ABŞ-da "Milton" qasırğası fonunda Tramp reytinq toplayır: Necə?
14.10.2024

Tamamilə cəfəng və absurd iddiaları irəli sürməklə: "federal hakimiyyət zərərçəkmişlərə dəstək vermir", "Bayden və Harris respublikaçılara səs verən rayonlara bilərəkdən yardım göndərmirlər", "Harris ölkəyə 13 min qatil gətizdirib", "zərərçəkmişlərə yardım ətmək əvəzinə Bayden/Harris Ukraynaya yardım edirlər". Bu, Trampın sitatlarıdır. İndi isə baxın Trampın Nümayəndələr Palatasında ən sadiq tərəfdarı Mardjori Teylor-Qrin nə deyir. Teylor-Qrin deyir ki, demokratlar qasırğaları idarə edirlər və onlar bilə-bilə qasırğaları respubıikaçılara səs verən bölgələrə yönləndirirlər. Gerçəkdən söz bitdiyi yerdir, bu artıq absurd da deyil, nəsə başqa şeydir. Amma və lakin Tramp, Teylor-Qrin və bənzərləri bu cəfəngiyyatı gecə-gündüz bütün platformalarda yayımlayırlar və bu, öz effektini verir (ümid edək ki, lokal və qısamüddətli effekt olacaq).

Təbii ki, Harris və Uolts bütün media resurslardan istifadə edərək gecə-gündüz bu cəfəngiyyatı, faktlar və arqumentlərlə təkzib edirlər.

Harris öz növbəsində son günlər ərzində iş həcmi baxımından fantastik nəticə ortaya qoydu. Baxın.

- Qadınlar və gənc qızlar arasında çox populyar olan, on milyonlarla izləyicisi olan podkastda iştirak etdi.

Müraciət etdiyi auditoriya: qadınlar, gənclər.

- Çox böyük auditoriyası olan Hovard Sternə müsahibə verib.

Müraciət etdiyi auditoriya: ağdərili kişilər.

- Opra Uinfri və Vupi Qoldberqə müsahibə verib.

Müraciət etdiyi auditoriya: qaradərililər.

- "60 dəqiqə" verilişində iştirak etdi və Stiven Kolbertə müsahibə verdi.

Harris və komandası möhtəşəm kampaniya aparırlar, siyasi texnologiya baxımından hər incəliyi hesablayırlar, amma qarşılarında yalan danışmaq, şər-böhtan atmaq sənətini mükəmməl səviyyədə bacaran bir monst var və Tramp bir yalanı uyduran zaman, Kamala onu 5 dəfə təkzib etmək məcburiyyətindədir, bu isə zaman və güc itkisidir. Harris 1 yalanı təkzib edib qurtarmamış, Tramp yeni yalan uydurur. Çətindir, çox çətin, amma asan olacağını heç kim deməmişdi.

Təbii ki, ehtiyatımızda "kozır"larımız qalıb. Bir neçə günə Tramp haqda film çıxacaq və Bob Vudvordun yeni kitabı dərc olunacaq. Bu ayrı mövzulardır, ayrı müzakirə edəcəyik.

* Bob Vudvord ABŞ-ın ən ağırçəkili jurnalist-araşdırmaçılarındandır. Prezident Riçard Niksonun ətrafında "Uoterqeyt qalmaqalı" barədə eşitmisiniz? Nikson sonda istefa vermişdi. Bunu gənc Bob Vurvord etmişdi. Bu mövzuda "Uoterqeyt Ağ Evin süqütu/çöküşü" filminə baxın, mütləq.

Kamran Cəfərov

visiontv.az