iştirak edəcəyini isə zamanın göstərəcəyini bildirmişdir”.

Türkiyənin Müdafiə naziri 2011-ci il, 12–14 oktyabrda qardaş ölkəyə daha bir görüşə gəlmişdir. Ziyarətlə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc: –“Türkiyənin yüksək vəzifəli hərbi kadrlarının Azərbaycan SQ-nin inkişafında və yenilənməsində yer almasını çox istərdim. Bu bağlamda Türkiyə Müdafiə nazirinin Azərbaycana ziyarətindən çox şeylər gözləyirəm” -demişdir.

Türkiyə-Azərbaycan YSSƏŞ İclası iki ölkə liderləri və müdafiə nazirlərinin də iştirakı ilə 25 oktyabr 2011-ci il tarixində İzmirdə keçirilmişdir.

Türkiyə-Azərbaycan Hərbi Hava Qüvvələrinin İkitərəfli Hərbi Əməkdaşlıq Toplantısı 5-8 dekabr, dördüncü YSHD İclası 11-14 dekabr 2011-ci il tarixlərində Bakıda baş tutmuşdur.

2012-ci ilin birinci yarısı da hərbi ziyarətlər baxımından sıx olmuşdur. TSQ komandanı ordu generalı N. Özel 6-9 fevral 2012-ci ildə Azərbaycanı ziyarət etmiş, 7 fevralda Azərbaycan Prezidenti və Müdafiə naziri, 8 fevralda isə Azərbaycanın Baş naziri, Milli Məclisin sədri, Daxili İşlər naziri və Daxili Qoşunların komandanı ilə görüşmüşdür.

Azərbaycan Müdafiə naziri ilə görüşdə Qarabağ münaqişəsi haqqında məlumat verən nazir, ATƏT-in Minsk Qrupunun apardığı işlərin müsbət nəticə vermədiyinə diqqət çəkərək, Azərbaycan ordusunun hər gün daha da güçləndiyini bildirmişdir. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsinin lazımlılığı vurğulanmış, bu baxımdan ikitərəfli hərbi əməkdaşlığın NATO çərçivəsində müsbət qəbul olunduğundan söz açılmışdır.

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Hayri Kıvrıkoğlu və heyəti 5–8 iyun 2012-ci ildə Azərbaycanı ziyarət etmişdir. H. Kıvrıkoğlunun Azərbaycan ziyarəti davam edərkən Azərbaycan Daxili İşlər naziri Ramil Usubovun Türkiyədə şəhid minbaşı (mayor) Ercan Kurtun dəfn mərasimində iştirakı önəmli bir simvolik göstərici olmuşdur. H.Kıvrıkoğlunun Müdafiə naziri ilə keçirdiyi görüşdə hərbi təhsil sistemində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması görüşmənin əsas məsələlərindən biri kimi diqqəti cəlb edir.

H. Kıvrıkoğlunun ardınca 10-13 iyunda Türkiyə Jandarma Baş komandanı ordu generalı Bekir Kalyoncu, 19-22 iyunda isə Sahil Mühafizə komandanı vitse-admiral Serdar Dülgerin Azərbaycana ziyarəti baş tutmuşdur. Xüsusilə son üç ziyarətin Ermənistanın Azərbaycana qarşı təxribatlarının çoxaldığı və İrandan Azərbaycana hücum xarakterli bəyanatların və hərbi təhdidlərin artdığı dönəmdə baş verməsi səbəbindən Azərbaycan KİV-ində bu səfər Türkiyənin dəstəyi kimi şərh olunmuşdur.

Jandarma Baş komandanı ordu generalı B. Kalyoncu, 10–13 iyun 2012-ci ildə Azərbaycanı ziyarət etmiş, Daxili İşlər naziri, Müdafiə naziri və Daxili Qoşunların komandanı ilə görüşmüşdür. Daxili İşlər naziri Ramil Usubovla görüşdə nazir müstəqilliyin əldə edilməsindən sonra ölkənin qazandığı ən böyük dəyərlər arasında qardaş Türkiyə ilə əlaqələrin inkişafının öndə gəldiyini, DİN tərəfindən Türkiyəyə təhsil alması üçün 470-dən çox tələbənin göndərildiyini, Türkiyə Jandarma komandanlığının Azərbaycan Daxili Qoşunlarına arxa cəbhə təminatında və kadr yetişdirilməsində böyük dəstək olduğunu ifadə etmişdir. B. Kalyoncu isə Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsini xatırladaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, Azərbaycan Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklərini və ikitərəfli əməkdaşlığın hər iki xalqın maraqlarına xidmət edəcəyini söyləmişdir.

"Sabah" qəzetində yer alan bir xəbərdə iyun ayındakı ziyarətlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivlərinin müzakirə edilərək, ikitərəfli birgə təlimlər və Azərbaycanın hərbi vasitələrinin Türkiyə tərəfindən təkmilləşdirilməsini də nəzərdə tutan on dörd razılaşmanın imzalanacağını, müqavilələrin üçünün iki ölkənin Sahil Mühafizə və üçünün Jandarma Baş komandanlığı, səkkizinin isə Quru Qoşunları arasında imzalanacağı, komandirlərin Azərbaycan hərbi məktəblərini bitirmiş zabit kontingenti arasından seçilməsi istiqamətində müzakirələr aparılacağı yazılmışdır.

Ard-arda ziyarətlərlə əlaqədar mətbuat yazırdı ki, bu İrana bir mesaj mahiyyəti daşıyır. Eyni dövrdə Azərbaycanda daxili təhlükəsizliyə məsul olan Daxili İşlər naziri Ramil Usubovun da 10 il aradan sonra Ankaraya getməsinin bir təsadüf olmadığı, TSQ rəhbərliyinin Azərbaycana səfərinin İran-Azərbaycan münasibətlərində yaşanan gərginliklə əlaqəsi olduğu, gərginləşən İran-Azərbaycan əlaqələri fonunda Azərbaycana dəstək vermək məqsədi daşıdığı, İran-Azərbaycan münasibətlərinin ən gərgin günlərində prezident İlham Əliyevin NATO-nun Çikaqo sammitində Türkiyəli həmkarı Abdullah Güllə bir araya gəldiyi, Türkiyəli generalın Bakıda söylədiyi -"Türkiyə ordusu Azərbaycan ordusu ilə ət-dırnaq kimidir” sözlərinin də İrana bir mesaj daşıdığı, İranın Azərbaycana qarşı hərbi təxribatlara əl atdığı təqdirdə qarşısında Türkiyə ordusunu tapacağı, ancaq bu şəkildə dəstək nümayişlərinin kafi olmadığı, Azərbaycanın Türkiyə ilə daha ciddi ittifaq qurması lazım olduğu ifadə edilmişdir.

Bəzi qəzetlərdə isə Azərbaycanla Ermənistan arasındakı gərginliyin ictimai mediada döyüşə çevrildiyi və belə böhranlı bir dövrdə TSQ-dən bir-birinin ardınca iki qoşun növü komandanının Bakıya gəlməsinin diqqət çəkdiyini, ziyarətlərin Ankaranın İrəvana hərbi baxımdan verdiyi mesajlar olaraq qiymətləndirildiyini yazmışdır. Qəzet, ayrıca ziyarətləri sırasında B. Kalyonçunun da H. Kıvrıkoğlu kimi son dövrdə təmas xəttində meydana gələn və hər iki tərəfdən 8 əsgərin ölümünə səbəb olan qarşıdurmalarla Azərbaycanın atəşkəsin pozulmaması üçün gördüyü tədbirlərlə bağlı məlumat alacağını, bu çərçivədə Kalyonçunun Bakıdan kənarda Azərbaycan ordusunun kritik nöqtələrdəki birliklərini də ziyarət etməsinin gözlənildiyini yazmışdır.

YSSƏŞ-in II İclası 11 sentyabr 2012-ci ildə Qəbələdə keçirilmişdir. Ziyarət əsnasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla bərabər təşrif buyuran altı nazir arasında Müdafiə naziri İsmət Yılmaz da olmuşdur. İki ölkə arasındakı siyasi əlaqələrlə hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcəyə istiqamətli əməkdaşlıq imkanlarının araşdırıldığı , Azərbaycanla Türkiyə arasında 8 sazişin imzalandığı yığıncaqda Türkiyənin Baş naziri iki ölkə arasındakı hərbi, siyasi və mədəni əlaqələrin beynəlxalq səviyyədə də ciddi bir həmrəylik içində davam etdirildiyini bildirmişdir.

2012-ci ilin noyabr ayında Ankara yaxınlığında Türkiyə, Azərbaycan və Gürcüstan əsgərlərinin iştirakı ilə "Qafqaz Qartalı – 2012" adlı hərbi təlim həyata keçirilmişdir.

"Türkiyə-Azərbaycan YSHD iclası" 17-21 dekabr 2012-ci il tarixləri arasında Türkiyədə baş tutmuşdur. Burada iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Türk dünyası ölkələrinin hərbi statuslu hüquq-mühafizə qüvvələri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə, Türkiyənin başçılığı ilə FİEP-ə (Fransa-İtaliya-İspaniya-Portuqaliya Hərbi statuslu hüquq-mühafizə qüvvələri) bənzər bir təşkilatın qurulması çərçivəsində 2011-ci ildə bir çalışma başladılmışdır. “Avrasiya hərbi statuslu hüquq-mühafizə qurumları assosiasyası” adlandırılan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Monqolustan kimi beş ölkənin üzv olduğu təşkilatın qurulması ilə bağlı mövzularda ortaq razılığa gəlmişlər.

21 noyabr 2012-ci ildə Ankarada imzalanmış "Azərbaycan, Türkiyə və Gürcüstan dövlətləri arasında xüsusi təyinatlı qüvvələrin "Qafqaz Qartalı kiçik miqyaslı komando təlimi keçirilən ölkənin dəstək şərtləri haqqında" razılaşma memorandumunun təsdiqi ilə bağlı fərman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin fevral ayının əvvəlində imzalanmışdır.

Azərbaycan Müdafiə Nazirliyi ilə 2000-ci ildə imzalanan "Müdafiə Sənayesində Əməkdaşlıq" sazişi, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi qurulduqdan sonra 2013-ci ildə bu nazirlik ilə imzalanmışdır.

4 iyul 2013-cü ildə Bakıda, eyni il 6 iyulda isə Ankarada imzalanmış "Manevrlərin icrası və ev sahibi ölkənin dəstəyi haqqında razılaşma memorandumu" Türkiyə Cümhuriyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənərək rəsmi qəzetlərin birinin 12 iyul 2013-cü il tarixli sayında nəşr edilmişdir. Azərbaycan prezidenti İlham Əliyev də sözü gedən razılaşma memorandumunu 25.07.2013-cü ildə təsdiq etmişdir.

Memoranduma görə, təlimlər bir il Türkiyədə və bir il Azərbaycanda olmaqla növbəli keçiriləcəkdir. Memoranduma uyğun olaraq 2013-ci ildən etibarən ildə bir dəfə olmaqla Türkiyədən bir qrup və Azərbaycandan da bir mexanikləşdirilmiş piyada taborunun iştirakı ilə ortaq təlimlərin keçirilməsinə başlanmışdır. İlk təlim olan Quru qoşunları üzrə Türkiyə-Azərbaycan Birgə Tabor Təlimi, iki ölkənin quru qoşunları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə 12-28 iyul 2013-cü il tarixləri arasında hərəkət və atışlarla Bakı və Naxçıvanda eyni vaxtda keçirilmişdir. Təlimin Bakıda icra edilən hissəsinə bir piyada bölüyünün, Naxçıvan şəhərində icra edilən hissəsinə isə bir mexanikləşdirilmiş piyada komandasının iştirakı təmin edilmişdir.

Təlimin “Qaraheybət Təlim Mərkəzində” keçirilən açılış mərasimində Müdafiə Nazirliyi rəsmiləri qeyd etdi ki, ilk dəfə keçirilən iri miqyaslı ortaq təlim hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə və 2012-ci ildə isə Qəbələdə keçirilən YSSƏŞ iclasında qəbul edilmiş qərarların nəticəsidir. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyi, ordumuzun döyüş qabiliyyətinin artırılması, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından çox əhəmiyyətli olduğu, ortaq manevrlərin bundan sonra da hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcəyi ifadə edilmişdir.

2013-cü ildə ortaq keçiriləcək təlim Azərbaycan-Türkiyə münasibətlərində əhəmiyyətli bir hadisə olaraq tarixdəki yerini alacaq. Çünki döyüş olmasa da Qafqaz İslam Ordusunun 1918-ci il Dağıstan və Bakı hərəkatından sonra bu təlim türk əsgərinin birlikdəliyi çərçivəsində kadr, silah-sursat, nəqliyyat vasitələrilə bərabər Azərbaycana gəldiyi tarixi bir təkrar olmuşdur.

Ortaq təlim keçirilməsi Azərbaycan mətbuatında "Azərbaycan və Türkiyə birgə ordu meydana gətirməyə başladı" xəbərlərini yenidən gündəmə gətirmiş, bu xəbərlərdən Rusiyanın narahat olduğu iddia edilmişdir.

Hərbi jurnalist- Zakir Hüseynov

Visiontv.az