"artsax" və tarixin zibilliyi...
27.03.2024

Ermənistanın bəzi dövlət qurumlarının saytlarından “artsax” haqqında qeydlərin və bölmələrin silinməsi yeni hadisədir.

Belə ki, məlumata görə, “artsax” bölməsi Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından çıxarılıb. Müdafiə Nazirliyinin saytında da “artsax müharibəsi” bölməsi artıq yoxdur. Həmçinin Ermənistan prezidentinin saytından da “artsax” bölməsi çıxarılıb. Onlar bunu sözügedən saytların “yenilənməsi” ilə əlaqələndirirlər.

Lakin əsas səbəb Nikol Paşinyanın sülhə hazırlıq istiqamətində nəzərdə tutulan tədbirlər paketi ilə bağlıdır. Yəni ki, 44 günlük müharibədən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra artıq Ermənistan da "artsax"ı tarixin zibilliyinə göndərməyin vacibliyini dərk etməyə başlayır. Bu mənada Paşinyan sülhə gedən yolu yaxın keçmişin bu kimi maneələrindən, "mina"larından təmizləməyə məcburdur.

Növbəti mərhələdə isə Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsində dəyişikliklər edilməlidir. Paşinyan yalnız bu addımları atmaqla "tarixi Ermənistan"dan, miflərlə yaşayan və qonşularına qarşı ərazi iddiaları irəli sürən davakar Ermənistandan real Ermənistana, konstruktiv Ermənistana keçid edə bilər.

Bəybala Mirzəyev

visiontv.az