Dünyada internet sürətinə görə Azərbaycanın REYTİNQİ: "Ölkənin ən ucqar yaşayış məntəqələrində..."
Dünyada internet sürətinə görə Azərbaycanın REYTİNQİ: "Ölkənin ən ucqar yaşayış məntəqələrində..."
22.08.2023 Elvin ABBASOV Tərəfindən

“Hal-hazırda bütün ölkələrdə internet infrastrukturu üzrə yenidənqurma və bərpa işləri aparılır”.

Bu sözləri Azərbaycanın “Speedtest Global Index” sıralamasında internet sürətinə görə 3 pillə irəliləməsi və ümumən ölkədə internet infrastrukturunda aparlan layihələrə münasibət bildirən İKT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, hazırda Azərbaycanın bütün məntəqələrində 2024-cü ilədək Fiber Optik internetin tam şəkilkdə təşkili nəzərdə tutulur:

“Azərbaycanda son bir il ərzində internet sürətində geriləmə müşahidə edilmir. Əksinə, sürətdə bir qədər irəliləyiş hiss edilir. Əslində beynəlxalq hesabatlarda əks olunan göstəriciləri geriləmə adlandırmaq doğru olmaz. Yəni digər ölkələrdə internetin sürətində irəliləyiş olduğundan siyahıda onlar daha ön sıralara keçid edirlər. Buna görə də siyahıya nəzər saldıqda belə mənzərəylə qarşılaşırıq.

Hal-hazırda bütün ölkələrdə internet infrastrukturu üzrə yenidənqurma və bərpa işləri aparılır. Bu işlərin təşkil edilməsində, demək olar, bütün ölkələr bir-biri ilə rəqabət aparmaqdadır. Bəzi ölkələr bu sahəyə daha çox investisiya yatıraraq bir sıra layihələr həyata keçirir. Beləliklə, belə nəticə çıxarmaq olar ki, sözügedən sahədə digər ölkələrlə yanaşı Azərbaycan da inkişaf edir. Sıralamalarda olan dəyişikliklər məhz bu səbəbdəndir.

Ölkədə internetdə yaşanan problemlərə gəlincə, hazırda “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilədək ölkənin bütün ən ucqar yaşayış məntəqələrində belə ən az 25 M\b-lik sürətli internetin təşkili və bərpası işləri aparılır. Sözügedən layihə “AzTelecom” tərəfindən icra edilir. Adışəkilən şirkət ölkənin baş operatoru hesab olunur. Əgər bu şirkətin hesabatlarına nəzər yetirsək, 1,25 milyon ev təsərrüfatının Fiber Optik internetlə təmin edildiyini görərik. Bugünkü cari vəziyyətə görə ölkənin 47 faizi Fiber Optik internetlə təmin edildiyi hada, ilin sonunda bu göstəricinin 55 faiz olması gözlənilir. Həmçinin 2024-cü ilin sonunadək 100 faiz nəticənin əldə edilməsi proqnozlaşdırılır.

İnternetin təmin edilməsinin bəzi alternativ yolları da mövcuddur. Bunlardan biri də “Starlink” peyk şəbəkəsidir. Bu il adıçəkilən sistemin rəhbərliyi Azərbaycanla saziş bağlayıb. Bu şirkətin “Azərkosmos”la birgə aparılan sınaqları uğurla başa çatıb. Bu xidmətin təşkili məsələsi yalnız qiymətlərin təsdiqindən asılı qalıb. Qiymətlər təsdiq edildikdən sonra bu ilin sonunadək peyk internetinin Azərbaycanda xidmət göstərməsi gözlənilir. Bundan əlavə olaraq digər alternativ internet xidmətləri var və bunların hər biri 2024-cü ildə Azərbaycanın hər bir yerində sürətli internet sisteminin təmin edilməsiylə əlaqəlidir”.

Visiontv.az