Pezeşkianın zəngindən sonra bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub
10.03.2026

İran Prezidenti Məsud Pezeşkianın azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngini müsbət qiymətləndirirəm. Kaş ki, bu zəng məlum hadisədən dərhal sonra edilərdi. Bütün hallarda Məsud Pezeşkianın telefon zəngi zamanı Azərbaycan Prezidentinin İranın dini lideri Əli Xameneinin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirməsi əhəmiyyətlidir.

Məsud Pezeşkianın Naxçıvanın dron atəşinə tutulması ilə bağlı insidentin hadisənin araşdırılacağını vurğulaması da vacibdir. Doğrudur, İran Prezidenti yenə əvvəlki fikrini təkrarlayaraq insidentin İranla əlaqəsi olmadığını iddia edib. Önəmli olan Pezeşkianın məsələni araşdıracağını vəd etməsidir. Öz növbəsində telefon danışığı zamanı İlham Əliyevin İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verməsi ölkəmizin qonşuda müharibənin əleyhinə olduğunun göstəricisidir. Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir, əksinə ortaq layihələrin və qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq. Təsadüfi deyil ki, telefon söhbətindən dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.

Önəmli olan İrandakı bütün qüvvələrin Prezident Məsud Pezeşkianın Azərbaycanla tərəfdaş münasibətlərə çalışmasına əngəl olmamalarıdır. Təəssüf ki, həmin qüvvələr Prezidentə tabe deyillər. Ancaq onlar anlamalıdırlar ki, ölkəmiz əleyhinə təxribatlarını davam etdirsələr, həm Prezidentlərini pis vəziyyətdə qoyacaqlar, həm də Azərbaycanla bütün körpüləri yandıracaqlar. Bunun hansı mənfi nəticələrə gətirəcəyini anlamaları lazımdır.

Elxan Şahinoğlu

visiontv.az