Göy Məscid hara, fars-erməni mədəni əlaqələri hara?
Göy Məscid hara, fars-erməni mədəni əlaqələri hara?
20.12.2024 Bəybala Mirzəyev Tərəfindən

İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmirinin Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana səfəri çərçivəsində İrəvanda Azərbaycan türklərinə məxsus Göy Məscidi "farsların tarixi abidəsi" kimi ziyarət etməsi növbəti fars-erməni təxribatıdır.

Təəssüf ki, nazirin ziyarətini işıqlandıran İranın rəsmi mediası da Göy Məscidi farslara aid tarixi memarlıq abidəsi kimi təqdim edib.

İranın rəsmi hökumət saytı olan “Dolat.ir” saytı Göy Məscidi Ermənistan və İran arasında mədəni əlaqələrin rəmzi adlandırıb: “İrəvanın Göy Məscidi yalnız gözəlliyi və unikal dizaynı ilə deyil, həm də Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanınır”.

Hal bu ki, farsların bu məscidə, bu tarixi memarlıq abidəsinə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur. İrəvan azərbaycanlılarının vaxtilə "Göy Cami" və ya "Hüseynəli xan məscidi" adlandırdıqları Göy Məscidi 1760-1765-ci illərdə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilib.

Həmin vaxt dünyanın geosiyasi səhnəsində, ümumiyyətlə, "İran" (və ya "Persia") adlı dövlət yox idi. Heç "Ermənistan" adlı dövlət də yox idi.

Onlar kimə kələk gəlirlər? Kimi aldadırlar?

Bir Azərbaycan türkünün tikdirdiyi məscid axı necə "Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanına" bilər?

İran İslam Respublikasının mədəni irs nazirinin oğru qismində çıxış edərək, azərbaycanlıların tarixi-mədəni irsinə fars damğası vurmağa çalışması absurddur.

Ermənilərin İrəvan Cümə məscidi (Göy Məscidi) xarici qonaqlara fars məscidi kimi tanıtmasına İran hökumətinin göz yumması da məkrli fars-erməni siyasətinin təzahürüdür.

Beləliklə, Ermənistandakı türk izlərini silmək üçün fars-erməni işbirliyi davam edir.

Lakin bir gün Qərbi azərbaycanlılar İrəvana qayıdanda, inşAllah, Göy Məscid də fars "bərpa"çılarının yamaqlarından qurtulacaq.

Bir mətn şəkili ola bilər

P.S.

Yeri gəlmişkən, İran işğal dönəmində ermənilərlə birləşib Şuşadakı Yuxarı Gövhərağa (Cümə) məscidini də "restavrasiya" adı altında "farslaşdırmağa" çalışmışdı. Lakin 44 günlük İkinci Qarabağ müharibəsi onların murdar əməlinə son qoydu.

Bəybala Mirzəyev

visiontv.az