Elmə və insaniliyi yandırıb yaxanlar
04.04.2025

IV əsrin sonu, V əsrin əvvəllərində zəmanənin ən məşhur kitabxanası olan İsgəndəriyyə Kitabxanasında çox istedadlı, savadlı və fəlsəfi təfəkkürə malik HİPATİYA (360-415) adlı bir xanım çalışırdı. Yunan əsilli bu xanım, zəmanəsinin çox görkəmli riyaziyyatçısı, astronomu, filosofu və ləyaqətli müəllimi sayılırdı. Savadının əksər hissəsini məşhur riyaziyyatçı atasından öyrənmişdi. Bir sözlə Hipatiya xanım dərin zəkaya, elmi biliyə malik, fəlsəfi təfəkkürlü, bu baxımdan da dövrünün ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Bütün elm sahələri üzrə əla dərs deməyi bacaran Hipatiya xanım Kitabxanada, evlərdə dərslər keçir, əhalini savadlandırmaqdan, başqalarına elm öyrətməkdən xüsusi zövq alırdı. Bəşəriyyət və Tanrı qarşısında öz insanlıq missiyasını şövqlə yerinə yetirməsi, onu öz gözündə, eləcə də işıqlı insanların nəzərində gündən-günə ucaldırdı. Amma “sən saydığını say...”

Rassional düşüncənin və elmin tərəftarı olan Hipatiyanın dini bilgilər əvəzinə, məhz elmi bilikləri əhali arasında çox həvəslə yayması xiristian din xadimlərinin əməlli-başlı kürkünə birə salmışdı. Nəhayət, tapşırıq almış din fanatları 415-ci ildə 44 yaşlı Hipatiyanı küçədə tək tuturlar. Paltarını və bütün bədənini kəsik-kəsik edərək, Serapis məbədinə tərəf sürüyürlər. Azğınlaşmış kütlə qolunu qopararaq, hələ canını tapşırmamış Hipatiyanı əvvəldən hazırlanmış tonqalın içinə atırlar!

Bu vəhşət hadisəsi sonrakı dövrlərdə qadınların elmə yaxın gəlmələrinə xeyli maneə yaratdı.

Belə hadisələr haqda məlumatlar Avropada qələmə alınsa da, Şərqdə (əlbəttə, müsəlman aləmində) bu qəbildən olan analoji hadisələrin əksəriyyəti tarixin qaranlığına gömülərək, yoxa çıxmışdır. Amma bir neçəsi;

Universal zəka sahibi ÖMƏR XƏYYAM (1048-1131) əl qoyduğu elm sahələrinin hamısında möhtəşəm yeniliklər yaradıb. Müəllimi çox sevdiyi məşhur türk filosofu Bəhmınyar olmuşdu. Ağlı kəsən vaxtdan açıq fikirliliyinə, elm haqqında həvəsli söhbətlərinə görə din adamları tərəfindən təqib olunmuş, yaxasını onlardan qurtarmaqçün doğma şəhəru Nişapurdan qaçmalı olmuşdur. Bəxti onda gətirir ki, o dövrün ən qüdrətli Səlcuq sultanı Məlikşahın ağıllı, elmə mühüm əhəmiyyət verən, istedadlı vəziri Nizamilmülk onun haqqında məlumatı idi. (Nizamiülmülk, məşhur “Siyasətnamə” əsərinin müəllifidir. Əvvəl Sultan Alp Arslanın vəziri olmuşdu.) Bu alim təfəkkürlü vəzirin təqdimatıyla Ö.Xəyyam 1074-cü ildə İsfahan rəsədxanasına rəhbər təyin edilir. Nizamilmülkün sağ olduğu müddətcə dahi mütəfəkkir rəsədxanada dünya elminə böyük töhvələr verən elmi yaradıcılığıyla və məşhur rubailərini yazmaqla məşğul olur. (Ö.Xəyyam, Avropada və bizdə hazırda istifadə olunan Qriqori təqvimindən 7 saniyə daha dəqiq olan Cəlali təqvimini Avropalılardan 4 əsr əvvəl yaratmışdır. Avropada əvvəlki Yuli təqvimində Pasxa bayramının yeri düz gəlmədiyinə görə, 1582-ci ildə Cəlali təqvimi əsasında Qiriqori təqvimi yaradılmış və həmin ilin 4 oktyabrının səhərisi gün 15 oktyabr olduğu elan olunmuşdur. Rusiyada, eləcə də bizdə 1918-ci ildə, Türkiyədə isə 1926-cü ildə bu təqvimə keçilmişdir.)

1092-ci ildə Məlikşahın qəfil ölümü (zəhər verilmə etimalı) və Şərqdə elmin inkişafında mühüm rol oynayan vəzir Nazimilmülkün öz köhnə dostu, “Həşşaşilər” təriqətinin rəhbərlərindən olan Həsən Səbbah tərəfindən sui-qəsd nəticəsində öldürülməsindən sonra, arxasız və “yetim” qalan Ö.Xəyyam 18 il sonra təzədən öz doğma şəhəri Nişapura qaçmalı olur. Burada artıq yaddan çıxmış olduğunu görüb, bir az toxdayır. Nizamilmülkün təkidiylə Məlikşahın müxtəlif şəhərlərdə açdırdığı tədris mərkəzlərindən biri də Nişapurda idi. Ömər, burada da Böyük arxa-dayağı Nizamilmülkün “himayəsini” hiss edərək, onun yaratdığı “Nizamiyyə” tədris mərkəzində (ruhuna dualar oxuyaraq) heç bir acıqfikirlik göstərmədən, ehtiyatlı davrana-davrana tədrislə məşğul olur, xəlvətcə əsərlərini yazır. Ancaq ömrünün sonunda şəhərin din xadimləri onun əsl simasından xəbər tuturlar. Ələ keçən əlyazmalarının hamısını darmadağın edib, yandırırlar. 1131-ci ildə 83 yaşında qüssələr içində dünyasını dəyişən Ömər Xəyyamın qəbri üzərinə o ərazidən, hətta yaxınlıqdakı Məşəd şəhərindən Həcc ziyarətinə gedən zəvvarlar yollarını onun qəbri üzərindən salır, dayanıb qəbrə tüpürür, yüksək səslə söyüşlər yağdırır və qəbri murdarlayırdılar. Bu “ritual” bir neçə il davam etmişdir. Ta ki, Ö.Xəyyam yaddan çıxanadək. Sonralar da müxtəlif yerlərdə ələ keçən əlyazmaları məhv edilmiş, bununla da böyük dahi 1859-cu ilədək (bəzi rubailəri istisna olmaqla) yaddaşlardan silinmişdi. 1859-cu ildə Şərq poeziyasının sirlərini öyrənməyə çalışan ingilis şairi Edvard Fitscerald onun yaradıcılığına xüsusi maraq göstərmiş, əldə etdiyi rübailəri tərcümə edərək “Ömər Xəyyamın rübailəri” adlı kitab çap etdirmişdir. Bu kitab qısa zamanda Avropada, Avstraliyada, Yeni Zellandiyada ingilis dilli oxucular arasında çox sürətlə elə məşhurlaşmışdı ki, içərisindəki rubailər və müdrik sözlər sevgi məktublarının başlığına çıxarılmış, sevgi münasibətlərinin bəzəyi olmuşdu. Kitab, necə populyarlıq qazanırsa, qısa zamanda təkcə İngiltərədə 25 dəfə böyük tirajla təkrar nəşr olunur... Əsərlərinə və dahiliyinə görə təqib olunan, qüssələr içində dünyadan köçən, qəbri illərlə təhqir olunan Ö.Xəyyamın əvəzinə, onun yazılarının çox cüzi hissəsini nəşr etdirən E.Fitscerald böyük şan-şöhrət, var-dövlət və xoşbəxtlik qazandı. Bununla da Ö.Xəyyam dünya üçün təzədən doğuldu:

Zahid, tənə vurma bizə sən mudam,

Deyilik dünyada sənin kimi xam...

Sənin istədiyin namazla təsbeh,

Mənimsə sevgilim - canan, bir də cam.

Bir ot ki, göyərib çay qırağından,

Bitib bir dilbərin al dodağından.

Asta gəz, çəməndə hər qızıl lalə,

Bitib bir gözəlin can torpağından.

XII əsrin görkəmli Azərbaycan sufi filosofu, təsəvvüf fəlsəfəsinin görkəmli nümayəndəsi, şair EYNƏLQUZAT MİYANƏCİ, islam müstisizmi haqqında fəlsəfi əsərlər yazdığına görə dini dairələr tərəfindən “zındıq” adlandırılmış, 33 yaşında tutularaq olmazın işgəncələr verilmiş, sonra dili və əlləri kəsilərək, diri-diri tonqala atılmışdır. Bu işi icra edənlər Allah qarşısında savab iş gördüklərini zənn edərək, Eynüquzatın bağırtılarına ləzzətlə qulaq asmışdılar! “Həqiqətə çatmağın tək yolu rassional bilik deyil, həm də daxili mənəvi zənginliyə ciddi cəhd etməkdir.” - E. Miyanəci.

Ş.Y.SÜHRƏVERDİ (1154-1191) “İşraqilik” fəlsəfi məktəbinin banisi, Aristotelçi fəlsəfə ilə Sufizmi birləşdirərək, yeni fəlsəfi məktəb yaratmışdır. Yazdıqlarını din xadimləri anlamadıqlarından dini bidətçilikdə ittiham edilərək tutulmiş, 37 yaşında işgəncələrlə edam edilmişdir! “Bütün varlıq Allahdan gələn nurun yayılmasıdır.”

EYNƏLQUZAT HƏMƏDANİ (1099-1131) Azərbaycan filosofu. Sufiliyin panteist fəlsəfəsinin yaradıcısı, Həmədanda dərs dediyi mədrəsədə, dünyagörüşünün və savadının üstünlüklərinə görə molla-müəllim yoldaşları tərəfindən 32 yaşında daş-qalaq edilərək, şagirdlərinin gözü qarşısında asılmışdır!

Hürufilik təriqətinin əsasını qoyan azərbaycanlı mütəfəkkir FƏZLULLAH Ş. NƏİMİ (1340-1394) dünyabaxış fərqliliyinə görə, Əlincə darvazası yanında başı kəsilmiş, cəsədi Əlincə qalasının divarına mıxlanmış, başı isə “hədiyyə” olaraq atasına göndərilmişdi. “İnsan Allahın bir təzahürüdür. Hərflər isə ilahi hikmətlərin açarıdır.”

Dünyaca məşhur, doğma dilimizdə fəlsəfi qəzəlin banisi olan filosof şair İMADƏDDİN NƏSİMİ (1369-1417) hürufiliyi yaydığına, şeirlərində sevgilisini Günəşə, Aya bərabər tutduğuna, məhz sevginin insanın daxili aləmini Günəş kimi işıqlandırdığını vurğuladığına, panteist dünyagörüşünə, hünərsiz və qabiliyyətsiz adamların mənsəb başına keçməsinə, hünər və istedad sahiblərininsə səfalət içində süründüyünü yaradıcılığında bildirdiyinə görə, 37 yaşında Hələb şəhərində dərisi soyularaq öldürülmüşdür!

Görkəmli maarifçi, realist və satirik şairimiz SEYİD ƏZİM ŞİRVANİ (1835-1888) görəndə ki, məscidin axundunun,-vaizinin işi-gücü adamlar arasında intriqa salmaq və bundan həzz alaraq öz xeyrinə istifadə etmək, bir də onun-bunun arvadının dalısınca baxmaqdır, bunu heç cür həzm edə bilmir və axunda həcv yazır: “Aləmə fitnə salan məədəni şərdir vaiz...” (Onun “Mollalar” şeiri də var və bu tipli satirik şeirləri çoxdur.) Bütün bunlardan sonra S.Ə.Şirvani məscidə getməkdən imtina edir, namazını evində qılır. Mütərəqqi şairi həmişə düşmən gözündə görən axund, məscidə namaza gələn bir neçə hörmət sahibini Seyid Əzimin üstünə göndərir ki, gedin ona deyin ki, məscidə namaza gəlməsə, onun haqqında şaiələr yayılacaq və axırda daş-qalaq ediləcək. KÜT-LƏ arasında axundun nüfüzunun daha çox olduğunu bilən Şirvani, məcbur qalıb məscidə gedəsi olur. (Onsuz da axundun qulbeçələri onun haqqında şaiələri artıq yaymağa başlamışdılar.) Məscidin qapısından içəri girən anda Şirvanini itələyib qapının arxasına salırlar. 7-8 nəfər namaza gələn axund qulbeçələri qapını var güclərilə divara sıxaraq, 54 yaşlı sapa-sağlam kişini oradaca nəfəsini kəsib öldürürlər! Adını da qoydular ki, ürəyi tutmuşdu, öldü.

Bu səpkili faktlar dünya tarixində minlərlə, bəlkə də milyonlarladır...

***

ABŞ, 1791-ci ildən dini dövlətdən ayırıb. Avropada 1789-cu ildə Fransa İnqilabı başlayanda Marifçilərin təkidiylə dinin bütün işlərə müdaxiləsi çox zəiflədildi və Fransada 1905-ci ildə rəsmi olaraq din və dövlət tam şəkildə bir-birindən ayrıldı. İngiltərədə rəsmi olaraq kilsə dövlətdən ayrılmasa da, iş elə qurulub ki, (onlarda heç Konstitusiya da yoxdur) din dövlətin işlərinə müdaxilə etmir. Almaniyada XIX əsrdən dünyəviləşmə gücləndi və dinin dövlət işlərinə qarışması tam dayandırıldı. Türkiyədə 1923-cü ildən Böyük Atatürkün təkidiylə dünyəviliyə keçildi və sürətli inkişaf başlandı. Rusiyada isə, Osmanlı sultanlarının “Dəli Petro” adlandırdıqları I Pyotr çox müdrikcəsinə 1721-ci ildən qərarla dini dövlətdən ayırdı. Bu qərardan sonra elmdə və bütün sahələrdə sürətli inkişaf başladı. Bu qərarın sayəsində Mirzə Fətəli Axundov kimilər tonqalda yandırılmadılar, milli, fəlsəfi ədəbiyyatımız inkişaf elədi. Çoxlu istedadlar üzə çıxdı. Sovet hökuməti həmin istedadlar “zəncirini”, nəslini repressiya etməsəydi, indi Azərbaycan dünyanın ən qabaqcıl, neçə-neçə Nobel mükafatlı ölkələrindən ola bilərdi. (İmkan versəydilər.)

P.S. Əslində, din hər kəsin öz şəxsi işi olmalı deyilmi? Onda insan həyatının hər sahəsi gözəl olar.

“Əlhəzər, din adamlarından əlhəzər! Nə badə onları siyasətə qarışdırasınız.” – M.Ə.Rəsulzadə.

“Türk ordusuna qalib gəlmək mümkün deyil. Amma bir din adamını onun dövlətinin başına qoy, dövlət öz-özünə dağılacaq.” – U. Çörçil.

Bu yazını bir neçə gün əvvəl yazmışdım, üzərində xeyli düşünüb, yarısını ixtisar elədim. Ümumiyyətlə, uzun-uzadı yazıları oxumaq heç özümə də ləzzət eləmir.

Mahir Bayram

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8