“COVID-19” kişilərdə reproduktivliyə necə təsir göstərir?
18.01.2022

Alimlərin fikrincə, post-COVID sindromunun təzahürlərindən biri də kişilərdə cinsi funksiyanın pozulmasıdır. Bu yaxınlarda dərc edilmiş araşdırma məqaləsinin müəllifləri erektil disfunksiyaya hansı fizioloji və psixoloji amillərin təsir etdiyini ətraflı təsvir ediblər.

COVID sonrası ümumi zəiflik

Həkimlər qeyd ediblər ki, əvvəllər şikayəti olmayan bəzi kişilərdə COVID-19-dan sonra erektil disfunksiya yaranır. Səbəbin nə olduğunu anlamaq üçün italyan alimləri Çin, Danimarka və Vyetnamdan olan həmkarları ilə birlikdə 2020-ci ilin əvvəlindən 2021-ci ilin iyul ayına qədər bu mövzuda “Scopus”, “PubMed” və “Google Scholar” verilənlər bazasında dərc edilmiş və indeksləşdirilmiş bütün məqalələri təhlil ediblər.

Visiontv.az “ria.ru” saytına istinadən xəbər verir ki, müəlliflər belə qənaətə gəliblər ki, COVID-19-da erektil disfunksiya bir sıra fizioloji və psixoloji amillərlə əlaqəlidir. Mütəxəssislər hesab edirlər ki, koronavirusun yaratdığı istənilən tənəffüs, nevroloji, ürək-damar və ya endokrin ağırlaşmalar kişilərin cinsi sağlamlığına mənfi təsir göstərə bilər.

Məsələn, oksigen çatışmazlığı ilə erektil funksiyanın azaldığı məlumdur. Bir çox COVID-19 xəstəsi sağaldıqdan üç ay sonra hələ də ağciyər problemi yaşayır. Oksigen çatışmazlığı kişilərdə reproduktivlik üçün zəruri olan azot oksidinin istehsalını da azaldır.

Mayami Universitetinin Miller Tibb Məktəbindən olan amerikalı alimlər koronavirusun kişi cinsiyyət orqanının endotel hüceyrələrində yayıldığını aşkar ediblər.

Müxtəlif amillər bir-birini gücləndirir. Beləliklə, fransız alimləri sübut etdilər ki, damar zədələnməsinin daha ağır formaları, o cümlədən kəskin tromboz və ağciyər emboliyası olan xəstələrdə tez-tez ciddi endotel disfunksiyaları inkişaf edir. Pankreasın nasazlığı diabetin kəskinləşməsinə səbəb olur - həm birinci, həm də ikinci növ. İcmal müəllifləri hesab edirlər ki, belə endokrin və metabolik dəyişikliklər uzunmüddətli ereksiya problemlərinə səbəb ola bilər.

Sırf fizioloji səbəblər ilə yanaşı, elm adamları bir neçə dolayı səbəbləri də müəyyən ediblər. İlk növbədə bunlar dərmanların yan təsirləridir. Eləcə də xəstəxanaya yerləşdirmə ilə bağlı stress və məcburi təcrid, işdən çıxarılma qorxusu və maddi çətinliklər kimi sosial-iqtisadi amillərin təsirləri qaçılmazdır.

Bəzi uzunmüddətli COVİD dərmanları, məsələn, beta-blokerlər və diuretiklər erektil funksiyanı pozur. Məhdudlaşdırıcı tədbirlər depressiyaya uğramış bir ruh halına və narahatlığa səbəb olur. Pandemiya zamanı uzaqdan işə keçənlər oturaq həyat tərzi, adi həyat tərzinin pozulması, ünsiyyətin kəskin azalması və depressiya ilə üzləşdilər. Alimlərin fikrincə, bu, istər-istəməz kişilərin cinsi sağlamlığına öz  təsirini göstərir.