Azərbaycan bütün imkan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha tez istifadəyə verilməsinə çalışır
Azərbaycan bütün imkan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha tez istifadəyə verilməsinə çalışır
07.10.2022 Vüqar Bayramov Tərəfindən

Çexiyanın paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirilib və yekun bəyanat imzalanıb. Son görüş Cənubi Qafqazda sülhün əldə edilməsində irəliyə atılmış ən real addımlardan biri kimi xarakterizə olunur.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan edib. Bu Azərbaycanın təklif etidyi 5 bəndlik sülh təklifinin qəbul olunması deməkdir.

Son bəyanat ilə yanaşı 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatdakı öhdəliklərin tam yerinə yetirilməsi olduqca vacibdir. Ermənistanın götürdüyü öhdəliklərdən biri də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqələrinin- Zəngəzur dəhlizinin bərpa edilməsi ilə bağlıdır. İrəvan bu məsələdə öz öhdəliyini pozmağa və dəhliz əvəzinə yol təklif etməyə çalışır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil: “Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Göründüyü kimi, Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək. Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır və sadəcə bir zaman məsələsidir. Bölgədə dayanıqlı sülh yalnız Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyi halda mümkündür.

millət vəkili Vüqar Bayramov

visiontv.az