Mərakeş öz ordusunu modernləşdirmək üçün İsrail və Türkiyə silahları alıb. “Forbes” məlumat verir ki, bu silahlar İkinci Dağlıq Qarabağ müharibəsinə qədərki son illərdə Azərbaycanın əldə etdiyi cəbbəxanaya çox oxşardır.
Məğrib ölkəsi ümid edir ki, yeni hərbi texnika Qərbi Böyük Səhraya görə münaqişədə olduğu və Əlcəzairin dəstəklədiyi “Polisario” Cəbhəsi üzərində oxşar qələbə qazanmağa imkan verəcək. Keçmiş İspaniya müstəmləkəsi olan Qərbi Böyük Səhra hazırda BMT tərəfindən "özünü idarə etməyən ərazi" hesab olunur. Region onilliklər ərzində Mərakeş və “Polisario” Cəbhəsi arasında mübahisəli sayılıb.
44 günlük müharibənin bütün dünyada öyrənildiyi, dünya hərb elmini dəyişdiyi haqda dəfələrlə yazılıb və deyilib. Bu savaşın türk silahının reklamı üçün belə rol oynaması da qürurvericidir. Amma....
Mərakeşin istəyi yaxın və uzaq tarixdən başqa hadisələri də yada salır.
Ötən il fevralında Rusiyanın növbəti hərbi təcavüzü başlayanda Ukraynanın özündə və xaricdə (Litva, Polşa və Norveçdə )maraqlı bir kampaniya keçirilmiş, toplanmış üst-üstə 50 milyon dollardan çox vəsait “Bayraktar” almağa xərclənmişdi. İş ondadır ki, “Bayraktar” bütün dünyada rus ordusuna, rus silahına qarşı effektiv və əl çatan silah kimi tanınır, əsl xalq sevimlisinə çevrilib. Lakin daha əvvəllər Liviya və Suriyada tətbiq olunsa da, “Bayraktar” belə ümumxalq şöhrətinə görə məhz II Qarabağ savaşına borclu idi. Toplanmış vəsait təyinatı üzrə xərcləndi, "Bayraktar"lar da alındı, amma Liviya və Suriyada olmadığı kimi, Ukraynda da elə də effektiv olmadı. Hərçənd Ukryanaya daha təkmil aparatlar satılırdı, çünki 44 günlük savaşdan sonra türklər texnologiyanı da da inkişaf etdirmişdilər. “Bayraktar” həmin “Bayraktar” idi, hətta daha üstün idi, amma əsgər o əsgər, ordu o ordu deyildi.
****
Çaldıran döyüşü ilə bağlı məşhur tarixi rəvayəti çoxları bilir. Rəvayətə görə, Şah İsmayıl qılıncı ilə topların zəncirini doğrayarkən bir topun lüləsini də kəsir. Bunu eşidən Sultan Səlim döyüşdən sonrə xəbər yollayır ki, Şah həmin qılıncı ona göndərsin. Xahişə əməl olunur. Sultan saray əyanlarını yığıb onların gözü qarşısında qılıncla topa zərbə vurur. Nəticə hasil olmur. Şah İsmayila məktub yazırlar ki , yəqin, o, Çaldıranda məğlub olduğuna görə həmin qılıncı göndərməyib. Az sonra Sultan Səlim Şah İsmayıldan cavab alır: ”Qılınc həmin qılıncdır , qol həmən qol deyil!"
Bu gün adi boz qulunu Qırata, qılıncı topyaran qorxunc silaha çevirən babalarının ruhunu yaşadan; ucuz dronlar və kukuruzniklərlə dünya hərb tarixin dəyişməyə bacaran oğulların anım günüdür. Silahlar həmən qılınclardan daha ağır idi; amma qollar da daha qüvvətli idi.
Ruhlarına Fatihə!
Cəmaləddin Quliyev
visiontv.az