“Bayraktar TB3” ilk dəfə TEKNOFEST-də sərgilənəcək
“Bayraktar TB3” ilk dəfə TEKNOFEST-də sərgilənəcək
27.03.2023 MEDİA Tərəfindən

“Baykar” şirkətinin milli və orijinal olaraq inkişaf etdirdiyi “Bayraktar TB3” Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) ilk dəfə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023-də ictimaiyyətə təqdim ediləcək.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, “Baykar”ın açıqlamasına görə, prezident Rəcəb Tayyib Ərdoğanın dünən Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinə gəlişi zamanı çəkilən fotoşəkillərdə istehsal xəttində görünən “Bayraktar TB3” SİHA bu il uçuş sınaqlarına başlayacaq.

"Baykar"ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar və "Baykar"ın baş direktoru Haluk Bayraktar prezident Ərdoğanın səfəri zamanı həyata keçirilən milli layihələrin son vəziyyəti haqqında məlumat veriblər. 

Qeyd edək ki, 30 avqust 2022-ci ildə “TEKNOFEST Qara dəniz”də ilk dəfə ictimaiyyət qarşısına çıxan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar “Kızılelma” ilk uçuşunu 14 dekabr 2022-ci ildə həyata keçirmişdi. 

İlahə Əliyeva