Qabilin Habili öldürdüyü Yaxın Şərq
06.10.2024

Yaxın Şərq etnik, dini və ya məzhəblərarası müharibələrin və münaqişələrin heç vaxt dayanmadığı bir coğrafiyadır. Bölünmələr o qədər böyükdür ki, heç kim bir-biri ilə tam düşmən və ya tam dost deyil. Livandakı şiə Hizbullah hərəkatının lideri Həsən Nəsrallahın İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülməsi ilə bu vəziyyət bir daha konkretləşdi. İranın dəstəyi ilə Livan Hizbullahı İsrailin Yaxın Şərqdə genişlənməsinə qarşı çıxan ən israrlı qüvvələrdən biridir. Lakin sünni Həmas təşkilatı və şiə Hizbullah təşkilatı İsrailin işğal planlarına qarşı birgə mübarizə aparsalar da, bununla Yaxın Şərqdə qədim “şiə-sünni” parçalanmasına son qoyulduğunu söyləmək mümkün deyil. Əslində Nəsrallahın ölümündən sonra baş verənlər bu parçalanmanın ortada olduğunu açıq şəkildə göstərdi.

Məsələn, Suriyanın şimalında ultra-dini sünni terror təşkilatı HTŞ-nin (Heyetu Tahriru'ş Şam) nəzarətində olan bölgələrdə Nəsrallah öldürüldükdən sonra insanlar küçələrə çıxaraq coşğulu sevinc nümayiş etdirib, İsrailin şiələri məhv etməsinin “şərəfinə” şirniyyatlar paylanıb. Türkiyədə AK Partiya hökumətinin Nəsrallahın qətlinə reaksiyası da bu baxımdan maraqlı idi. Eyni İsrail bir neçə həftə əvvəl sünni HƏMAS-ın siyasi liderlərindən olan İsmayıl Haniyəni oxşar sui-qəsdlə öldürəndə, AK Partiya hökumət rəsmiləri əvvəlcə Haniyəni “şəhid” elan etmiş, daha sonra prezident Ərdoğanın qərarı ilə kampaniya başlamışdı. Haniyə üçün Türkiyə daxilində gündəlik matəm elan edildi. Ancaq nə Ərdoğanın sosial media hesablarında etdiyi paylaşımlarda, nə də digər AK Partiya rəsmilərinin açıqlamalarında İsrail tərəfindən öldürülən Nəsrallah üçün heç vaxt “şəhid” ifadəsi işlədilmədi.

Aydındır ki, İsrail tərəfindən Hizbullah liderlərinin bir-bir sıradan çıxarılması Yaxın Şərqdəki sünni icmasını çox da narahat etmir. Hizbullahın sırf liderləri öldürüldüyü üçün məhv edilə biləcəyini düşünmək məntiqli deyil. Hizbullah Livanda kütləvi hərəkatdır. Üstəlik, nə qədər ki, İranın dəstəyi davam edir, Nəsrallah və komandasının yerinə yenilərinin gələcəyini, Hizbullah büdrəsə belə, ayağa qalxacağını proqnozlaşdırmaq yanlış olmaz. Onu da unutmaq olmaz ki, İsrail Qəzzədən sonra müharibəni Livanın cənubuna aparıb, beləliklə də onu iki cəbhəyə çevirib. Sünni ölkələr isə bu savaşı kənardan izləyərək şiə qruplaşmasının məhvini gözləyir.....

P.S. Bilirəm bəlkədə bu təhlilimdəki fikirlər kimlərəsə xoş olmayacaq, lakin İslam aləminin durumu budur. Acınacaqlı və rəzil bir durum....Qardaşın qardaşı satdığı, öldürdüyü bölgədir bura. Qabilin Habili öldürdüyü kimi.

Pərviz Əliyev

visiontv.az