ABŞ-nin yeni Prezidenti Donald Tramp seçki ərəfəsində dediyi kimi, Rusiyanı yox, Çini rəqib kimi seçib və bu baxımdan onun hakimiyyəti dövründə dünyada nələrin baş verəcəyi maraqla gözlənilir. Əslində dünya yenə də öz axarı ilə gedəcək. Geosiyasi oyunçular da özlərinə uyğun oyunları oynayacaqlar. ABŞ-də xüsusi institutlar, Mərkəzi Kəşfiyyat İdarəsi, onun mərkəzi aparatı var. Onlar bu oyunları işləyib hazırlayacaqlar, Tramp da bunu lazımi şəkildə mediada səsləndirəcək. Çünki, ABŞ kimi imperativ düşüncəyə malik ölkələr sistemli şəkildə idarə olunur.
Baxmayaraq ki, Tramp seçki ərəfəsində üsyankarcasına bildirdi ki, artıq bu gündən ABŞ-nin tarixi və dəyərlər sistemi dəyişir. Bəli, bu, hesabdan kənara çıxan çıxışlara aiddir. Bu, Trampın sırf psixoloji xüsusiyyətlərindən irəli gəlir. Onun psixoloji portreti, psixoloji xüsusiyyətləri Mərkəzi Kəşfiyyat İdarəsində araşdırılıb, təhlil edilib, planlar qurulub. Bu gün ABŞ-yə bu tipli şəxs lazımdır və onun öyrənilmiş fərdi xarakteri üzərində strategiyaların həyata keçirilməsi nəzərdə tutulub.
Tramp xüsusən Çinə qarşı sərt çıxış edir. Həqiqətən də Çin ABŞ-nin bütün iqtisadiyyatını “yeyir”. Çünki ABŞ-nin bütün aparıcı şirkətləri, korporasiyaları ucuz işçi qüvvəsinə görə, zavod və fabriklərinin patent hüququnu əldə saxlamaqla Çində açılmasında maraqlıdırlar. Pekinə “səlib yürüşü” elan edilməklə, eyni zamanda, Çinə gedən kapital axınının qarşısını almaq istəyirlər. Bu məsələdə Trampın psixoloji portreti çox işə yarayır.
İkinci bir tərəfdən Latın Amerikasından miqrant axını ucuz işçi qüvvəsi deməkdir. Ucuz işçi qüvvəsinə görə ABŞ sosial təminatların altında əzilir. ABŞ böyük dövlət olmaqla yanaşı, borc içində batan bir dövlətdir. ABŞ-nin dövlət borcu triliyonlarla ölçülür. ABŞ çalışır ki, bu xərcləri azaltsın və Çinə gedən kapital axınının qarşısını alsın.
Həm də müasir dövr üçün Rusiyada da baş verən siyasi prosesləri diqqətlə izləməliyik. Xüsusən son vaxtlar üstüörtülü Rusiya-Almaniya yaxınlaşması daha çox maraq doğurur. Almaniyanın yenidən super qüdrətli dövlət olmaq iddiası, tarixi keçmişə əsaslanan dərin dövlət siyasəti, onu Rusiya ilə yaxınlaşmağa vadar edir.
Lakin Almaniya, eyni zamanda da, Köniqsberqi (Kalininqradı), qədim şərqi Prussiya torpağını geri qaytarmaq iddiasındadır. Ona görə də Almaniya heç də qüvvətli Rusiyanın olmasının marağında deyil və onlara elə gəlir ki, torpaqları zəif və parçalanmış Rusiyadan daha asan geri qaytararlar.
Lakin ABŞ Almaniyanın qüvvətlənməyinin marağında deyil, ona tam əldən düşmüş Rusiya da lazım deyil. İndidən təhlükəni sovuşdurmaq üçün beynəlxalq aləmdə gələcəkdə güclü ola biləcək Almaniya ətrafında cəmlənməni aradan qaldırmaq üçün öz strategiyasını yeridir.
Almaniyaya yaxınlaşan Rusiyanı nəzarətə götürmək üçün ilk öncə postsovet məkanında amerikanpərəst hakimiyyətlərin dövlət başına “gətirilməsi” (Ukrayna, Gürcüstan) siyasətini həyata keçirməyə başladılar.
Buna cavab olaraq, Almaniya ilk baxışdan qeyri-adi görünəcək Ukraynaya silah göndərməkdən imtina etməyə cəhd etdi. Bununla da Almaniya “öz kartını” göstərməyə başladı. Lakin bu an Fransanın və Niderlandın Avropa evi konstitusiyasından imtina etməsi Almaniyanı daha ehtiyatlı davranmağa vadar etdi. Ukrayna müharibəsinə sövq edilmiş Rusiyanın isə Yaxın Şərqdə Suriya münaqişəsində öz sözünü demək onun imkanından xaric oldu. Baxmayaraq ki, siyasi dairələrdə bu, qınanıldı, ABŞ tənqid atəşinə tutuldu, amma nəticə dəyişmədi.
Ona görə də Suriyada baş verən son siyasi fəaliyyət Ağ Evdə oturanların baxış psixologiyalarına tam uyqundur. Digər tərəfdən, Türkiyənin Suriyada nəzarətli “əl-qol açması” üçün ABŞ-nin təsir dairəsində olan banklar xarici borclarla yüklənmiş Türkiyəyə veriləcək növbəti kredit transferini kəsərək əvvəlcədən verilmiş kreditlərin faizlərinin qaytarılması məsələsini qaldırırlar.
Həmçinin kürd separatizminin regionda canlanması və PKK tərəfdarlarının Türkiyə ərazisində təxribatlar keçirmələri bütün rəsmi güc strukturlarının sinirlərini tarıma çəkib. Bu da türklərdə özünüqoruma psixologiyasını işə salaraq, millətçiləri gücləndirəcək.
ABŞ millətçilərinin Türkiyədə hakimiyyətə gəlməsində də maraqlı deyil. Bu baxımdan Türkiyədəki ictimai-siyasi gərginliyi yumşaltmaq üçün Tramp son günlər Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına referans çıxışlar edir.
Əslində Trampın bütün çıxışlarında ABŞ-nin uzaqgörən siyasəti, strategiyası, beyin mərkəzlərinin düsturları dayanır. Heç kim düşünməsin ki, Tramp ABŞ-də inqilabçı Çe Qevara kimi ortalığa çıxıb. Tramp ABŞ siyasi sisteminin məhsuludur. Tramp kapitalistdir. Görüntüyə, hətta bəyanatlara belə aldanmaq olmaz.
Adıgözəl Məmmədov
Visiontv.az