Livan Prezidenti Jozef Aun indiyədək İran və onun müttəfiqi olan Hizbullah-a qarşı ən sərt tənqidlərindən birini səsləndirib.
O, İranı və Hizbullahı Livandan ABŞ ilə apardıqları danışıqlarda “bazarlıq aləti” kimi istifadə etməkdə ittiham edib.
CNN televiziyasına verdiyi müsahibədə Aun bildirib:
“Livanlılar İranın maraqları naminə bu vəziyyətin bədəlini ödəyir və İsrail ilə Hizbullah arasında davam edən savaşdan yorulub.”
O, İrandan Livanın daxili işlərinə qarışmamağı tələb edib və Hizbullaha müraciət edərək İsraillə qarşıdurmanın həllində yeganə yolun diplomatiya olduğunu vurğulayıb.
Livan Prezidenti SEPAH-a xitabən deyib:
“Bu sizin ölkəniz deyil, bizim ölkəmizdir… Bizim ölkəmizə müdaxilə etmək sizin vəzifəniz deyil.
Onlar Livandan ABŞ ilə apardıqları danışıqlarda bazarlıq vasitəsi kimi istifadə edirlər. Bu qəbuledilməzdir.”
Prezident seçilməzdən əvvəl Livan Ordusunun komandanı olmuş Jozef Aun ötən il dövlət başçısı seçildikdən sonra Hizbullahın silahsızlaşdırılmasının dinc yollarla həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. O, həmçinin İsraillə birbaşa danışıqların aparılmasına çağırıb ki, bu da Hizbullahla fikir ayrılıqlarını daha da dərinləşdirib.
İran Livanda atəşkəsin təmin edilməsini Vaşinqtonla mümkün sülh razılaşmasının əsas şərtlərindən biri hesab edir. Bu böhran ABŞ və İsrailin Tehrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra daha da genişlənib.
Hizbullah dünən ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda aparılan danışıqlarda Livan və İsrail rəsmilərinin razılaşdığı atəşkəs planını rədd edib. Həmin plan Hizbullahın hücumları dayandırmasını və qüvvələrinin Livanın cənubundan geri çəkilməsini nəzərdə tuturdu.
Hizbullahın rəhbəri Naim Qassem isə bildirib ki, Livan ilə İsrail arasında Vaşinqtonda aparılan birbaşa danışıqlar “Livanlıların geniş təbəqələri tərəfindən rədd edilir”.
Prezident Aun buna cavab olaraq deyib:
“Livanlılar sizin millətiniz deyil.”
visiontv.az