Evli bir cütlük. Kinoteatra gedəcəklər. Kişi gec hazırlaşdığı üçün arvadına hirslənməyə başlayır. Liftdə mübahisə edərək aşağı enirlər.
Yollar tıxacdır. Kişi gah onu sıxışdıran sürücülərə bağırır, gah da gecikirlər deyə arvadını tərsləyir.
Kinoteatrın ətrafında maşını park etməyə yer tapılmır. Əsəblər tarıma çəkilir. Böhran davam edir.
Film zay çıxır. Bu dəfə hücuma qadın keçir. Ərini "sarsaq film seçməkdə" günahlandırır. Mübahisə edə-edə evlərinə qayıdırlar.
İndi gəlin işin SOSİAL MEDİA tərəfinə baxaq!..
Düşünün ki, siz bu cütlüyün dostusunuz.
Evdə sakitcə istirahət edirsiniz. Kefiniz yaxşıdır. Arada telefonu qurdalayırsız. Instagramda cütlüyün şəkli çıxır qarşınıza – kresloya yayılıblar, qucaqlarında böyük bir popcorn paketi, fotonun altında yazılıb:
"Gözəl bir axşam, möhtəşəm bir film, popkorn və Aşkım".
Cümlənin sonunda da təbii ki, ürək işarəsi var.
Həsəd aparırsan. “Mən evdə oturmuşam, xalxın uşağı da gəzməkdə, kefdə-damaqdadır” deyə canın sıxılır. Darıxırsan…
Sosial Media illüziyasıdır bu. Hər kəs ucsuz bucaqsız bir səhnədədir sanki, sürəkli poza verir, özünü göstərir. Tamaşaçılar da bu möhtəşəm yarışa baxıb həsəd aparır.
Sosial mediada hər kəs mutlu görünmək istəyir. Bəxtəvər görünmək üçün böyük səy göstərir. Ancaq Instaqramda paylaşılan fotoda bu səylər görünmür, necə dəridən-qabıqdan çıxdıqları hiss olunmur..
Stanford universitetindən Sosial Media illüziyasını araşdıran tədqiqatçılar buna DUCK SYNDROME, yəni Ördək Sindromu deyirlər.
Ördəklər gölün üzərində necə rahat və hamar üzürlər. Görünüşə görə sanki heç bir səy göstərmirlər. Ancaq ördəyin suyun içində qalan ayaqları avtomat kimi durmadan işləyir. Amma kənardan baxanda onun bu cəfası görünmür.
Sosial mediada suyun altında qalanlar görünsə inanın ki, kimsə onlara baxıb həsəd aparmaz, onların yaşadığı bərbad bir axşamı yaşamaq, sarsaq filmi izləmək istəməz, halına şükr edər…
İbrahim Nəbioğlu
visiontv.az