İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin idarə olunması və qərarvermə prosesi ilə bağlı diqqət çəkən açıqlamalar verib. O bildirib ki, qərar qəbul etmək üçün heç kəsi gözləməyəcək, lakin müxtəlif tərəflərin mövqelərini nəzərə almağa hazırdır.
Qalibaf çıxışında deyib: “Bunu bilin ki, mən qərar vermək üçün heç kimi gözləməyəcəyəm. Amma istəyirəm ki, sizlər də bu qərarvermə prosesində öz fikirlərinizi mənə bildirəsiniz və mən də onun əsasında qərarlarımı verim.”
O, həmçinin ölkənin prioritetlərinin dəyişməsinin vacibliyini vurğulayaraq, “Biz səngəri raket atanlardan alıb ölkə quruculuğuna yönəlməliyik” ifadəsini işlədib.
Qalibafın bu açıqlamaları hakimiyyət daxilində geniş fikir ayrılıqlarının müzakirə olunduğu bir dövrə təsadüf edir. Eyni zamanda, ABŞ ilə İran arasında imzalanan Anlaşma Memorandumu və onun mümkün nəticələri ilə bağlı müzakirələr də davam edir.
Qalibafın sözləri ictimaiyyət və siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub.
Bir sıra şərhlərdə onun açıqlamalarının hakimiyyət daxilində yeni güc balansının formalaşmasına işarə edə biləcəyi irəli sürülür.
Bəzi müşahidəçilər bu çıxışın Müctəba Xameneinin qərarvermə prosesindəki roluna dair yeni suallar yaratdığını bildirirlər.
Sadiq İsabəyli
visiontv.az