Gürcüstan XİN rəhbəri: Orta Dəhlizin inkişafı bu gün xüsusi əhəmiyyət kəsb edir
23.10.2026

“Orta Dəhlizin inkişafı bu gün xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut Mərkəzi Asiyanı Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirir. Gürcüstan bu əlaqənin inkişafında və nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır”.

 Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili  Mərkəzi  Asiya ölkələrinin XİN başçıları ilə Batumidə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin tam potensialının reallaşdırılması ortaq strateji maraqdır və bunun üçün sıx koordinasiya, yaxşı inkişaf etmiş infrastruktur və güclü siyasi iradə tələb olunur.

“Əməkdaşlığımız yalnız iqtisadiyyat və nəqliyyatla məhdudlaşmır. Siyasi etimadın gücləndirilməsi, regional sülhün və sabitliyin təşviq edilməsi, xalqlarımız arasında əlaqələrin dərinləşdirilməsi də eyni dərəcədə vacibdir. Gürcüstan hökumətinin Mərkəzi  Asiya ölkələri ilə münasibətlərin gücləndirilməsi üçün ardıcıl səyləri məhz bu məqsədlərə çatmağa yönəlib”, - deyə  XİN rəhbəri əlavə edib.

Maka Boçorişvili qeyd edib ki, Gürcüstan ilə Mərkəzi  Asiya ölkələri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur ki, bu da qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirməyə imkan verir.

visiontv.az