Anna Hakobyanı söyməyin-telejurnalist Asəf Quliyev yazır
25.05.2020

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan hər dəfə Qarabağa səfər edəndə sülh çağırışı edir.

Və hər dəfə bu çağırışlarından sonra Azərbaycan jurnalistlərinin, Azərbaycan politoloqlarının, Sosial şəbəkələrin Azərbaycan seqmenti fəallarının tənə, təhqir və söyüşlərinə məruz qalır.

Bunu etməyin, dostlar. Anna Hakobyanı söyməyin.

Əgər ona pislik etmək istəyirsinizsə, bilin ki, siz Anna Hakobyanı söydükcə o erməni xalqının gözündə bir az da ucalır.
Əgər dünya ictimaiyyətinə ermənilərin yalançı, hiyləgər və sülh istəməyən bir xalq olduğunu çatdırmaq istəyirsinizsə, bilin ki, bu üsul effektli deyil. Əksinə onu söydükcə özümüzü gözdən salırıq.
Bir də ki, söyüş zəiflərin silahıdır axı...
Qadınları hardasa başa düşmək olur, amma kişiləri heç anlamıram.

Məni erməni qadınının təəssübün çəkməkdə qınamazdan əvvəl yazdığımı sona qədər oxuyun.

Dünən Azərbaycan – Ermənistan cəbhə xəttinin Qazax istiqamətində əsgərimizin həlak olduğu barədə məlumat gəldi. Gecə onun erməni snayperi tərəfindən vurulduğu barədə sosial şəbəkədə xəbər yayıldı.
Amma hələ də bu insident barədə heç bir rəsmi məlumat yoxdu.
Artıq dünəndən bu insidentlə bağlı Xarici İşlər Nazirliyi bəyanat verməli, ATƏT sədri, Minsk Qrupu məlumatlandırılmalı, onlardan insidentə reaksiya tələb olunmalı idi. Və bütün bu bəyanatların sonunda Anna Hakobyanın sülh çağırışı əlavə olunmalıydı.
Vəssalam.
O zaman hərə öz payını alacaqdı.

P.S. Dünən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya siyasətini dəyişmək lazım olduğunu yazmışdım. Bəzi dostlar ritorik sual vermişdilər: “İndi deyirsən neynəyək?”
Bu da sizə konkret misal.
Doğrudur o yazıda kontekst Dağlıq Qarabağ erməni icmasının yeni liderinin andiçməsi idi. Amma fərqi yoxdu. Söhbət Azərbaycan-Ermənistan münaqişəsindən gedir.