Azərbaycanın dünya musi̇qi̇ xəzi̇nəsi̇nə bəxş etdi̇yi̇ BÜLBÜL
Azərbaycanın dünya musi̇qi̇ xəzi̇nəsi̇nə bəxş etdi̇yi̇ BÜLBÜL
22.06.2022 Qənirə Paşayeva Tərəfindən

Bugün Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, Xalq artisti,Dövlət Mükafatı laureatı,professor BÜLBÜLün doğum günüdür.

Korifey sənətkar BÜLBÜL (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) – öz dövrünün, demək olar, bütün mümkün fəxri ad, orden, medal və mükafatlarına layiq görülüb:

-SSRİ Xalq artisti (1938), “Şərəf nişanı” ordeni (1938), “Qırmızı Əmək Bayrağı” ordeni (2 dəfə - 1936; 1958), İtaliyanın “Qaribaldi” medalı,

“Qafqazın müdafiəsinə görə” medalı (1944) və b. – Çoxsaylı orden, medal və fəxri adlarla təltif edilən BÜLBÜL, iki dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilib; musiqi folkloru tədqiqatçısı olaraq professor elmi tituluna layiq görülüb.

BÜLBÜLün ifa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər dillər əzbəridir:

“Sənsiz”, “Sevgili canan”, “Ölkəm”, “Süsən sünbül”, “Yaxan düymələ”, “Qara gözlər”, “Segah təsnifləri”, “Xumar oldum”…

Eləcə də, oynadığı əsas partiyalar:

Koroğlu (Ü.Hacıbəyli, “Koroğlu”),

Əsgər (Ü.Hacıbəyli, “Arşın mal alan”),

Qərib (R.M.Qlier, “Şahsənəm”),

Əlyar (M.Maqomayev, “Nərgiz”),

Nizami (Ə.Bədəlbəyli, “Nizami”),

Fərhad (NİYAZİ, “Xosrov və Şirin”),

Aslan (Q.Qarayev və C.Hacıyev, “Vətən”),

Mario (C.Puççini, “Toska”)

BÜLBÜLün sənətkar qüdrətini göstərməkdədir.

BÜLBÜL –Şuşa yaxınlığında – hazırda Xankəndinin güney ərazisi olan Xanbağı adlanan yerdə doğulub.

1907-ci ildə Şuşa mollaxanasında təhsil almağa başlayıb. 1909-cu ildə Gəncəyə köçüb. Gəncədə gənc xanəndənin şöhrətli günləri başlayıb. Peşəkar səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.

Fəaliyyətinin ilk illərində Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib; 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Del-liponti və R.Qraninin sinfini) bitirərək, doğma Bakıya qayıdıb və doğma Konservatoriyada dərs deməyə başlayıb.

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb və məhz bu Musiqi Kabinetinin bazasında, Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb.

1937-ci ildə Moskvada BÜLBÜLün təşəbbüsü ilə Ümumittifaq Vokal Konfransı keçirilib. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış edib.

BÜLBÜL aşıq yaradıcılığına dair şifahi materialların – nağıl, əfsanə, dastan, qəzəl və aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısı olub. 1938-1961-ci illərdə keçirilmiş Aşıqlar Qurultaylarının təşəbbüskarı olan BÜLBÜL, həmçinin bu qurultaylarda yaddaqalan məruzələrlə çıxış edib.

BÜLBÜL Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsi təşəbbüskarı da BÜLBÜLdür.

O, 1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva Festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

Böyük sənətkarı özünə ustad bilən, zəngin irsindən bəhrələnən neçə-neçə sənətkar və çoxsaylı yetirmələrlə yanaşı, oğlu və nəvəsi də, onun sənət ənənələrini davam və inkişaf etdirməkdədir.

Məşhur bəstəkar, müğənni və aktyor olan Polad Bülbüloğlu, Azərbaycanın Xalq artistidir; uzun müddət Mədəniyyət naziri olub, hazırda Azərbaycanın Rusiya Federasiyasındakı səfiridir; istedadlı musiqiçi Teymur Polad oğlu Bülbül, Rusiya Federasiyasının Əməkdar artistidir.

Zamanında, korifey sənətkarın doğma eli Şuşada bürünc büstü qoyulmuşdu; 1992-ci ildə Şuşanın işğalından sonra büst (NATƏVAN və Üzeyir bəy Hacıbəylinin büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılıb və sonralar Azərbaycan hakimiyyət orqanları tərəfindən alınaraq, Bakıya gətirilib; həmin büst(lər) Bakıda İncəsənət Muzeyinin həyətində nümayiş etdirilir. (Şəxsən bu sətirlərin müəllifi tərəfindən həmin büstün (digər iki büstlə birgə) Şəhidlər Xiyabanı ərazisində yerləşdirilməsi təklifi parlamentdə səsləndirilib.)

1976-cı ildən Bakıda BÜLBÜLün Xatirə Ev-muzeyi fəaliyyət göstərir

(Şuşa şəhərində 1992-ci ilə qədər yerləşən ev-muzeyi onun Bakıdakı muzeyinin filialı idi).

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri BÜLBÜLün adını daşıyır;

onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Musiqi məktəbi fəaliyyət göstərir.

Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində və BÜLBÜL adına Orta İxtisas Musiqi Məktəbində büstü qoyulub.

1992-ci ildən Sumqayıt Uşaq İncəsənət Məktəbi BÜLBÜLün adını daşıyır.

İki ildən bir Bakıda Vokalistlərin BÜLBÜL adına Beynəlxalq Müsabiqəsi keçirilir.

1998-ci ildə BÜLBÜLün 100 illiyi ilə bağlı olaraq, Azərbaycan poçt markası və

2008-ci ildə 110 illik yubileyi münasibətilə xatirə sikkəsi buraxılıb.

Yaşadığı evin yaxınlığında – Bülbül prospektində tuncdan hazırlanan abidəsi ucaldılıb (2012).

Böyük sənətkarın məzarı I Fəxri Xiyabandadır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə PAŞAYEVA

visiontv.az