Musiqilik baxımından tamlıq təşkil edən nömrələr və səhnələr ilə yanaşı “Vətən” operası fasiləsiz simfonik inkişafa malikdir. O, özünü mövzuların sırasında hərtərəfli halda göstərir. Operanın ideya məzmunun açılması və bilavasitə musiqi və tematik bağlılığı leytmotiv prinsipinə əsalanır. Q.Qarayev və C.Hacıyev müəyyən personaja arasıkəsilməyən qısa leytmotivlə yanaşı, daha genişlənmiş epizodik mövzulardan da istifadə etmişdir. Bütün bunlar operadakı əsas konfliktləri xeyir və şərin mübarizəsini əks etdirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətən” operası üzərində işləyən tanınmış musiqişünaslar L.Karagiçeva [1] və A.Tağızadə [2] operada yalnız bir leytmotivin- faşistlərin leytteması olduğunu qeyd etmişlər. Bu leytmotiv ilk dəfə birinci aktda 6 cı nömrədə komandir Sergeyevin ariyasında verilib.
Vision TV-musiqi sevər oxucularına növbəti məqaləni təqdim edir.
Keçən əsr Azərbaycan musiqi sənətinin əsas simalarından olan Qara Qarayev və Cövdət Hacıyev görkəmli bəstəkar, ictimai xadim, pedaqoq kimi tanınmış öz dəsti-xətti ilə seçilən sənətkarlardan olmuşlar. Hər iki bəstəkar öz yaradıcılığında daim böyük ideya əhəmiyyətli mövzuları əks etdirmişdir. Milli musiqi sənətimizin inkişafinda xüsusən də Azərbaycan musiqi mədəniyyətində simfoniya janrının banisi kimi tanınmışlar. Hər iki bəstəkar P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında D.Şostakoviçin sinfində təhsil almışlar. Həmin dövrdə, yəni 1941-ci ildə Q.Qarayev və C.Hacıyev “Ayna” opersını yazmağa başlayırlar. Operanın süjet xəttini “Azərbaycan kəndinin kolxozçularının həyatı” təşkil edir. Librettonun müəllifi E.Məmmədxanlı və İ.İdayətzadə idi. Onu da qeyd etmək lazımdır ki, “Ayna” operası Mədəniyyət Nazirliyinin istəyi ilə yazılmağa başlamışdır. Operanın birinci aktı yazılmağa başlamışdır ki, Böyük Vətən Müharibəsi başladı və bu zaman Opera və Balet Teatrının keçmiş direktoru İ.İdayətzadə gənc bəstəkarlara məsləhət gördü ki, “Ayna” operasının librettosunu müharibə mövzusu ilə əlaqaləndirsinlər. Beləliklə, “Vətən” operası yazılmağa başladı (librettonun müəllifi İ.İdayətzadə, nəzm hissənin müəllifi M.Rahimdir).
“Vətən” operası böyük səhnə ilə başlayır. Kolxozçular cəbhədən qayıdanları qarşılamağa hazırlaşırlar. Eldar, Diyar və Səlim qonaqların şərəfinə təriflər söyləyir və onları alqışlayırlar. Onlar cəbhədən qayıdanlar arasında olan Aslanı tərifləyirlər, bircə Mərdan bütün baş verən bu hadisələrə biganədir, yoldaşları onu camaata qoşulmağa, xeyirli bir iş görməyə səsləyirlər. O, amma bütün bunlara, baş verən hadisələrə əhəmiyyət vermir. Mərdanın belə biganə olmasının səbəbi rəqibi Aslana olan paxıllığından irəli gəlir. Çünki onun rəqibi Aslan cəbhədə igidlik göstərib və vətənə qayıdıb, bu isə Mərdanda Aslana qarşı paxıllıq hislərinin yaranmasına səbəb olur, dünən qapılarda nökər olan Aslanı hamı sevir, hamı onun qoçaqlığından danışır. Mərdanın sevdiyi qız – Dilbər də Aslanı alqışlayır. Dilbər də igidlərlə bərabər cəbhəyə-döyüş meydanına şəfqət bacısı kimi getməyə hazırlaşır, bunu esidən Mərdan daha da qəzəblənir və Dilbərin Aslanı sevib –sevmədiyini soruşur, Dilbər isə cavabında bildirir ki, Aslanı hamı, bütün el-oba sevir.
Bu opera gənc bəstəkarların ilk operası olmasına baxmayaraq onlar Azərbaycan musiqisində zəruri olan yeni janr –realist musiqi dramı yaratmışlar. Bəstəkarlar hər ikisi eyni dərəcədə hadisələrin həyəcanlı olmasına çalışmışlar. Bu isə operanın kompazisiyasının özünəməxsusluğu, orijinallığıdır.
Operadakı hərtərəfli səhnələr, musiqili-dramatik dialoqlar və tamamlanmamış mahnıvarlilyə əsaslanan ariaza nömrələri, rəqs səhnəsi ahənglik təşkil edir.
Operanın birinci aktının sonunda final xorundan əvvəl rəqs səhnəsi verilmişdir. Bu rəqs “Yallı” rəqsi ruhunda yazılıb. Sanki insanları birliyə, həmrəyliyə səsləyən çağırış ruhlu bir rəqsdir. Operada yeganə rəqs nömrəsidir. Sol minor tonallığında, 2/2 ritmində yazılmışdır.
Operadakı bütün səhnələrə bəstakarlar quruluş və bütövlük vermişlər onlardan çoxu simmetrik olub tez-tez istifadə olunan repriza formasında, bəziləri böyük olmayan koda ilə bitərək musiqi materialının inkişafını tamamlayır.
Musiqilik baxımından tamlıq təşkil edən nömrələr və səhnələr ilə yanaşı “Vətən” operası fasiləsiz simfonik inkişafa malikdir. O, özünü mövzuların sırasında hərtərəfli halda göstərir. Operanın ideya məzmunun açılması və bilavasitə musiqi və tematik bağlılığı leytmotiv prinsipinə əsalanır. Q.Qarayev və C.Hacıyev müəyyən personaja arasıkəsilməyən qısa leytmotivlə yanaşı, daha genişlənmiş epizodik mövzulardan da istifadə etmişdir. Bütün bunlar operadakı əsas konfliktləri xeyir və şərin mübarizəsini əks etdirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətən” operası üzərində işləyən tanınmış musiqişünaslar L.Karagiçeva və A.Tağızadə operada yalnız bir leytmotivin- faşistlərin leytteması olduğunu qeyd etmişlər. Bu leytmotiv ilk dəfə birinci aktda 6 cı nömrədə komandir Sergeyevin ariyasında verilib.
Opera üzərində dərin təhlil apararkən isə musiqi materialının əsasında belə qənaətə gəlmək olur ki, əsərdə müəyyən tematik komplekslər qoyulmuşdur. İnkişaf prosesində onlar qarşı-qarşıya qoyularaq dəyişikliyə məruz qalır, bir-birini əvəz edir. Həmçinin qeyd etmək lazımdır ki, verilmiş təsdiq özünü əsərin partiturasının təhlilində olduğu kimi, bəstəkarların öz dəstixətti ilə yazdıqları partituranın kənarında izah olunur.
“Vətən” operasının klavir variantının təhlili zamanı, müəlliflərin bəzi qeyd əlyazmalarına nəzərən operada digər leytmotivlərin də olduğunu görürük. Operanın əsas qıhrımanlarından olan Aslanın leytmotivləri, Mərdanın leytmotivləri, Eldarın leytmotivləri buna misal ola bilər.
Operanın əsas qəhrəmanı olan Aslanın üç leytmotivi mövcuddur . Birinci leytmotiv birinci aktda giriş hissədə səslənir. İnstrumental bir formada verilmişdir. Bu leytmotiv bir daha birinci aktda 8 ci nömrədə Aslanın ariyası və xor sıhnısində keçir. Bu leytmotiv vokal partiyada səslənmişdir. Bu səhnədə Aslan Ana yurda, Vətənə olan sədaqətindən, məhəbbətindən bəhs edir. Elə Aslan obrazı ilə ilə ilk dəfə bu səhnədə tanış oluruq və həmçinin o, Vətənə sadiq döyüşçü olduğuna and içir.
Aslanın ikinci leytmotivi birinci leytmotiv kimi birinci aktda –giriş hissədə instrumental şəkildə səslənir. 8 ci nömrədə Aslanın ariyası və xor səhnəsində bu leytmotiv vokalın ifasında səslənir. Bu leytmotivlər “Vətən” operasının baş qəhrəmanı olan Aslanı xarakterizə edən iki əsas leytmotivdir.
Aslanın üçüncü leytmotivi 16 ci nömrədə verilmişdir. Bu leytmotiv birinci aktda Aslanın ariyası və xor səhəsində verilmişdir. Hər iki səhnədə leytmotivlər vokalın partiyasında keçir. Baş qəhrəmanın qəhrəmanlığından, cəsarətindən, dönməzliyindən xəbər verir.
Operanın digər qəhrəmanlarından biri də Mərdandır. Mərdan obrazını təhlil edərkən biz onun inkişafda olan bir obraz olduğunu görürük. Operanın əvvəlində o, paxıl, aciz bir obraz kimi verildiyi halda, sonda ikinci aktdan başlayaraq onun xarakterində müsbət xüsusiyyətlər yaranır.
Mərdan obrazının xarakteristikasına baxdıqda onun da leytintonasiyasının olduğunu görürük. Aslan kimi onun da leytintonasiyası ilk dəfə birinci aktda giriş bölməsində səslənir. Bu leytintonasiya bir daha birinci aktda 8 ci nömrədə Aslanın ariyası və xor səhnəsində verilir. Bu leytmotiv dramaturji ziddiyyət rolunu oynayır. Belə ki, Mərdan Aslanı özünə rəqib hesab edir. Bu leytmotivin dramaturji xüsusiyyəti həm də ondan ibarətdir ki, Mərdan və Aslanın taleləri bir-biri ilə bağlıdır. Mərdanın ikinci leytmotivi dördüncü aktda verilən əzab leytmotividir. Mərdan əzab leytmotivində Aslan paxıllıq etdiyini açıq şəkildə yoldaşlarına bildirir.
Əsas qəhramanların leytmotivlərindən başqa döyüşçü Eldarın da leytmotivi var. Onun leytmotivi ilk dəfə girişdə səslənir. Daha sonra isə Mərdanın ariyasında verilmişdir. Eldar Mərdana məsləhət verir ki, sən da cammata qoşul, xeyirli, faydalı bir işlər gör.
“Vətən” operasında Dilbərin leytmotivi yoxdur. Lakin onun bütün ariyalarını birionci aktda 4 cü nömrədə Dilbər və rəfiqələrinin səhnəsi, birinci aktda 13 cü nömrədə Dilbərin ariyası, üçüncü akt 1 ci nömrədə giriş və Dilbərin ariyasını başlanğıc dönməsi yuxarı gedən üç not təşkil edir.
Qeyd etmək lazımdır ki, operada olan əsas personajların xarakteristikası bəstəkarlar tərəfindən tamamlanmış, bitmiş epizod formaları –ariyalar, mahnılar, ansambl vasitəsilə verilmişdir. Bununla belə ariya bəstəkarlarda “mərkəzləşmiş” an olub hər hansı personajın həyatında onun hərtərəfli musiqi portretinin yaranmasına kömək edir. Nümunə olaraq, Mərdanın birinci və dördüncü pərdədəki ariyalarını göstərmək olar.
Hər iki bəstəkarın əsaslı qələbəsi ondan ibarətdir ki, qəhrəmanların daxili aləmləri və hərəkətləri əsərin dramatik xəttində birbaşa olaraq əsərin yekununu təşkil edir, operanın əsas qəhrəmanlıq istiqamətini müəyyən edir.
“Vətən” operası özünün hər bir hissəsi ilə eyni əhəmiyyətə malik əsərdir. Yüksək bədii və böyük hissetmə qüvvəsinə malik epizodlarla yanaşı, musiqi parçaları da verilmişdir. Bununla əlaqədar qeydetmək lazımdır ki, operanın Üverturası yoxdur.
Bu opera yazıldığı dövrdə Böyük Vətən müharibəsi mövzusu o zamanki opera sənətində az əks olunurdu. Həmçinin Azərbaycanda bu opera Vətən müharibəsi epopeyasını canlandıran və Azərbaycan dilində yazılmış ilk çoxpərdəli opera idi. Əlbəttəki bu opera nöqsansız deyil. Operanın müsbət tərəfləri kimi onun mənfi tərəfləri də eyni dərəcədə təhlil olunmalıdır.
Operanın yarısını təşkil edən üç şəkil –altı səhnədən ibarət olub müsbət obrazların açılmasına həsr olunaraq operanın musiqi hərəkətinin dinamizmini az ifadə edir.
Silahlı toqquşmalar zamanı mənfi qüvvələrin təsviri qeyri-adi, qroteks musiqi metodu ilə verilmişdir. Faşistlərin mövzusu ənənəvi faşist obrazlarına xarakterik-artırılmış kvarta intonasiyalı intonasiyalı punktirli, marşsayağı ritmə əssaslanıb, orkestrdə mis nəfəsli alətlərin boğuq səsləri, fleyta-pikkolanın, skripkaların qışqırıcı, çığırgan səslənməsi ilə təsvir olunmuşdur. Faşistlərin qrotesk xarakteristikasına və döyüş epizodlarının daxili mürəkkəbləşməsinə istinad edən inqilabçıların iddialarına baxmayaraq, bu üsullar heç də formal tendensiyalarla bağlı deyil.
Həmçinin operada dramaturji səhnələrlə yanaşı genişlənmiş xor səhnələri ilə yanaşı, operanın qəhrəmanlarını tərif edən və ya səhnədəki hadisələri şərh edən xor epizodlarından da istifadə olunmuşdur.
Müəlliflər “Vətən” operasında klassik opera ənələrinə istinad edir, bu da özünü daha çox Azərbaycan xalq nəğmələrinə məxsus elementlərin ardıcıl inkişafında göstərir ki, bu da nəticədə operanın musiqi tərzini müəyyən etmişdir.
Bu opera tamaşaçısı tərəfindən isti qarşılanmış və yüksək qiymətləndirilmişdir. “Vətən” operasının yaranması Azərbaycan musiqi teatrı tarixində mühüm hadisə olmuşdur. Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından gələn ənənəni F.Əmirov “Sevil”, V.Adıgözəlov “Natavan”, F.Əlizadə “İntizar” operalarında davam etmişlər.
Müəllif:Azərbaycan Milli Konservatoriyasının dissertantı:Leyla Cumayeva
Vision TV-Fərqanə Əliyeva