Ermənistanda seçki kampaniyasının əsas istiqamətlərini 44 günlük müharibənin nəticələri təşkil edəcək
Ermənistanda seçki kampaniyasının əsas istiqamətlərini 44 günlük müharibənin nəticələri təşkil edəcək
16.04.2021 Elçin Mirzəbəyli Tərəfindən

Ermənistan Təhlükəsizlik Şurasıi keçmiş qərargah rəisi Onik Qasparyanın ittihamlarına cavab olaraq, bəzi məxfi sənədlərdən çıxarışları açıqlayıb.

Təhlükəsizlik Şurasının bununla bağlı yaydığı açıqlamada, Onik Qasparyanın iddialarına rəğmən, o, iyunun12-də silahlı qüvvələrdə, ölkədə və bölgədəki vəziyyətlə bağlı baş nazir Nikol Paşinyana hər hansı bir hesabat təqdim etməyib. Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında deyilir:

“Daha sonra Onik Qasparyan bəyan edir: “Müharibənin dördüncü günündə mən Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, vəziyyətlə bağlı silahlı qüvvələrin qiymətləndirməsini, itkilərimiz haqqında məlumatı təqdim etdim və bildirdim ki, yaxın 2-3 gün ərzində müharibənin dayandırılması üçün tədbirlər görmək lazımdır. Əks təqdirdə, əgər hərbi əməliyyatlar indiki intensivliklə davam edərsə, qısa müddət ərzində resurslarımız tükənəcək, ötən hər gün danışıqlar prosesi üçün daha əlverişsiz vəziyyətlə qarşılaşacağıq”. Bununla bağlı, Onik Qasparyanın 30.09.2021-ci il tarixli hesabatından bəzi çıxarışları təqdim edirik: “Cənab Baş nazir, mahiyyət etibarilə vəziyyət taktiki cəhətdən dəyişməyib, yəni düşmən irəliləməyib... Bütün hallarda ordu tapşırıqları icra edəcək. Səhər Cəbrayıl istiqamətindən bir o qədər də böyük olmayan əks-hücum həyata keçirdik və uğur əldə etdik”. Çıxışının sonunda Qasparyan vurğulayır: “Vəziyyət belədir, biz öz vəzifəmizin icrasına davam edirik və sonadək tapşırıqları yerinə yetirəcəyik”. Bu xüsusda Təhlükəsizlik Şurasının 21.08.2020-ci il tarixli iclasının protokolundan bəzi çıxarışları təqdim edirik. Həmin iclasda Onik Qasparyan deyir: “Şərq və şimal-şərq istiqamətlərində mövcud qüvvə və imkanlarımızla “bir addım da geri çəkilməmək” prinsipi ilə düşmənin hücumunun qarşısını ala, hərbi qruplaşmalarını darmadağın edə bilərik. Mən problemlərin əhəmiyyətli hissəsinin həllini könüllü dəstələrin yaradılmasında görürəm”.

Qeyd edim ki, ötən ilin avqust ayının sonlarında Ermənistanda könüllü dəstələrini yaradılması barədə qərar qəbul edilmiş və bununla bağlı parlamentə müvafiq qanun layihəsi təqdim olunmuşdu. Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasından bəlli olur ki, bu təklif sabiq qərargah rəisi tərəfindən irəli sürülüb.

Ermənistan Təhlükəsizlik Şurasının ictimailəşdirdiyi protolollardan çıxarışlar isə belə düşünməyə əsas verir ki, Onik Qasparyan real vəziyyətlə bağlı baş nazirə yalan məlumatlar verib, ya da onun özü rəhbərlik etdiyi silahlı qüvvələr haqqında dəqiq məlumata malik olmayıb. Yəni Ermənistan uzun illərdən bəri dünyanı aldatmağa çalışdığı kimi, bu ölkənin silahlı qüvvələrindəki vəzifəli şəxslər də bir-birlərini aldada-aldada gediblər və gəlib çatıblar yolun sonuna...

Xatırladım ki, Onik Qasparyan Ermənistanın silahlı qüvvələrinin rəhbərliyinə Robert Köçəryan tərəfindən gətirilib və onun son açıqlamalarından da görünür ki, sabiq qərargah rəisi sabiq prezidentin – hərbi-cinayətkar xunta başçısının əlinə oynayır.
Prosesin gedişi isə göstərir ki, seçki yaxınlaşdıqca qarşılıqlı ittihamlar artacaq və seçki kampaniyasının əsas istiqamətlərini 44 günlük müharibənin nəticələri təşkil edəcək. Paşinyanın komandasının isə Köçəryan və ətrafı ilə bağlı sensassiya xarakterli materialları ictimailəşdirəcəyi də gözləniləndir. Çünki bu seçki onlar üçün ölüm-qalım məsələsidir.

Politoloq Elçin Mirzəbəyli

Visiontv.az