İran Türkiyə və Azərbaycan arasındakı strateji əlaqələrə təsir etmək məqsədilə qardaş ölkənin media və informasiya vasitələrindən aktiv şəkildə istifadə edir.
İranın əsas media strategiyası Türkiyə–Azərbaycan birliyində fikir ayrılığı yaratmaqdır.
Bunun üçün istifadə olunan əsas vasitələr din və mədəni dəyərlər, regional əməkdaşlıq, Qərb və İsrail təsiri haqqında konspirasiya nəzəriyyələri və s.-dir.
İran belə kampaniyalarla mediada narazılığı artırır və Azərbaycan–Türkiyə qardaş əlaqələrini zəiflətməyə çalışır.
İranın Türkiyə media müstəvisində əsas yük sosial şəbəkələrin türk dilli seqmentində qurduğu anti-Azərbaycan təbliğat fəaliyyətidir.
Burada saxta hesablar və bot şəbəkələri ilə koordinasiya olunmuş paylaşım kampaniyaları vasitəsilə sistemli əks təbliğat qurulub.
Məqsəd eyni məzmunlu mesajları kütləvi şəkildə tirajlamaqla cəmiyyətdə Azərbaycanla münasibətlər haqqında qütbləşmə və fikir ayrılığı yaratmaq və “guya belə fikirlərə böyük ictimai dəstək var” görüntüsü formalaşdırmaqdır.
İran həmçinin alternativ media və blogerlər vasitəsilə də Türkiyə media müstəvisində anti-Azərbaycan təbliğat təsirini artırır.
Bu platformalar özlərini müstəqil kimi göstərsələr də, çox vaxt eyni narrativləri təkrar edir, Türkiyə–Azərbaycan əlaqələrinə dair şübhələr və yanlış məlumatlar yayırlar.
Xüsusi missiya isə burada radikal siyasi qrupların və dini təşkilatların istifadəsi ilə İranın apardığı informasiya təbliğatıdır.
Məqsəd bu qruplar arasında Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq barədə narazılığı artırmaqdır.
İranın bu qruplarla apardığı təbliğatda əsas mesajlardan biri guya İranın region və dinin əsas qoruyucusu olması ideyasıdır.
Azərbaycanın Qərblə balanslı siyasəti region üçün təhlükə kimi təqdim olunur, həmçinin iki ölkədə milli və dini məsələlər manipulyasiya edilir və s.
Ramazan ayı olduğu üçün İran dini və mədəni ritorikadan daha geniş istifadə edir.
İran özünü regionun dini dəyərlərinin qoruyucusu kimi təqdim edir, Azərbaycanı isə “ənənəvi islami dəyərlərə təhlükə” kimi göstərməyə çalışır.
Bu prosesdə Türkiyədə fəaliyyət göstərən və ya Türkiyə auditoriyasına yönəlmiş bəzi xarici media strukturları, xüsusilə də Rusiyanın qardaş ölkə media müstəvisində qurduğu infrastrukturu da aktiv iştirak edir və anti Azərbaycan narrativlərinin formalaşmasına iştirak edir.
Rusiyaya bağlı bu media təsisatlar eyni mənaya gələn müxtəlf məzmunlu narrativlərini təkrarlayır.
Türkiyə media platformaları və sosial media şəbəkələri regionda geosiyasi rəqabət mövzularının qabardardılması ilə Türkiyə–Azərbaycan əməkdaşlığına dair təhrif olunmuş yanaşmaları gücləndirən məzmunların yayılmasına kömək edir.
Bu mühitdə müxtəlif platformalarda yayılan mesajlar bəzən bir-birini tamamlayan informasiya təsiri yaradır və nəticədə ictimai rəyə təsir imkanları artır.
Təsir kampaniyalarında faktların manipulyasiyası, statistik təhriflər, qısa emosional videolar və konspirasiya nəzəriyyələri ilə yayılan “gizli planlar” mesajlarından istifadə olunur.
Bütün bunlar isə sosial şəbəkələrdə sürətlə yayılaraq oxucuda güclü, emosional anti-Azərbaycan təsiri yaratmağa hesablanır.
Politoloq Yeganə Hacıyeva
visiontv.az