AXCP-nin maraqları ilə Azərbaycan dövlət maraqları tərs mütənasibdir?
AXCP-nin maraqları ilə Azərbaycan dövlət maraqları tərs mütənasibdir?
25.07.2024 Elbəyi Həsənli Tərəfindən

O gün xüsusi hörmət bəslədiyim AXCP funksionerlərindən biri Co Baydenin prezident seçkisində geri çəkilməsini demokratiyanın təntənəsi kimi qələmə vermişdi. Bəzi mətləbləri xatırlatdım. Əslində bu, fundamental bir məsələdir. Azərbaycana qarşı bu qədər yaramazlıq etmiş bir siyasətçini AXCP niyə müdafiə etsin ki? Belə çıxır ki, AXCP-nin maraqları ilə Azərbaycan dövlət maraqları tərs mütənasibdir.

Diqqət edin: Əbülfəz Elçibəy prezidentdir. Ermənilər Boris Yeltsin Rusiyasının və Corc Volker Buş (ata) Amerikasının dəstəyi ilə Qarabağda kütləvi qırğınlar törədir. Digər Qərb ölkələri də, hətta İran da ermənilərə həyasız şəkildə dəstək verirdilər. Azərbaycana arxa-dayaq durmalı olan Dəmirəl Türkiyəsi isə ölkəmizə dirsək göstərir, türk torpaqlarının işğalına biganə yanaşırdı. Düzdür, Türkiyədən gələn “Bozqurdlar” könüllü şəkildə Qarabağda vuruşurdu. Cənab Dəmirəl isə heç bir şey olmamış kimi şlyapasını yelləyə-yelləyə türk düşmənlərini sevindirirdi...

Məhz belə bir dönəmdə təcavüzə məruz qalan Azərbaycana qarşı ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş ortaya çıxdı. Həmin düzəlişin əsas müəlliflərindən biri Co Bayden idi.

Kimsə deyə bilər ki, ata Buş Respublikaçılar partiyasının təmsilçisi idi. Yaxşı Bill Klinton axı Demokratlar Partiyasının üzvü idi. O, iki dəfə bu partiya üzərindən ABŞ prezidenti seçilib. Bill Klintonun gəlişi də Amerika ermənilərə dəstəyini zərrə qədər azaltmadı. əksinə, dəstək daha qabarıq və irimiqyaslı xarakter aldı...

Co Baydenin prezident seçiləndən sonra nə etdi? Qondarma erməni soyqırımını tanıdı. Sonra nə etdi? Çoxdan günəlikdən çıxmış 907-ci düzəliş yenidən qüvvəyə mindi.

Burada bir incə nüans var. Deməli, 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Ata Buşun oğlu olan

Corc Volker Buş Amerika prezidenti kimi 907-ci düzəlişi dərhal dondurdu. Çünki terror təhlükəsinə görə Amerikanın Azərbaycana ehtiyacı vardı...

Bu məsələyə toxunan İlham Əliyev deyir: "Uzun illər ərzində bizim onlara etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı bu administrasiya haqqında nə düşünə bilər? Deməli, siz onlara (Amerikaya) lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik".

Yəni İlham Əliyev açıq şəkildə Azərbaycanın Co Bayden administrasiyasından narazı olduğunu ifadə edir. Co Baydenlə müqayisədə Donald Tramp Azərbaycan üçün son dərəcə məqbul prezidentdir. Ən azı ona görə ki, o, erməni diasporunu, lobbisini heç vecinə də almırırdı. Donald Tarmp dönəmində ABŞ Azərbaycana 100 milyon dollarlarla hərbi yardım göstərib. Co Bayden isə 907-ci düzəlişi yenidən xortlatmaqla bu yardımı aradan qaldırdı. Və həmin yardımlar Ermənistana tərəf yönəldi...

Bəs yaxşı bizim müxalifətçilər nədən yaramaz Co Baydenə bu qədər heyrandılar? Axı bu adam birmənalı şəkildə Azərbaycana qarşı, mən hələ Co Baydenin Türkiyəyə qarşı törətdiyi yaramazlıqları demirəm, düşmən mövqe tutub. Ermənilərin sifarişi ilə Azərbaycan dövlətini küncə sıxışdırmağa çalışıb...

Niyəsi bəllidir. AXCP, özü də təkcə onlar yox, hesab edirlər ki, demokratlar Azərbaycanda AXCP-nin xeyrinə iqtidar dəyişikliyi həyata keçirə bilərlər. Necə? “Ərəb Baharı” kimi bir şey etmək Amerika üçün nə çətin şeydir ki? Hələ də xam xəyallarla yaşayırlar...

Bəli, hal-hazırda Azərbaycanda kifayət qədər problemlər var. Mən bu barədə dəfələrlə yazmışam. Ancaq onu da inkar etmək olmaz ki, İlham Əliyev hətta Türkiyənin belə arxa çevirdiyi Azərbaycanı siyasi-iqtisadi-hərbi izolyasiyadan xilas etdi, tədricən və planlı şəkildə müharibəyə hazırlığa başladı. Sonrası da bəllidir...

Siz elə zənn edirsiz ki, ermənilərə bu qədər arxa-dayaq duran ABŞ başda olmaqla Qərbi, Rusiyanı, hətta İranı neytrallaşdırmaqsıradan bir işdir?

Mənim düşüncəmə görə, biz İlham Əliyevi axıra qədər müdafiə etməliyik. Bəli, erməni məsələsi əvvəlki kəskinliyi ilə ortada deyil. Ancaq bu və ya digər səbəbdən İlham Əliyev iqtidardan gedəsi olsa, ermənilər yenidən meydan sulayacaqlar. Və beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycanda Nikol Paşinyan tipli bir Soros uşağını iqtidara gətirməyə və onun əli ilə demokratiya şüarları altında erməniləri yenidən Qarabağa qaytarmağa, hətta Dağlıq Qarabağa yeni status almağa çalışacaqlar. Yəni bu məsələ bitməyib, bitməyini istyiriksə, təmkinli olmalıyıq. Dövlət maraqlarımızın keşiyində durmalıyıq. Məsuliyyət hissini itirmiş kəslərin İlham Əliyevi istefaya çağırması isə absurd bir iddiadır. Qardaşım, İlham Əliyev istefa versə, nəyinki ermənilər və Ermənistan, hətta bədnam qonşularımızın beynəlxalq havadarları yenidən əl-ələ verib toy-bayram edəcəklər və nizam-intizamla üstümüzə yeriyəcəklər. İndi Azərbaycanın it yerinə qoymadığı Fransa min oyundan çıxacaq...

Qərbin, xüsusən Amerikanın Ermənistana münasibəti dünən formalaşmayıb. Bir faktı deyim. Bu barədə geniş məqalə də yazmışdım. Deməli, 1960-70-ci illərdə ABŞ SSRİ-nin 70 yaxın iri şəhərinə atom bombası atmaq haqqında məxfi plan hazırlayıb. O siyahıda Bakı, Tiflis, hətta Qroznı şəhəri də vardı. Ancaq İrəvan yox idi. Sovet dönəmində belə Qərb ermənilərə xüsusi münasibət bəsləyirdi...

Biz Azərbaycan olaraq öz yolumuzu getməliyik. Azərbaycanın gələcəyi Qərbə yox, Türk Dünyasına bağlıdır. Qos-qoca Türkiyəyə Qərb dəyər vermədisə, Azərbaycana verərmi?

Gərəkdir ki, AXCP də, digər müxalifət partiyaları da bu reallıqları nəzər alsın. Hansısa ölkənin əli ilə yox, xalqın əli ilə iqtidara gəlmək haqqında düşünsün. Azərbaycanın siyasi taleyi Azərbaycanı daxilində həll olunmalıdır. Soros kimi yaramazların ölkəmizin daxili işlərinə burnunu soxmasına imkan verməməliyik...

Diqqət edirsizmi, ABŞ, Fransa, Hollandiya... Azərbaycana qarşı bu qədər təxribatlar törətdi. Ancaq Azərbaycan müxalifəti bu ölkələri haqqında tənqidi bir fikir söyləməyə cəsarət etmədi. Niyəsi barədə yazmışam. Çünki Qərbin əlinə baxırlar...

Elbəyi Həsənli

visiontv.az