Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq
Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq
16.03.2023 Elçin Mirzəbəyli Tərəfindən

Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir.

Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir.

Hər iki dövlətin başçısının qarşılıqlı olaraq Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin ifadəçisi kimi çıxış etmələri, dövlətlərarası münasibətlərdə nadir hallarda rast gəlinən sədaqət nümayiş etdirmələri qürurvericidir, gələcək nəsillər və bütün türk dünyası üçün örnəkdir.

Məhz Azərbaycan-Türkiyə birliyi və bu birlik üzərindən əldə edilən uğurlar türk dünyası üçün də bir əməkdaşlıq modelinə çevrilib. İdeoloji aspektdə və praktiki olaraq atılan addımlarda İsmayıl bəy Qaspıralının “sözdə, fikirdə, işdə birlik” düsturu məhz Türkiyə və Azərbaycan liderlərinin timsalında gerçəkliyə çevrilib. Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq.

Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən deyimlər o qədər içdən, o qədər səmimidir ki, onları başqalarına münasibətdə eyni səmimiyyətlə, eyni duyğularla ifadə etmək mümkün deyil.

“Qardaş qardaşa borc verməz”, “Qardaş dediyin “yardım edim” deyə soruşmaz, yardıma qaçar”... İndi gerçək insanların söylədiyi, gerçək tarixi faktlardan qaynaqlanan bu gözəl, sevgi dolu, qardaşlığın bütün gözəl tərəflərini əks etdirən bu deyimlərə, sözlərə uyğun gələn bir münasibət tap, görüm necə tapırsan...

Azərbaycan və Türkiyə qardaşlığı bölgənin daşlaşmış reallıqlarını dəyişib, Türk Dünyasının işıqlı sabahına körpü salıb.

Siyasi şərhçi Elçin Mirzəbəyli

visiontv.az