Bu gün Hüquq və İnsan Haqları İnstitutunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masa keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin İcraçı direktoru Samir Mahmudov kommentariya layihəsi barədə məlumat verib.
Samir Mahmudov deyib ki, Mülki Məcəlləyə şəxsiyyət hüquqları ilə bağlı yeni fəsil əlavə edilməsi təklif olunur: “Ölkədə düzgün normativ hüquqi aktların tətbiqi təcrübəsi formalaşmalıdır. Bizdə hələ də məhkəmə qərarları üzrə təkmil axtarış sistemləri mövcud deyil”.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə nəzərə çatdırıb ki, ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb: “Digər tərəfdən, qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumunun, nənə və babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb”.
Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev müvəqqəti saxlama yerlərində şəraitin ürəkaçan olmadığını söyləyib və bunun aradan qaldırılması üçün addımların atılmasını zəruri sayıb.
İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına dair Avropa Komitəsinin (İQAK) üzvü Ceyhun Qaracayev qeyd edib ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun təxminən 5 il müddətinə hazırlanıb: “Əslində o dövr üçün ölkənin pozitiv öhdəlik götürüb ona xidmət etməsi böyük hadisə idi. O dövrdə həbs yerində olan şəxslərin şəraitinin yaxşılaşdırması maliyyə tələb edirdi. Ona görə postsovet ölkələri bunda maraqlı deyildi. Bu qanunun qəbulu ATƏT tərəfindən alqışlanmışdı. O vaxt parlamentdə biz müvəqqəti saxlama yerlərində 20 gün saxlanılmanı təklif etmişdik, ATƏT buna etiraz etmişdi ki, maksimum 10 gün təklif olunmuşdu”.
Ceyhun Qaracayev qeyd edib ki, bütün rayonlarda istintaq təcridxanaları hazırlanmalıdır: “Biz nəhayət, bizə qarşı olan tənqidləri müzakirə edirik və dəyişməyə hazırlaşırıq. Bu, çox böyük addımdır. Dövlət içərisində özünü tənqid etməyə hazır olmalıdır. Bunu etdikcə hüquq sistemi təkmilləşir, etməsək, hüquq sistemi çökür. Biz 90-cı illərdən bu yana hüquq sistemində çoxlu nailiyyətlər əldə etmişik. Qanunun məqsədi də penitensiar xidmətə nəzarət deyil. Penitensiar xidmətdə tibbi xidmət çox yaxşı olmalıdır. Bu, təqdim edilən layihədə nəzərə alınmayıb”.
Ombudsman Səbinə Əliyeva hesab edir ki, ombudsmana qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti verilsə, yaxşı olar.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Kamil Səlimov cəzaçəkmə müəssisələrindəki məhkumlara tibbi sığorta tətbiqini vacib sayır.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu kommentariya layihəsi vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasına xidmət edəcək.
Tədbir müzakirələrlə davam edib.