Ermənistanın "gizli qisas müttəfiqləri "- Aydın Quliyev
26.02.2021

Azərbaycan prezidentinin xəbərdarlığı....

Hadisələr göstərir ki, revanşizm Ermənistan üçün tək daxili yox, həm də xarici siyasət məsələsinə çevrilməkdədir. Yəni Azərbaycandan qisas almaq üçün yenidən toparlanmaq və gücə çevrilmək siyasətinə ölkənin içində dəstək verilməsi ilə bərabər xaricdən də bu işdə maraqlı qüvvələr var və hərəkətə keçiblər. Azərbaycan Prezidentinin çox geniş informasiya mənbələrinə çıxış imkanına malik olması yəqin heç kimdə şübhə doğurmaz. Azərbaycan prezidenti bir neçə gün əvvəl müttəfiqlərinin Ermənistanı hərbi cəhətdən yenidən dirçəltməyə çalışdıqları barədə məlumat aldığını açıq söylədi və haqlı olaraq " Müharibə bitib.Ermənistan kimə qarşı silahlanır? Faşist dövlətin ordusu olmamalıdır" kimi mühakimələr irəli sürdü.Aydın görünür ki, Ermənistanda daxili revanşistlərin beynəlxalq havadarları da fəallaşıblar. Bu o deməkdir ki, regionda böyük çətinliklə bərqərar edilmiş sülhə qarşı Ermənistanın tərəfində bloklaşan qüvvələr var.

Ermənistanın yenidən və həm də müasir texnikalar üzərində silahlanmaqda hansı məqsədi güddüyü məlumdur. Erməniçilik şüurunda azı 120 il hegemonluq etmiş zəhərli ideologiyanın 44 günlük bir müharibə ilə tam silinib getdiyini düşünmək düz olmazdı. Bu zəhər hələ çox yaşamağa və bir çox erməni nəsillərinin şüurlarını zəhərləməyə çalışacaq. Ona görə də Ermənistanda revanşizm proseslərinin beynəlxalq müttəfiqlərlə birləşməsi barədə işarələrə çix ciddi yanaşılmalıdlr. Hitlerin 1-ci dünya müharibəsindən sonra açıq revanşa hazırlaşmasının sükutla qarşılanmasının sonda dünyanı nəyə gətirdiyini unutmayaq. Oxşar təhlükənin bir az kiçik miqyasını bizim regiona Ermənistan nə vaxtsa gətirə bilər.

Bəs Ermənistan faşizminin yeni hərbi dirçəlişində maraqlı olan "  müttəfiqlərin " məqsədi nədir? Hədəf təkcə Azərbaycanla Türkiyə deyil. Bu böyük təhlükənin qarşısının alınmasında Azərbaycan və Türkiyədən, Mərkəzi Asiya ölkələrindən daha çox Rusiya maraqlı olmalıdır. Çünki söhbət Rusiyanın cənub cinahında hələ tam söndürülməmiş müharibə ocağını yenidən körükləməkdən gedir...

Visiontv.az