Cəhalətin, xurafatın qarşısında geri çəkilməyin! - Elçin Mirzəbəyli
Cəhalətin, xurafatın qarşısında geri çəkilməyin! - Elçin Mirzəbəyli
18.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

Tanrını məişət, gündəlik həyat qayğıları, ibtidai insanların təsəvvürləri, feodal təfəkküründən doğan ehkamlar, məntiqi izahı olmayan nağıllar və əfsanələr səviyyəsinə endirənlər heç vaxt işıqlı düşüncə, elm və ürfan sahiblərindən güclü ola bilməzlər...

İnanclı insanam və insanlığı qaranlığa sürükləməyən, doğru yoldan sapdırmayan, bətnində ziddiyyət olmayan, hökm kəsməyən, mötədilliyi, mərhəmətli, şəfqətli olmağı təbliğ edən hər bir inanc daşıyıcısına sayğıyla yanaşıram. Amma cəhalətin qaranlıq pərdələrinə bürünüb işıqdan, aydınlıqdan danışanlara, xurafatı təbliğ edib özünü ziyalı adlandıranlara sayğım yoxdur. Cəhalətlə elm, işıqla qaranlıq bir arada ola bilməz.

Bilirsinizmi mənə görə cəhalət nədir? Təsəvvür edin, ömrünüz boyu qaranlıq bir otaqda oturub nəfəsliyin toz basmış şüşəsindən süzülən işığa tamaşa edir və elə o işıqla da kifayətlənirsiniz. Amma qaranlıq otağın qapılarını açıb işığa çıxmağa cəhd göstərmirsiniz...

Sizi qaranlıq otağa qapayıb nəfəslikdən süzülən işıqla xoşbəxt olmağa məcbur edənlərə qalib gəlməyin yeganə yolu isə qapıları açıb işığa çıxmaqdan və işığın içində olmaqdan keçir. Yoxsa bütün ömrünüzü qaranlıq otaqda və nəfəslikdən süzülən bulanıq işığa tamaşa edərək keçirəcəksiniz...

Visiontv.az