Rəsmi İRNA xəbər agentliyinin məlumatına əsasən, Ərdəbil Ümumi və İnqilab Prokurorunun müavini Mürtəza Tahirifərd şəhərdə bir neçə sosial media admininin həbs olunduğunu təsdiqləyib. O, həmçinin Ərdəbildə bir kafenin möhürləndiyini də bildirib.
Prokuror müavini adminlərin sayı və kimlikləri barədə məlumat verməyib, lakin onların sosial şəbəkələrdə "əxlaqi dəyərlərə və şəriət qanunlarına zidd fəaliyyətlərdə" ittiham edildiklərini açıqlayıb.
Tahirifərd əlavə edib ki, möhürlənən kafe insanların "qarışıq və qeyri-sağlam ünsiyyət" üçün toplaşdığı bir məkan kimi dəyərləndirilib.
Bundan əvvəl İran polisi prezident seçkiləri öncəsi "Nur Planı" çərçivəsində məcburi hicab qaydalarına əməl etməyən qadınların getdiyi kafe, restoran və iş yerlərini bağlayırdı. Həmçinin, kiberpolis sosial media fəallarını nəzarətdə saxlayır və məcburi hicaba riayət etməyən blogerləri həbs edirdi.
İranda sosial media platformaları, o cümlədən Instagram rəsmi olaraq qadağandır və istifadəçilər yalnız VPN-lər vasitəsilə onlara daxil ola bilirlər. Buna baxmayaraq, son qeyri-rəsmi məlumatlara görə, ölkədə 40 milyondan çox insan Instagram-dan aktiv istifadə edir. Bu platforma bəzi vətəndaşlar üçün əsas gəlir mənbəyinə çevrilib, çünki onlar məhsullarını satır, xidmətlərini təbliğ edir və izləyici kütləsi ilə əlaqə qururlar.
visiontv.az