11 aprel 2025-cü il cümə günü Azərbaycanın müxtəlif şəhərlərindən olan bir sıra rəssam və fəalların iştirakı ilə Evin həbsxanasında məhbus olan Mürtəza Pərvinin şəxsi emalatxanasında iki günlük rəsm sərgisi keçirilib.
Məlumatlara görə, məhbusun “Qızıl Dizayn” sənət emalatxanasında bir qrup Ərdəbilli rəssam, şair və yazıçının Pərvinə dəstək məqsədi ilə təşkil etdiyi Mürtəza Pərvinin əsərlərindən ibarət rəsm sərgisi azərbaycanlı rəssamlar və fəallar tərəfindən maraqla qarşılanıb.
Bu sərgidə Pərvin bəyin əsasən ekspressionist və abstrakt üslubda olan, bəzilərini həbsxanada, bəzilərini isə həbsindən bir neçə gün əvvəl çəkdiyi 40-dan çox rəsm əsəri nümayiş etdirilir. Sərgi ictimaiyyətə açıqdır.
Bundan öncə, 1 noyabr 2024-cü ildə də Mürtəza Pərvinin sənət emalatxanasında rəsm sərgisi keçirilmişdi.
Qeyd edək ki, Mürtəza Pərvin 2024-ci il fevralın 6-də heç bir order olmadan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2024-cü ilin oktyabrında Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
Mürtəza Pərvin “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” ittihamı ilə 5 il, “İran İslam Respublikası rejimi əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. Bundan başqa o, partiya və qruplara üzvlük hüququndan da 2 il məhrum edilib.
visiontv.az