Daşınmaz əmlakın icbari sığortası 2012-ci ildən tətbiq olunur
26.10.2019

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 2012-ci ildən tətbiq olunur. 

Bunu Visiontv.az-a açıqlamasında sığorta mütəxəssisi Nicat Əlibəyli qeyd edib.

 

"Ölkədə daşınmaz əmlakın icbari sığortası 2012-ci ildən qüvvədə olsa da, bu gün əfsus ki, bir o qədər də aktivlik hiss olunmur. Avtomobillərin icbari sığortasında cərimə mexanizminin olması, daşınmaz əmlakın icbari sığortasına nisbətdə daha populyar idi. Lakin 2020-ci ildən daşınmaz əmlakın icbari sığortasının da elketron qaydada satılması gözlənilir. Belə olduğu təqdirdə müvafiq qurum, artıq bu istiqamətdə nəzarət mexanizmini gücləndirərək əmlakını icbari sığorta etdirməyənləri cərimələyəcək.

Hər bir vətəndaş bilməlidir ki, daşınmaz əmlakın sığorta haqqı il ərzində bölgələrdən asılı olaraq 30- 50 manat civarında dəyişir.

 

Bakı şəhərində 50 manat ödəməklə sığorta şirkəti sizin qarşınızda 25 min manatlıq öhdəçilik daşıyır və 250 manat franşiza tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi təqdirdə (yanğın, təbii fəlakət olan fırtına, qasırğa, dolu, daşqın, sel, su basması, sürüşmə, torpaq çökməsi, zəlzələ, ildırım vurması, daxili su basması və s.) sığorta şirkəti tərəfindən sizə müəyyən ödəniş edilir”  deyə Əlibəyli bildirib.

 

O, həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün, əmlakın dövlət reyestrindən çıxarışı (kupça) və ya əmlakın hər hansı bir hüquqi sənədinin olması kifayətdir ki, qeydiyyatda olan şəxsin adına müqavilə rəsimləşdirilsin.