Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi
08.05.2020

1992-ci il mayın 8-də Azərbaycanın tarixi Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Bu barədə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı Azərbaycan XİN-in bəyanatında deyilir.

Visiontv.az xəbər verir ki, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natəvanın evi və digər abidələr var.
Şuşada azərbaycanlıların etnik təmizləməsi aparılandan sonra bu şəhərdə qeyri-qanuni məskunlaşma çərçivəsində minlərlə insan yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) “bərpa olunaraq” fars məscidi kimi qələmə verilir.
“Erməni tərəfi anlamalıdır ki, bütün bu cəhdlərin perspektivi yoxdur, ərazilərin işğalı müvəqqəti xarakter daşıyır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir və bu region hər zaman bizim ölkənin ayrılmaz hissəsi olub və olaraq da qalacaq”, - bəyanatda qeyd olunur.  
Münaqişənin tənzimlənməsi üzrə davam edən danışıqlar prosesinin məqsədi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindən işğalçı Ermənistan qüvvələrinin çıxarılması, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin təmin edilməsidir. Azərbaycan münaqişənin tənzimlənməsi üçün bu çərçivədən fərqli bir siyasi həlli nəzərdən keçirmir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır, bəyanatda vurğulanır.