Deputatdan ermənilərə xatırlatma: “Danışıqları çox uzatmaq lazım deyil”
Deputatdan ermənilərə xatırlatma: “Danışıqları çox uzatmaq lazım deyil”
25.04.2022 Sahib Alıyev Tərəfindən

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti telefon danışığı zamanı tərəflərin "iki dövlətin liderinin anlaşmalarının davamı olaraq Birgə Sərhəd Komissiyasının tərkibi və sülh müqaviləsini işləyib hazırlayacaq işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkili" haqda razılığa gəlmələri bilirsinizmi nə deməkdir?

O deməkdir ki, adı çəkilməsə də, gündəlikdəki məsələlərdən də göründüyü kimi rəsmi İrəvan Brüssel görüşü zamanı əldə  edilmiş razılaşmalara uyğun olaraq konkret addım atmağın qaçılmazlığını anlayır. Brüsselin adı isə görünür, baş naziri Moskvadan qarışıq hisslərlə dönən Ermənistan tərəfin istəyi nəzərə alınaraq çəkilmir.

Ələbəttə, bu elə də önəmli sayılmır. Önəmli olan odur ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Zəfər qurultayındakı xəbərdarlığının,  Şarl Mişelə telefonda dediklərinin ardından və Zəngilan tərəfdə sərhəddimizi pozan təxribat qrupunun geri oturdulması, bir nəfərinin isə ələ keçməsindən sonra qarşı tərəf yenidən konstruktiv davranış sərgiləyir, yəni bəzilərinin diqtə etdikləri üçtərəfli deyil, bizim Brüsseldə razılaşdırdığımız Bakı-İrəvan formatında danışıqlara başlamağa hazır olduğunu bildirir.

Amma Paşinyanla komandası cənab İlham Əliyevin “yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır” sözləriylə başlanan xəbərdarlığının ikinci hissəsini də unutmamalıdırlar: “Danışıqları çox uzatmaq lazım deyil”.

Millət vəkili Sahib Alıyev

Visiontv.az