Laçın Azərbaycanın yaşıl enerji məkanlarından biridir
26.08.2026

Bu gün işğaldan azad edilmiş ərazilərin bərpasında enerji məsələsi mühüm strateji istiqamətlərdən biridir. Bu baxımdan Şəhər gününü qeyd etdiyimiz Laçının təbii-coğrafi xüsusiyyətləri burada hidroenerji potensialından geniş istifadə etməyə imkan yaradır.

Rayonun çayları üzərində həyata keçirilən su elektrik stansiyası layihələri bu potensialın iqtisadi resursa çevrilməsini təmin edir. Laçında enerji siyasətinin əsas xüsusiyyətlərindən biri bərpaolunan mənbələrə üstünlük verilməsidir. Rayonda ümumilikdə 65,5 MVt gücündə 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu stansiyaların illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat təşkil edir. Güləbird Su Elektrik Stansiyasının 2021-ci ildə istifadəyə verilməsi bu istiqamətdə mühüm başlanğıclardan biri olmuşdur. Sonrakı mərhələdə digər su elektrik stansiyalarının da yenidən qurulması və istismara verilməsi həyata keçirilib.

“Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” kimi stansiyalar Laçının enerji potensialının formalaşmasına töhfə verir. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının istifadəyə verilməsi bu prosesin davam etdiyini göstərir. Hazırda Laçının 8–10 MVt həcmində elektrik tələbat gücünün tamamilə yaşıl enerji hesabına qarşılanması mühüm göstəricidir. Bu fakt Laçının enerji təminatında ənənəvi yanacaq mənbələrindən asılılığının azaldılmasını nümayiş etdirir. Artıq istehsal edilən enerjinin ölkənin enerji sisteminə ötürülməsi isə layihələrin yalnız yerli deyil, ümummilli əhəmiyyət daşıdığını göstərir.

“Aşağı Malıbəyli” və “Mirik” stansiyalarının birlikdə illik 20 milyon kilovat-saat yaşıl enerji istehsal etməsi nəzərdə tutulur. Bu enerji istehsalı nəticəsində təbii qaza qənaət edilməsi və karbon emissiyalarının azaldılması mümkün olur. Beləliklə, Laçında enerji istehsalı iqtisadi səmərəliliklə yanaşı, ekoloji nəticələr də yaradır. Yaşıl enerjinin kəndlərdə sosial obyektlərin və küçələrin işıqlandırılmasında tətbiqi də diqqətəlayiqdir. Zabux və Bəylik kəndlərində bu yanaşmanın tətbiqi yeni yaşayış məntəqələrinin ekoloji prinsiplər əsasında qurulduğunu göstərir. Laçının enerji potensialının inkişafı həm də regionun gələcək sənaye və xidmət sektorunun enerji tələbatını qarşılamaq üçün imkan yaradır. Çünki yeni yaşayış məhəllələrinin, istehsal müəssisələrinin və turizm obyektlərinin fəaliyyəti etibarlı enerji təminatı tələb edir. Bu baxımdan enerji infrastrukturu Laçının ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir. “Həkəriçay” su anbarı layihəsinin də su və enerji imkanlarının genişləndirilməsində mühüm rol oynayacağı gözlənilir.

Layihə çərçivəsində magistral boru kəməri üzərində yeni su elektrik stansiyalarının tikintisinin nəzərdə tutulması enerji və su resurslarının kompleks idarə olunmasına nümunədir. Laçının 2040-cı perspektivində elektrik tələbatının artacağı nəzərə alınmaqla, indidən enerji infrastrukturu yaradılması strateji baxımdan düzgün yanaşmadır. Bu yanaşma gələcək iqtisadi inkişafla enerji təminatı arasında balans yaratmağa imkan verir. Laçın nümunəsində yaşıl enerji siyasəti həm ərazi bərpasının, həm iqtisadi inkişafın, həm də ekoloji təhlükəsizliyin bir-birini tamamlayan istiqamətlər olduğunu göstərir. İnanırıq ki, Laçın gələcəkdə Azərbaycanın yaşıl enerji xəritəsində xüsusi mövqeyə malik rayonlardan biri kimi formalaşacaqdır.

Ruhəngiz Nəcəfova
Neftçala rayonu