Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər iki ölkənin ictimai həyatında geniş şəkildə öz əksini tapır və dostluq əlaqələrinin möhkəmlənməsinə Türkiyə mediası da böyük töhfə verir.
Bu barədə "Haber Global" (Türkiyə) telekanalının aparıcısı Sayan Fatima Dilara deyib.
"Biz qardaşıq. Atdığımız hər bir addım hər iki ölkədə böyük əks-səda doğurur", - teleaparıcı qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir, media sahəsində isə sıx qarşılıqlı əlaqə qurulub.
"Xüsusilə son vaxtlar qarşılıqlı əlaqə güclənib. Möhkəm kommunikasiya kanalının yaradılması böyük əhəmiyyət kəsb edir", - Dilara bildirib.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələri iki ölkənin cəmiyyətlərini bir-birinə bağlayır.
"Media həmişə iki ölkə arasında körpü olub. Biz isə bu körpünü çox yaxşı qurmağı bacaran iki qardaş dövlətik", - "Haber Global"ın nümayəndəsi əlavə edib.
Daşkənddəki beynəlxalq mediaforumdan danışan Dilara, tədbirin Özbəkistanın tarixinin və İslam irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətini qeyd edib.
"Özbəkistan dünya və İslam tarixində çox mühüm yer tutur. Tanınmış jurnalistlərin və aparıcı media qruplarının nümayəndələrinin burada toplaşması böyük əhəmiyyət kəsb edir", - o vurğulayıb.
Dilara əlavə edib ki, dünya auditoriyasına Özbəkistanın tarixi irsi və onun öyrənilməsi istiqamətində ölkədə aparılan işlər barədə daha çox məlumat verilməlidir.
visiontv.az