Azərbaycanda sabit internetin inkişafı niyə mobildən geridədir?
Azərbaycanda sabit internetin inkişafı niyə mobildən geridədir?
17.08.2023 Elvin ABBASOV Tərəfindən

Azərbaycan mobil internetin sürətinə görə, bütün Qafqaz və Mərkəzi Asiyada birinci yerdədir. Amma sabit genişzolaqlı internetdə isə bu bölgədə bir çox ölkədən geridə qalıb. Bu barədə "Ookla"  şirkətinin Speedtest qlobal indeksinin son rəqəmlərində məlumat verilib.

Ookla dünya üzrə ölkələrdə internetin sürətinin monitorinqi ilə məşğul olur. Belə ki, onun mütəxəssislərini hazırladığı speedtestlər mütəxəssislər tərəfindən qəbul edilir və ən peşəkar hazırlanan testlər sayılır. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayəsi Assosiasiyasının İdarə Həyətinin rəhbəri Elvin Abbasov mobil internet və sabit internet arasındaki bu fərqi izah edib. 

"Azərbaycanda ev təsərrüfatlarının 44%-i genişzolaqlı internetlə təmin edilib. Bu o deməkdir ki, artıq vətəndaşın qapısının ağzında genişzolaqlı internet var və hər kəs bu xidmətdən yararlana bilər. Hədəf odur ki, "Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatları GPON və digər texnologiyalar vasitəsilə minimum 25 Mbit/s sürətli genişzolaqlı internet ilə təmin edilsin. Həmçinin layihə müddətində köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkələrin qurulması həyata keçirilsin. Nəticədə yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abuneçilərinin faizinin artırılmasl planlaşdırılır", - Elvin Abbasov deyib.

Onun  fikrincə, Azərbaycan interneti geridə deyil, sadəcə digər ölkələr Azərbaycandan daha tez inkişaf edir.  

"Nəzərə alsaq ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı cəmi 227 min olub. "Onlayn Azərbaycan” layihəsi icra edilməyə başlanıldığı 2,6 il ərzində 1,17 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu rəqəm əvvəlki 4 illə müqayisədə ən azı 5 dəfə çoxdur. təkcə 2023-cü ilin ilk yarımında 357 min ev təsərrüfatı genişzolaqlı internetin əhatə dairəsindədir. Bu isə mövcud ev təsərrüfatlarının 44%-ini təşkil edir. 2023-cü ilin sonunadək daha 256 min ev təsərrüfatının genişzolaqlı internet ilə təmin edilməsi hədəflənir, bununla da göstərici 445-dən 55%-ə yüksəlmiş olacaq”, - Abbasov bildirib.

Elvin Abbasov həmçinin qeyd edib ki, sabit genişzolaqlı (fiber-optik) internetin sürəti 2022-ci ilin iyununda 22 Mbit/s-dən 29.47 Mbit/s-ə yüksəlib, bu isə 34% artım deməkdir. 

2024-cü ilin sonunadək tamamlanması planlanan "Onlayn Azərbaycan” layihəsinin əsas operatoru "Aztelekom”dur. 

Visiontv.az