Avropa Birliyi və Türkiyə Rusiyanı Qafqazdan qovmaq istəyir...
Avropa Birliyi və Türkiyə Rusiyanı Qafqazdan qovmaq istəyir...
12.04.2022 Elbəyi Həsənli Tərəfindən

Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü beş maddəlik təklifi qəbul edib.

Brüssel görüşündən az sonra İlham Əliyev belə bir bəyanat verdi. “euractiv.com” saytında gedən “Can Europe and Turkey crowd Russia out of the Caucasus?” (Avropa və Türkiyə Rusiyanı Qafqazdan sıxışdırıb çıxara bilərmi?) adlı məqalədə qeyd olunur ki, Ermənistan “de facto” Azərbaycanın şərtlərini qəbul edib.

Qeyd edim ki, bu sayt Avropa Birliyinə, yəni rəsmi Brüsselə bağlıdır. Əsasən Avropa Parlamentinin və Avropa Birliyinin fəaliyyətini işıqlandırır. Belə bir media mərkəzində belə bir başlıqla məqalənin getməsi təbii ki, təsadüfi deyil və Avropa Birliyinin gələcək planlarından xəbər verir. Ən önəmlisi isə budur ki, Avropa Birliyi məhz Türkiyə ilə birlikdə Rusiyanı Qafqazdan uzaqlaşdırmağa çalışır. Yeri gəlmişkən, Rusiya da Türkiyə ilə birlikdə Qafqazda qalmağa çalışır. Vəziyyət belədir ki, Qafqazda qalmaq üçün istər Avropa Birliyi, istərsə də Rusiya üçün Türkiyə açar ölkədir.

Məqalədə vurğulanır ki, rəsmi Moskva Ukraynaya qarşı müharibəyə başladıqdan sonra nüfuz baxımından ciddi böhran yaşayır. Buna baxmayaraq, rəsmi Moskva rəsmi İrəvana təzyiq imkanlarına sahibdir.

Ermənistanın Rusiya ilə, Azərbaycanın isə Türkiyə ilə müttəfiq olduğuna diqqət çəkən  Nikola Mikovic  (o, əsasən Rusiya, Belarus və Ukrayna haqqında yazır, serbdir) yazır ki, Azərbaycan Rusiyanın Ukraynada başının qarşımasından istifadə edərək Dağlıq Qarabağa nəzarəti gücləndirməyə can atır...

Rəsmi İrəvan rəsmi Bakı ilə danışıqlarda Dağlıq Qarabağın statusu məsələsini də daxil etmək istəyir. Ancaq iki ölkə arasında əldə oluna biləcək sülh anlaşmasında Dağlıq Qarabağın statusunun yer alması inandırıcı görünmür...

Elbəyi Həsənli

Visiontv.az