Azərbaycanın ilk qadın jurnalisti və tənqidçisi
Azərbaycanın ilk qadın jurnalisti və tənqidçisi
03.02.2023 Qənirə Paşayeva Tərəfindən

XX yüzilin əvvəllərində Güney Qafqazda ilk Azərbaycan dili müəllimi, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuş Şəfiqə xanım Əfəndizadə (1882-1959) ölkəmizdə ictimai fikrin inkişafına və qadınlarımızın savadlanmasına dəyərli töhfələr vermiş maarifpərvər aydınlarımızdandır.

Qadınların milli şüurunun gücləndirilməsinə önəmli təsiri olan Şəfiqə xanım savadsızlığa, toplumdakı cəhalət, köhnə fikirlilik və ədalətsizliyə qarşı tam gücü ilə mübarizə aparmışdır. O, 14 yaşından müəllimlik etməyə başlamış, kiçik yaşlarından məqalələr yazmışdır. Xalq şairi Mirvarid Dilbazi onun yetirməsi olmuşdur. Fədakar maarifpərvər qadın Şəfiqə Əfəndizadəni Azərbaycan qadınlarının taleyi, onları, necə deyərlər, kölə durumundan xilas yolu dərindən düşündürmüşdür. O, XX yüzilin əvvəllərində mətbuatın əsas mövzularından olan, böyük ictimai-siyasi problem kimi müzakirə edilən qadın azadlığı məsələsinə son dərəcə həssaslıqla yanaşmışdır.

Ümumiyyətlə, bu illərdə qadınlarımızın ağır maddi-mənəvi durumu, onların insan hüquqlarından məhrum edilməsi, söz haqqının olmaması bir çox aydınlarımızı, özəlliklə də qələm əhlini daha çox rahatsız edirdi. Dövrün öncül mətbuat orqanı “Molla Nəsrəddin” başda olmaqla, əksər milli ruhlu dərgi və qəzetlərdə aydınlarımız bu məsələnin həllinə can atırdı. Qadınlarımızı təhsilə, elmə, yeniliyə cəlb etmək, cəhalətdən, avamlıqdan qurtarmaq çox çətin bir ictimai mübarizənin içindən keçirdi. Onların təhsil alması məsələsini kəskin şəkildə qoyan maarifçilər xurafat və cəhalət mühitinin təzyiqlərinə önəm vermədən inadla irəliləyirdi.
İllər keçdikcə az sayda olsa da, savadlı, aydın qadınlar yetişərək ölkənin mədəni həyatında iştirak edirdi. Artıq yalnız məktəb və səhiyyədə deyil, milli mətbuatımızda da qadın müəlliflərə rast gəlmək olurdu. Belə qadınlarımızdan biri də XX yüzilin əvvəllərində yaşayıb-yaratmış, Azərbaycanın ilk qadın maarifpərvər ictimai xadimi, publisist, yazıçı, xeyriyyəçi Şəfiqə Əfəndizadə idi. O, dövrün tanınmış aydınları ilə birlikdə xalqının mədəni inkişafında, elm, təhsil yolunda addımlayıb azadlığa qovuşmasında önəmli rol oynayıb. Həm müəllim, həm publisist kimi ölkəni ağır durumdan çıxarmaq üçün dövrün vətənpərvər aydınlarına dəstək olan Şəfiqə xanım, eyni zamanda xeyriyyəçiliklə də bu mübarizəyə fayda vermişdir.

Şəfiqə Əfəndizadə (Əsma Sultan Şeyxzadə) 1882-ci ildə Gürcüstanın tarixən Ahıska türklərinin yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Dövrünün görkəmli aydını, tanınmış pedaqoqu olan atası Məmmədəmin Şeyxzadə övladlarının təhsili ilə şəxsən özü məşğul olub. Şərq və Avropa ədəbiyyatını gözəl bilən atasından ərəb, fars, rus dillərini mükəmməl öyrənən Şəfiqə xanımın dünyagörüşü də onun sayəsində inkişaf edib. Gözünü açandan evdə qəzet, jurnal, kitab gördüyündən onun erkən yaşlardan mətbuata, ədəbiyyata maraq göstərməsi təbii idi. O, elə uşaq vaxtlarından kiçik məqalələr, hekayələr yazıb atası Məmmədəmin bəyə oxuyar, atası bu həvəsin ötəri olmadığını görüb qızına məsləhətlər verərdi. Şəfiqə xanımı daha çox oxumağa həvəsləndirən atası, qızını gələcəyin öncül qadınlarından biri kimi görmək istəyir, onun Azərbaycan qadınının inkişafına töhfələr verəcəyinə ümid edirdi. Beləcə, kiçik yaşlarından Şəfiqə xanımın günü Tiflisdə, Bakıda, Krımda nəşr olunan, atasının abunəçisi olduğu “Kəşkül”, “Tərcüman”, “Kaspi” kimi qəzetlərin, dərgilərin arasında keçirdi. Dövrün qabaqcıl aydınlarının bir-birindən məzmunlu yazıları, tənqidi məqalələri və ictimai görüşləri ilə zəngin olan bu mətbuat örnəkləri onun yaşadığı dövrün aparıcı özəlliklərini öyrənməsində, maarifpərvər aydınların mübarizə istiqamətləri ilə tanış olmasında önəmli rol oynayırdı.

Azərbaycan ictimai həyatının fəal, savadlı, hüquqlarını tanıyan qadınlara ciddi ehtiyacı vardı. Onun mətbuatdan oxuyub öyrəndiyi ən önəmli bilgi bu idi. Bu tələbatı ödəmək üçün uzun illər təhsil almağı gözləmək olmazdı. Yəqin elə buna görə də Şəfiqə xanım pedaqoji fəaliyyətə ağlasığmaz dərəcədə erkən yaşlarından başlayıb. Hələ 1896-cı ildə, 14 yaşında ikən o, atasının Nuxada (indiki Şəki şəhəri) işlədiyi “Darrussiya” xüsusi məktəbinin nəzdində qızlar üçün açılan şəxsi qadın kurslarında dərs deməyə başlayır. Lakin burada çox qalmır. 1901-ci ildə Tiflisdə (o vaxtkı adı ilə yazsaq) Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı alır. Həmin il böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və Nəriman Nərimanov gənc Şəfiqə xanımı Bakıya dəvət edir. O, ixtisaslı müəllim kimi Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Aleksandriyski Rus-Müsəlman Qızlar Məktəbində Azərbaycan dili fənnini tədris etməyə başlayır. Beləliklə, kasıb ailədən olan qızların pulsuz oxuduğu, cəmi 57 qızın təhsil aldığı bu məktəbin ilk müəllimlərindən biri də 19 yaşlı Şəfiqə xanım olur.

Müəllim həmkarı Əlaəddin Əfəndizadə ilə ailə quran Şəfiqə xanımın 1907-ci ildə ilk övladı Adil, 1909-cu ilin fevral ayında isə ikinci oğlu Fuad dünyaya gəlib. Bu səbəbdən o, 1906-1909-cu illərdə işindən müvəqqəti ayrılsa da, sonra yenidən fəaliyyətinə və ictimai təbliğatçılığına davam edib. 1910-cu ilə kimi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində müəllim olan, daha sonra 10 il (1910-1920) Rus-Tatar Qadın Məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edən, 1915-ci ildən, həmçinin Qadın Pedaqoji Məktəbindəki pedaqoji kurslarda da dərs deyən Şəfiqə xanım, sevilən-sayılan bir pedaqoq idi.

Şəfiqə Əfəndizadənin ilk qadın jurnalist kimi fəaliyyətə başlamasının isə maraqlı bir tarixçəsi var. Bir gün Şəfiqə xanım “Dəbistan” dərgisi ilə tanış olur. Elə həmin vaxtdan da Şəfiqə xanımın və tələbələrinin “Dəbistan” dərgisi ilə əməkdaşlığı başlayır. Qeyd etmək lazımdır ki, hələ bu dərgiyə qədər ilk məqaləsini “Şərqi-rus” qəzetində dərc etdirən Şəfiqə Əfəndizadə adını milli mətbuatımızın tarixinə ilk qadın jurnalist kimi yazmışdı. “Dəbistan” jurnalı isə onun qələminin püxtələşməsində son dərəcə önəmli rol oynayıb.
Şəfiqə xanımın Azərbaycan maarifinə qatqısı, milli həyatımızdakı rolu pedaqoji və jurnalist fəaliyyəti ilə bitmir. Müəllimlik etmək, dərgi üçün məqalələr yazmaqla yetinməyən Şəfiqə Əfəndizadə, ictimai işlərlə də ciddi məşğul olub. O, Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində dərs dediyi ərəfədə müəllim rəfiqələri Hənifə xanım Məlikova, Səkinə xanım Axundzadə, Sara xanım Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Məktəbdə təhsil alan qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə bilgilər verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi. Eyni zamanda, dövrün xeyriyyə cəmiyyətləri ilə də sıx əlaqə saxlayır, böyük həvəs və enerji ilə gənc qızların savadlanmasına, maariflənməsinə çalışır, onlarda dövrün ictimai-siyasi, mədəni hadisələrinə maraq yaradırdı.

Publisist kimi fəaliyyətinə ilk dəfə 1903-cü ildə “Şərqi-rus” qəzetində (1903-cü il, №7) başlayan Şəfiqə Əfəndizadənin jurnalistikada yolu “Dəbistan”, “Məktəb”, “Füqara füyüzatı”, “Dirilik” dərgilərindən, “Açıq söz” qəzetindən keçmişdir. Həmin qəzet və dərgilərlə sıx əməkdaşlıq edən maarifpərvər qadın əsasən tərbiyə mövzusunda məqalələr çap etdirirdi. O, məktəbdə apardığı pedaqoji işi, maarif yolunu mətbuatda da davam etdirməklə daha çox qadını təhsilə cəlb etmək məqsədi daşıyırdı. Bu illərdə ölkədə baş verən bütün hadisələrə fəal münasibət bildirən, toplumun ictimai-siyasi həyatında yaxından iştirak etməyə çalışan Şəfiqə xanım, fikir və mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün mətbuat orqanları ilə ardıcıl əməkdaşlığı ən düzgün yol hesab edirdi. Ümumiyyətlə, Şəfiqə Əfəndizadə fəaliyyət göstərdiyi hər bir sahədə qadın azadlığının əvəzsiz carçısı idi.

1917-ci ilin aprelində Bakıda “İsmailiyyə” binasında Zaqafqaziya Müsəlmanlarının I Qurultayı keçirilirdi. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın vardı. Tiflisdən Sara xanım Talışinskaya, Bakıdan Şəfiqə xanım Əfəndizadə və Sara xanım Vəzirova. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın qurultaydakı səlis, aydın və savadlı çıxışı hamını heyran etmişdi. Nitqinin sonunda Şəfiqə xanım qadınların daha çox maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edirdi. Onun bu cəsarətli çıxışı salonda böyük bir əks-səda doğurmuşdu. Təbii ki, toplumda qadının rolunu artırmağa yönəlik bu tələb birmənalı qarşılanmamış, hələ də qadınların savadlanmasından ehtiyat edən bir qrup qurultay iştirakçısının etirazına səbəb olmuşdu. Şəfiqə Əfəndizadənin çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxıb Şəfiqə Əfəndizadəni şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiyi üçün qınamış, onu kəskin tənqid etmişdi. Zalda böyük mübahisə başlamış, daha sonra fikir ayrılıqları qızışıraq davaya çevrilmişdi. Aranı sakitləşdirməyə çalışan maarifpərvər ziyalılar Şəfiqə xanım başda olmaqla, çıxış edən hər üç qadını cahil qüvvələrdən qorumaq üçün gizlincə binanın arxa qapısından çıxarmışdılar.

Qadın azadlığı Şəfiqə Əfəndizadənin yaradıcılığında ən güncəl mövzu idi. O, publisistik məqalə və hekayələrində qadına münasibət, qadının toplumda rolu kimi məsələlərdən davamlı olaraq yazırdı. 1914-cü ildə “Kaspiy” nəşriyyatında Şəfiqə xanımın “İki yetim, yaxud Kərimin hümməti” (Azərbaycan kitabı, Bakı, 1963, s.139) adlı bədii əsəri də nəşr olunmuşdu.

O, yalnız Azərbaycanın qadın jurnalisti kimi yenilik etməmişdi, həm də ilk qadın tənqidçi kimi elmimizə xidmət etmişdi. 1916-cı ildə Bakıda görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya qoyulanda əsərin səhnə təcəssümünə baxmağa gələn Şəfiqə xanım salonda bir qadının ağladığını görür. Tamaşadan sonra ona yaxınlaşır və ağlamağının səbəbini soruşur. Qadın “Bu, mənim həyatımdır, mənim çəkdiyim əzablardır” deyir. Şəfiqə xanım ona “Ağlama, bacım, bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır” deyə cavab verir. Həmin hadisədən son dərəcə təsirlənən Şəfiqə Əfəndizadə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi haqqında məqalə yazır və “Açıq söz” qəzetində (17 may 1916-cı il, №187) dərc etdirir. Beləliklə, Şəfiqə xanım Əfəndizadənin adı həm də ilk qadın tənqidçi kimi Azərbaycan tarixinə düşür.

Onun mübarizələrdə keçən həyat yolu bütövlükdə çətinliklər və keşməkeşlərlə dolu olub. Dövrün amansız ictimai-siyasi qovğaları Şəfiqə xanımın da taleyinə öz təsirini göstərib. 1918-ci ilin martında ermənilərin törətdiyi faciə Şəfiqə xanımın həyatına ağır zərbələr vurub. Bu qanlı olaydan sonra o, bir müddət Qubada, sonra da Azqurda və İstanbulda yaşayıb. Amma vətəndən uzaqda yaşadığına baxmayaraq, Azərbaycanda baş verən hadisələri ardıcıl olaraq izləyib və münasibət bildirib. Bakıya 1919-cu ilin aprelindən, Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra qayıdan Şəfiqə xanım, yenidən pedaqoji işinə bərpa olunub. Bu illərdə onun dövri mətbuatla əlaqələri daha da möhkəmlənib, davamlı olaraq yazılarla çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, xüsusi şövqlə, həvəslə, böyük ruh yüksəkliyi ilə yazıb-yaradıb. Həmin illərdə onun məqalələrində, hekayə və bədii yazılarında tərbiyəvi mövzular, qadın azadlığı, vətənpərvərliklə bağlı motivlər daha çox üstünlük təşkil edib.

Həyatında üç ictimai quruluşu görən, Azərbaycanın Çar Rusiyası, Cümhuriyyət illəri və Sovet dövrlərindəki həyatının diqqətli müşahidəçisi olan Şəfiqə xanımın fəaliyyətinin bütün mərhələləri məhsuldar olub. Sovet dövründə o, həm pedaqoji, həm də publisistik fəaliyyətini davam etdirib, 1923-cü ildə nəşrə başlayan “Şərq qadını”nın fəal əməkdaşı kimi dərginin redaksiya heyətinin üzvü seçilib. Daha sonra dərginin məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olan Şəfiqə Əfəndizadə, eyni zamanda, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olub.

O, ömrünü bütövlükdə Azərbaycan qadınının maarif­lənməsinə, azadlığına həsr edib. Savadsızlığın aradan qaldırılması uğrunda xidmətlər göstərən Şəfiqə xanım, respublikamızda, eləcə də, Qafqazlarda və Moskvada qadın konfranslarının, qurultayların nümayəndəsi olub. 1923-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (1920-1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasıda Ali qanunvericilik və İcra hakimiyyəti orqanı) üzvü seçilib. Şəfiqə Əfəndizadə 1932-ci ildən pedaqoji fəaliyyətdən təqaüdə çıxsa da, Azərbaycan qadınının inkişaf edərək toplumun gərəkli bir üzvü olması üçün həyatı boyu çalışıb, böyük bir mübarizə yolu keçib. Azərbaycan qadınının gözlərini açan, onu öz mənliyinə, hüquqlarına sahib çıxmağa çağıran bu əzmkar, cəsur və hünərli maarifçi qadın aydınımız 1959-cu ildə Bakıda gözlərini əbədi olaraq yumub.

Azərbaycan qadınlarını təhsilli, savadlı, ağıllı, fəal görmək istəyən, bütün bacarığını bu amal üçün sərf edən Şəfiqə xanım Əfəndizadənin açdığı (və sonra yola çevrilən)  cığırla yüzlərlə qadın addımladı. Qadınların haqq səsini hayqıra biləcəyi, sağlam addımlarla irəliləyə biləcəyi bu cığırdan başlayan yolçuluq isə hələ də davam edir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Visiontv.az