ABŞ, Fransa və Hindistan diplomatlarının Qarabağ səfərinin yeni dili: "Biz burani münaqişə zonası yox, mədəniyyət və həyat məkanı kimi qəbul edirik".
Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa səfər maraqlı görüntülərlə yadda qaldı. 2-ci Qarabağ müharibəsindən sonra Qarabağa səfər etmək istəməyən Fransa, ABŞ və Hindistan diplomatlarının Şuşada təşkil edilən tədbirdə yallı getməsi, mahnı oxuması diqqətimi daha çox çəkdi. Və bu səfər barəsində bəzi fikirlərimi diqqətinizə çatdırmaq istədim. İlk təssürat o oldu ki, bu adi tanışlıq turuna bənzəmədi. Çünki 2020-ci ildən bu yana Qarabağa onlarla səfirlik üçün səfər təşkil olunub. Amma Paris, Vaşinqton və Dehli bu masada ya yox idi, ya da aşağı səviyyədə təmsil olunurdu. Həmən gün isə üçü də ilk cərgədə idi və hətta mahnı oxudular. Sual budur. Nə dəyişdi?
3 səbəb göstərə bilərəm. 2020-2025-cü illərdə Qarabağa dəvət alan, amma getməyən səfirliklərin məntiqi təxminən eyni idi.
Bir. Siyasi ehtiyat. Fransa və Hindistan üçün Qarabağa getmək Azərbaycanın bu ərazilərədə suverenliyini faktiki tanımaq demək idi. Onlar hələ mübahisəli ərazi formulasından əl çəkmək istəmirdilər.
İki. Erməni lobbisi amili. Xüsusilə Paris və Vaşinqtonda güclü diaspor təzyiqi var idi.
Üç. Təhlükəsizlik bəhanəsi. Mina var, infrastruktur yoxdur arqumenti. Əslində isə mesaj bu idi. Biz hələ prosesdə iştirakçı olmaq istəmirik.
Bəs indi nə dəyişdi?
Birincisi. Azərbaycanın 6 ildir təqdim etdiyi faktlar bütün maneləri, bəhanələri alt-üst edib. Artıq görünəni danmaq mümkün deyil. Laçında, Füzulidə, Ağalıda, Şuşada müasir şəhərlər tikilib. 50 mindən çox məcburi köçkün geri qayıdıb. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı, İslam Bankı və digər beynəlxalq qurumlar Qarabağda böyük layihələr icra edir. Bu amil təhlükəsizlik yoxdur tezisini təkzib edir. Getməmək artıq diplomatik mövqe deyil, reallıqdan qaçmaqdır.
İkincisi. Geopolitik balans. Hazırda Cənubi Qafqazda 3 proses paralel gedir. Azərbaycan-Ermənistan sülh danışıqları, Orta Dəhliz - Zəngəzur marşrutunun aktuallaşması və Rusiyanın regiondan nisbi geri çəkilməsi. Bu şəraitdə Fransa, ABŞ və Hindistan üçün Qarabağdan kənarda qalmaq, yeni iqtisadi və siyasi arxitekturadan kənarda qalmaq deməkdir. Ona görə “izləyici” statusundan “iştirakçı” statusuna keçdilər.
Üçüncüsü isə simvolik siyasət. Şuşada yallı getmək, mahnı oxumaq təsadüfi deyil. Bu, diplomatik notadan daha güclü siqnaldır. Mesaj isə belədir: “Biz artiq buranı münaqişə zonası yox, mədəniyyət və həyat məkanı kimi qəbul edirik”. Onu da qeyd edim ki, bu prossesdə adını çəkdiyim hər üç ölkənin həm də ayrı-ayrılıqda öz məntiqi və marağı var.
Məsələn Makron hökuməti neçə ildir ki, Ermənistanın himayədarı rolunda çıxış edir. Amma indi başa düşür ki, sülh prosesi kənar aktorlar olmadan Bakı və İrəvan arasında gedir. Buna görə Qarabağa getmək “biz də oyundayıq, bizi sayın” deməkdir.
ABŞ-nin mesajına gəldikdə, Trampdan sonra Vaşinqtonun prioriteti Çin və Yaxın Şərqdir. Qafqazda “problem yaratmaq” yox, “stabil dəhliz” lazımdır məntiqi gündəmdədir. Müvəqqəti işlər vəkilinin Şuşaya getməsi biz Azərbaycanın ərazi bütövlüyünü qəbul edirik və biznes üçün fürsət axtarırıq mesajıdır.
O ki qaldı Hindistana. Dehli üçün əsas məsələ Şimal-Cənub nəqliyyat dəhlizi və İran üzərindən alternativ yollardır. Qarabağ və Zəngəzur Hindistan üçün “Orta Dəhliz”in bir hissəsidir.
Nəticə olaraq deyə bilərəm ki, Beynəlxalq hüquqda tanıma 2 cür olur. Kağızda və yerdə. 2020-ci ildə Azərbaycan ərazini kağızda və döyüşdə qaytardı. Dünyanın aparıcı ölkələrinin səfirlərinin Cıdır Düzündə ayaq izi qoyması isə “yerdə tanıma”nı həyata keçirir.
Bu səfərlərin 3 nəticəsi var.
Ermənistan üçün Qarabağ mübahisəlidir tezisi beynəlxalq səviyyədə öldü deməkdir.
Azərbaycan üçün bərpa prosesi artıq tək deyil, qlobal tərəfdaşlarla gedir.
Region üçün isə Qarabağ “qapalı qutu” statusundan çıxıb “investisiya və mədəniyyət məkanı” statusuna keçib.
Şuşada çalınan yallı isə sadəcə rəqs deyildi. Bu, yeni geosiyasi reallığın ritmi idi. 4-5 il qapını döyməyənlər, indi qapıdan içəri girib rəqs etdilər. Çünki artıq başa düşdülər ki, bu qapının açarı Bakıdadır.
Şöhrət El-Dəniz
visiontv.az