"Ənənəvi düşmənçilik xətti erməniçiliyin axırına çıxır..."
"Ənənəvi düşmənçilik xətti erməniçiliyin axırına çıxır..."
24.05.2023 MEDİA Tərəfindən

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Nikol Paşinyanla yanaşı Azərbaycanı və beynəlxalq aləmi bu sözlərlə hədələyərək bildirib ki,  beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq. Keçmiş erməni diplomat sülhün əldə edilməsindən niyə narahatdır və ya qorxur? Oskanyanın bu fikirləri nəyə hesablanıb?

Mövzu ilə bağlı  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

"Bildiyimiz kimi Brüssel görüşündə Ermənistanın baş naziri son iki il yarım müddətindəki danışıqların ümumi məntiqini ciddi platformalarda açıq mətnlə ifadə etməklə Azərbaycanın 86,6 min kv.km ərazisini tanıdıqlarını, bunun içərisində Qarabağın da yer aldığını bəyan etdi. Şübhəsiz ki, bu özü - özlüyündə əvvəlki dövrdə imzalanmış sənədlərdən də görünürdü. Hətta deyərdim ki, Vətən müharibəsinin sonunda 10 noyabrda imzalanmış 3 tərəfli bəyanat da bütövlükdə götürüləndə Ermənistanın kapituliyasiyası kimi dəyərləndirildiyindən onların gələcək etibarilə Azərbaycanla bu çərçivədə münasibətlər quracağı demək idi.

Hərbi reallıqlar ortada olmasa bu gün əsla siyasi şərtləri, diplomatik raundu, ümumiyyətlə bu prosesi Azərbaycan öz xeyrinə aparması çox çətin olardı. Lakin paralel olaraq onu da vurğulamaq lazımdır ki, Azərbaycan bu müddət ərzində yalnız bizim zəfər savaşımızın nəticələri ilə məhdudlanıb qalmadı. Onu daha möhkəmləndirdi və irəliyə apardı. Baxın, Fərrux yüksəkliyindən başlayan, 12 - 14 sentyabr toqquşmalarında davam edən, ardınca Laçın - Xankəndi yolunda 140 günlük aksiya ilə möhkəmlənən, ən sonda Laçın məntəqəsində istehkam kimi Azərbaycanın bəlkə də son 200 - 300 illik tarixində olmayan o məbədlərin, divarların qurulması müstəqilliyimizin, suverenliyimizin ifadəsi idi. Bu özü - özlüyündə Paşinyanı həmin bəyanata gətirən hadisələrdir. Belə şəraitdə onlar söyləyirlər ki, maksimalist mövqedən daşınmasaq Ermənistan bütövlükdə itiriləcəkdir. Bunu erməni baş naziri əvvəlki görüşlərində bir qədər üstüörtülü söyləyirdi. Amma ən azı biz gördük ki, Münhen görüşündə və ondan sonrakı danışıqlarda nə qədərki Fransanın, Qərb dövlətlərinin moderatorluğu maksimum dərəcədə Rusiyanı və Türkiyəni regiondan çıxarmaq üçün yararlanmalarına baxmayaraq biz ona şahid olduq ki, Paşinyan bu gerçəkliyi dərk edir ki, əgər indiki şəraitdə onlar özlərinin əvvəlki ənənəvi iddialarından geri durmasalar və yalnız qlobal layihələrin içərisində alət olmağa çalışsalar həqiqətən də böyük itkilərlə üzləşəcəklər. 

Belə şəraitdə gördüyünüz kimi,  iki xətt üzrə təxribatçı mövqelər işə düşübdür. Doğrudur, biz onu tam yəqinliklə söyləyə bilərik ki, burada da mütləq xarici qüvvələrin təsiri və fitvası var. Yəni, bunların hansısa erməni avantürist qüvvələrinin hərəkətləri deyil. Məsələn Samvel Babayan beş min nəfərlik bir mitinq keçirdi. Arutunyanın o cümlədən də Paşinyanın ünvanına və əlehinə müxtəlif şüarlar səsləndirdi. Biz bunun paralelində Vardan Oskanyanın da paylaşımını gördük. Onlar deyirlər ki, müxtəlif alternativlər var. Yəni, Azərbaycanın maksimalist, onların məntiqi ilə belə deyək ambisioz və işğalçı mövqeyi qarşısında guya ki, onlar həm Qarabağı həm Ermənistanı daha güclü mövqeyə çıxara bilərlər. Oskanyanın uzun illər danışıqlarda yer alan,durumu bilən həmçinin artıq erməni cəmiyyətində köklü transformasiyanın baş verdiyindən hali olan bir adamın belə bir mövqe göstərməsi şübhəsiz ki,  xarici güc mərkəzlərinin planlarıdır. Onsuz da keçmiş hakimiyyət təmsilçiləri öz millətinin iradəsini ifadə etmirdilər. Ona görə də tutaq ki, sizin dediyiniz kimi onlar Paşinyanın imzaladığı sənədi tanımayacaqlar. Hərçənd ki, bu qeyri - mümkündür. Çünki, o hüquqi legitim qüvvədir. Müharibədən sonra təkrar seçilibdir. Ona görə də bu tələbləri irəli sürənlər gərək legitim qüvvəni - Paşinyanı devirsinlər. Ona qarşı impiçment və yaxud da ki Məxməri və ya silahlı devrim həyata keçirsinlər. Yalnız ondan sonra biz görərik ki, gerçəkdən də hansısa müqaviləyə atılmış imza hüquqi məna daşımır. Burada biz erməni tərəfinin gələcəkdə mövqeyini necə dəyişəcəyini gözləməliyik. Əsla Azərbaycan bundan qəti şəkildə narahat deyil.

Bizim üçün ən önəmli məsələ ondan ibarətdir ki, ordumuz Kəlbəcərdən Zəngilana qədər və bütün sərhəd boyu min kilometrdən artıq Ermənistanla olan sərhəd xətti üzrə delimitasiya və demarkasiya ortaya qoyuruq.  Azərbaycan istər Rusiya istərsə də Qərb platformasında aparılan danışıqlardan geri durmur. Onlar arasındakı konfrantasiyanı dərinləşdirmir. Əksinə onun yumşalmasına çalışır. Ancaq bizim bəlkə də moderatorsuz danışıqlar önəm kəsb edir. Bir ictimai fikir analiz edən mərkəzin təmsilçisi kimi deyə bilərəm ki, cəmiyyətimiz bu proseslərə çox ciddi həssaslıq göstərir. Biz burada məhz elə birbaşa danışıqların xalqlar tərəfindən də geniş müdafiə olunduğunu görməkdəyik. Çünki, erməni vətəndaşları müxtəlif qüvvələrin onları  öz planlarına alət etməsindən və maksiumum dərəcədə insanlar üzərində varlanmalarından yorulublar. Əslində Xankəndi və o əraziləri istismar edən, ətraf metalları Qərb bazarlarına çıxaran böyük layihələrin şahidi olduq. Hamısı da guya ki, mifik Ermənistan ideallarına bürünüblər. Lakin əsil mahiyyətdə maksimum dərəcədə  özləri bu istismardan bəhrələnirlər. Belə vəziyyətdə düşünürəm ki, Vardan Oskanyanın fikirləri erməni xalqının düşüncələri ilə eyniyyət təşkil etmir. Bu bir ovuc avantüristin niyyətidir. Hansı bir qüvvənin gəlməsindən asılı olmayaraq vətən müharibəsinin nəticələrini geriyə çevirmək, onu təftiş etmək və ortadan qaldırmaq qeyri - mümkündür. Yəni, bundan ötrü yenidən yüz minlərlə nəfərdən ibarət ordu formalaşdırmaq, müasir silahlara sahiblənmək lazımdır. Son dövrlərdə atılan müəyyən addımlar istisna olmaqla Ermənistanın bunun üçün minimum 40 - 50 milyarda dollarlıq vəsaitə ehtiyacı var. Belə olan halda  Paşinyanın sülh müqaviləsini imzalayacağı təqdirdə bu hüquqi mahiyyət daşıyacaqdır. Tarix də onu sübut edir ki, əks halda onun alternativi işi düşməlidir.

Zənn edirəm ki, bu gün Oskanyanın meydana çıxa bilməməsinin də səbəbi budur. Hətta bir il əvvəl müəyyən qüvvələri toparlayıb küçələrə çıxarır, ictimai təzyiqlərlə Paşinyanın üzərində gedirdilər. İndi isə yalnız yəqin ki, sui - qəsd versiyaları qalıbdı. Bunun kənarında başqa addım atmaq imkanları yoxdur. Buna görə də hesab edirəm ki, bu bəyanatlar Paşinyanı qorxutmur. Və o öz milləti üçün tarixi bir iş görüb siyasi səhnədən getmək istəyir. Çünki, Paşinyan yaxşı anlayır ki, 85 milyon Türkiyədə, 30 - 35 milyon İranda, Orta Asiya xəritəsi və 10 milyonluq əhalisi olan qalib dövlət olan Azərbaycanın əhatəsində 2 milyonluq əhalini saxlamağın başqa laternativi yoxdur. Ənənəvi düşmənçilik xətti erməniçiliyin axırına çıxır."


Bünyamin Bünyadzadə

Visiontv.az