Əliağalı kəndini atəşə tutan kim idi: ermənilər, yoxsa ruslar? - Bəybala Mirzəyev
Əliağalı kəndini atəşə tutan kim idi: ermənilər, yoxsa ruslar? - Bəybala Mirzəyev
09.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyanın Putinlə görüşü ərəfəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində atəş açılması ilk növbədə Paşinyana Moskvada şivənlik etməsi üçün, daha sonra isə Qarabağda Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq üçün təşkil edilib.

Ancaq fakt budur ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı qruplaşmalarına "gözün üstdə qaşın var" demir və bölgənin təhlükəsizliyinə də nəzarət edə bilmir. Daha doğrusu, nəzarət etməyə can atmır, cəhd göstərmir.

Əksinə, Paşinyan-Putin görüşü ərəfəsində Qarabağda ermənilərin atəşkəsi pozması görüntüsünün yaradılmasında Rusiyanın özü maraqlı tərəf kimi təsir bağışlayır. Çünki atəşkəsin pozulmasından bir gün əvvəl, Rusiya sülhməramlı qüvvələrinin komandanının müavini, general Stepanovun həmin əraziyə gəlməsi belə bir qənaətə gəlməyimiz üçün əsas yaradır.

Belə ki, general Stepanov Ağdam rayonunun Əliağalı kəndində olub. Bu, atəşdən 5-6 saat əvvəl olub. Atəşdən 3 saat əvvəl isə həmin mövqedə boz geyimdə naməlum hərbçilər görünüb. Maraqlıdır, Stepanov gedir, ondan 3 saat sonra isə həmin yerə boz paltarlı hərbçilər gəlir. Və az sonra isə atəş açılır.

Lakin atəşin kim tərəfindən açıldığı heç kimə dəqiq məlum deyil. Guya hazırda bununla bağlı sülhməramlılar araşdırma aparırlar.
Əlbəttə, burada ilkin versiya kimi ilk ağıla gələn tərəf məhz ermənilər olur. Lakin general Stepanov faktoru isə atəşdə rus sülhməramlıların da barmağının olduğunu göstərir. Məqsəd bununla heç də ermənilərə yarınmaq deyildi.

Məqsəd ya Ermənistanı növbəti dəfə Azərbaycanın gözündə günahkar tərəf obrazında göstərmək idi, yadaki "biz olmasaq,

Azərbaycan-Ermənistan münaqişəsi hər an yenidən alovlana bilər" təəssüratını formalaşdırmaq idi.

Paşinyan da şübhəsiz ki, bu hiyləgər ssenaridən xəbərsiz şəxs kimi atəşin açılmasını növbəti dəfə Putinə şikayət etmək üçün fürsət kimi dəyərləndirəcəkdi. Belə də oldu. Paşinyan gerçəkdən də Putinə şikayət etdi...

“Pravda.ru” media holdinqin hərbi icmalçısı Aleksandr Artamonov isə deyir ki, Rusiya heç vaxt Ermənistana görə Azərbaycanla münaqişəyə getməz.

Əlbəttə, bu belədir, çünki indiki situasiyada Azərbaycanla münaqişəyə getmək Rusiyaya qətiyyən sərf eləmir. Lakin Rusiya Ermənistanın əli ilə Azərbaycanı daim gərgin vəziyyətdə saxlamağa çalışır. Atəşin açılması da məhz buna xidmət edirdi. Bu, Kremlin incə "Şərq siyasəti"dir.

Visiontv.az