Bu gün Qərbi Azərbaycan İcmasının sədri, ruhən zəngin, qəlbi doğma torpaqlarının nisgili ilə dolu olan görkəmli alim, yazıçı, millət vəkili Əziz Ələkbərlinin doğum günüdür.
Əziz Yusif oğlu Ələkbərli 5 oktyabr 1960 - cı ildə Qərbi Azərbaycanın Vedi rayonunu Qaralar kəndində anadan olub.
Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və Təhsil komitəsinin, Toponomiya komissiyasının üzvüdür.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı olan Əziz Ələkbərli, 500-dən çox elmi və publisistik məqalənin, 47 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir.
"Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.
Ona hamımız müəllim deyirik. Sadə, pafossuz, hamının qeydinə qalan, dəyərli məsləhətlər verən, Vətən həsrətini ürəyində yaşayan kim varsa, ona arxa çıxan əsl müəllimdir, Əziz müəllim! Bəlkə bu da bir yazıdır ki, Əziz müəllimin dünyaya göz açdığı gün məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf edir.
Əslində O, təkcə müəllim, alim deyil, həm də millətinin ürək döyüntüsünü qəlbində daşıyan, onun əzablarını, arzularını və ümidlərini sənədli, tarixi, elmi əsərlərinə həkk edən bir fədaidir.
Qərbi Azərbaycanın taleyi, o qədim torpaqların tarixdə yaşadığı ağrılar, köç yollarında itirilən izlər, xalqımızın qəlbində açılan yaralar... Bütün bunlar Əziz Ələkbərlinin düşüncələrində və yaradıcılığında bir böyük epopeya kimi yer alır. Onun əsərlərində torpaqlarımızın, itirilən yurd yerlərimizin nəfəsi böyük inam və ümidlə birləşərək bu həqiqətləri gələcək nəsillərə çatdırır. Qərbi Azərbaycana aid nə varsa, onun kitablarında tapmaq mümkündür.
Xatirimdədir ki, ulularımla birlikdə tarixə gömülmüş ailə şəcərəmi araşdırarkən, ailəmizə aid ən qiymətli məlumatları da onun kitabında tapmışdım. Mənim kimi yüzlərlə, minlərlə insan öz dədə-baba torpaqları haqda məlumat axtararkən məhz Əziz müəllimin kitablarına müraciət edir. Bu gün Qərbi Azərbaycandakı yaşayış məskənlərimiz, onların tarixi, görkəmli şəxsiyyətləri haqqındakı məlumatlar onun araşdırmalarında cəmlənib. Bütün bu məlumatları təəccüb doğuracaq qədər hafizəsində saxlayan, danışan, canlı ensiklopediyadır, Əziz müəllim.
Qərbi Azərbaycanın səsi olmaq, onun unudulmuş səhifələrini bərpa etmək, orada yaşanan faciələri tarixə çevirmək, sadəcə bir missiya deyil, Əziz müəllimin həyatının mənasıdır. O, bu tarixi yalnız yazılarda saxlamır, onu yaşadır, yenidən həyat verir, itirilmiş yurd yerlərinin ruhunu dirçəldir. Hər yazdığı söz, hər qələmə aldığı fikir, doğma torpaqlara bir addım daha yaxınlaşmaq arzusu ilə doludur.
Əziz Ələkbərlinin çoxşaxəli fəaliyyətində əsas yerlərdən biri də Qərbi Azərbaycan İcması ilə bağlıdır. O, Qərbi Azərbaycan İcmasının sədri olaraq, bu qədim diyarın tarixi, mədəniyyəti və əhalisinin başına gələn faciələri tutarlı faktlarla işıqlandırmaqla Qərbi Azərbaycan həqiqətlərini həm ölkə daxilində, həm də beynəlxalq arenada layiqincə təbliğ etməkdədir. Xalqımızın bu ərazilərdə əsrlər boyu yaşadığı, amma məcburi köçkünlük taleyinə düçar olduğu faktını dünya ictimaiyyətinə çatdırmaq və bu tarixi yaddaşın unudulmamasını təmin etmək missiyası onun üçün ən önəmli vəzifədir. İcma üzvlərinin hər biri Əziz müəllimi demək olar, öz ailə üzvü bilir. Sadəliyi, səmimiliyi Əziz müəllimi elinin, obasının böyük rəğbət bəslədiyi, ehtiram göstərdiyi, sevilən övladına çevirib.
Əziz Ələkbərlinin yaradıcılığı, ictimai fəaliyyəti və dövlətçiliyimizə sədaqətlə xidməti bir xalqın hafizəsini qorumağa həsr olunmuş həyat hekayəsidir. Bu hekayədə o, Qərbi Azərbaycanın dağlarını, dərələrini, özlərinin dilində danışdırır, tarixin unudulmuş səhifələrini yenidən açır. Bu mübarizə onun üçün sadəcə bir yazı dili deyil, xalqının haqq səsini dünyaya çatdırmaq, itirilmiş torpaqlarının gerçək tarixini dünyaya duyurmaqdır.
Qərbi azərbaycanlıların haqq səsinə çevrilmiş millət vəkili Əziz Ələkbərli...
Bu ad təkcə elm sahəsində deyil, həm də Azərbaycanın siyasi səhnəsinin simalarından birinə çevrilib. O, xalqın qəlbindən çıxan səsi, millətin arzu və ümidlərinin siyasi tribunasına çevirən bir millət vəkilidir. Hər addımında, hər çıxışında, hər qələmə aldığı fikirdə Azərbaycan xalqının taleyi, milli maraqları və müqəddəs torpaqlarımızın gələcəyi ön plandadır.
Siyasi fəaliyyət onun üçün sadəcə kürsüdən səslənən sözlər deyil, həyatın özüdür.
Yeni Azərbaycan Partiyasının namizədi kimi seçicilərin rəğbətini qazanıb millət vəkili seçildiyi Saatlı rayonunun sakinləri də Əziz müəllimi öz doğmaları bilirlər. Saatlıda demək olar, hər evin əziz insanına çevrilən Əziz müəllim, seçicilərinin bütün qayğılarında onların yanındadır. Həm əlinə bel alıb, əhali ilə birlikdə əkin sahələrinə gedər, yay aylarında suvarmada çətinlik çəkən zəhmət adamlarının sırasında qollarını çirmələyib, arx qazar, həm də Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhid ailələrinin qayğıları ilə maraqlanan millət vəkilidir, Əziz müəllim.
Onun çıxışları sadəcə quru siyasət dili deyil, ürəkdən gələn duyğuların səsi, Qərbi Azərbaycana qayıdışın çağırışıdır.
Bu doğum günündə biz, Əziz Ələkbərlini yalnız böyük bir alim kimi deyil, Qərbi Azərbaycanın haqq savaşçısı, milli yaddaşımızın qoruyucusu kimi salamlayırıq. Əziz müəllim, doğum gününüz mübarək! Sizin qələminizdən süzülən hər bir kəlmə, millətimizin yaddaşına işıq salır. Sizə bu müqəddəs yolda sonsuz uğurlar, güclü ruh və tükənməz ilham arzulayırıq!
Doğma torpaqlarımızın həqiqətləri sizin yaratdığınız əsərlərdə əbədi yaşayacaqdır.
Lamiyə Rövşənqızı
Qərbi Azərbaycan İcması qadınlar Şurasının üzvü, jurnalist
visiontv.az