Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
23.10.2026

Xankəndi şəhərində baş tutan "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forum çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.

Forum çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri  Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanın görüşü olub.

İki nazirlik arasında əməkdaşlıq gündəliyi üzrə görülən işlər nəzərdən keçirilib, qarşılıqlı faydalı təcrübə və məlumat mübadilələrinin davamlı xarakter almasının əhəmiyyəti vurğulanıb.

Anar Əliyev Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə  Agentliyinin direktor müavini Sirojiddin  Abdullayev ilə də görüşüb.

Hər iki ölkədə sosial müdafiə sahəsində son illər həyata keçirilən islahatlardan, rəqəmsal xidmətlərin genişləndirilməsi, innovativ həllərin tətbiqi istiqamətində aparılan işlərdən bəhs olunub. Nazirlik ilə  Agentlik arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı, fəal təcrübə mübadilələrinin həyata keçirildiyi bildirilib.

Görüş sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.

visiontv.az