Yaxın Şərqdəki müharibənin indiyədək yeganə qalibi Rusiya olub. Səbəb isə enerji qiymətlərinin artması, Ukraynadakı təcavüzkar müharibəyə diqqətin azalmasıdır. Bunu martın 10-da Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta deyib.
"İndiyədək bu müharibənin bircə qalibi var, o da Rusiyadır", – Koşta Brüsseldə Aİ səfirləri qarşısında çıxışında deyib.
"Enerji qiymətlərinin qalxması Rusiyaya Ukraynadakı müharibəni maliyyələşdirməyə əlavə resurslar qazandırır. Rusiya Ukraynaya göndərilə biləcək hərbi imkanların başqa səmtə yönəlməsindən də faydalanır. Bundan əlavə, Yaxın Şərqdəki münaqişənin diqqət mərkəzinə gəlməsi Ukrayna cəbhəsinə diqqəti azaldıb", – Koşta vurğulayıb.
Onun sözlərinə görə, Aİ beynəlxalq qaydalara əsaslanan nizamı qorumalıdır, hazırda ABŞ bu düzənə meydan oxuyur. Koşta Yaxın Şərqdə bütün tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyini də qeyd edib.
"Azadlıq və insan hüquqları bombalarla əldə edilə bilməz. Onları yalnız beynəlxalq hüquq qoruyur", – o deyib.
Koşta daha böyük eskalasiyanı önləməyin vacibliyindən danışıb.
visiontv.az