Dünyanın 2 super gücü: Niyə ABŞ və Çin?
Dünyanın 2 super gücü: Niyə ABŞ və Çin?
07.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında "Dünyada iki super güc var, ABŞ və Çin" deməsi təsadüfi cümlə deyil. Bu, Azərbaycanın yeni xarici siyasətinin bəlli etdiyi kordinatlardır.

Sovet vaxtı dünya 2 qütblü idi: ABŞ və SSRİ. 1991-ci ildən 2022-ci ilə qədər dünya 1 qütblü oldu. ABŞ tək super güc idi. Bu gün isə dünya yenidən 2 qütblüdür, amma oyunçular dəyişib. ABŞ və Çin. Prezidentin Rusiyanı super güclər siyahısından çıxarması diplomatik təsadüf deyil. Bu, reallığın etirafıdır. Rusiya 3 ildir Ukrayna müharibəsində ilişib qalıb, iqtisadiyyatı 2 trilyon dolları keçmir. Yəni Çinin bir əyaləti qədərdir. Rusiya artıq texnologiya, süni intellekt, çip istehsal etmir, sanksiyalar altında yaşayır. Super güc təkcə nüvə başlığı ilə olmur. Super güc olmaq üçün kifayət qədər dolların, texnologiyan və bazarın olmalıdır. Bu isə bu gün yalnız ABŞ və Çində var. 

Diqqət etsəniz görərsiniz ki, Prezident İlham Əliyev bunu TRIPP və yaxud Zəngəzur dəhlizindən danışarkən dedi. Yəni məntiq budur ki, dünyada 2 super gücdən biri ABŞ artıq bizim layihəmizin arxasındadır. ABŞ deyib ki, Zəngəzur yolu açılmalıdır və onun adı TRIPP olacaq. Yəni Prezident xalqa deyir ki, mən dünyanın 2 super gücündən biri ilə razılaşmışam. İndi bu yolu heç kim, nə Rusiya, nə də İran bağlaya bilməz. Əgər Rusiya super güc olsaydı, o zaman ABŞ-nin dediyi layihəni veto edə bilərdi. Amma Prezident deyir ki, artıq edə bilməz, çünki güc balansı dəyişib.

Haqlı sual yaranır. Bəs onda Prezident İlham Əliyev Çinin adını niyə çəkdi? Çünki Zəngəzur dəhlizinin əsl müştərisi Çindir. Çin malları Avropaya getməlidir. Şimal yolu  müharibəyə görə bağlıdır. Cənub yolu sanksiyalara görə risklidir. Qalır bir yol, o da Orta Dəhlizdir. Çin - Qazaxıstan - Xəzər - Azərbaycan - Zəngəzur - Türkiyə - Avropa marşurutu. Çin üçün Zəngəzur dəhlizi həyati maraqdır. ABŞ üçün isə bu dəhliz Çini Rusiyadan və İrandan asılı olmaqdan qurtarmaqdır. Yəni Prezidentin ağzından çıxan ABŞ və Çin adları, əslində Zəngəzur dəhlizinin 2 əsas sponsoru və müştərisinin adıdır. Yəni ABŞ deyir ki yolu aç, Rusiyanın təsirini azaldım,
Çin isə deyir ki, yolu aç, malımı Avropaya daşıyım. Azərbaycan isə ortada həm pul qazanır, həm də Naxçıvana yolunu açır. 

Yekun olaraq deyim ki əvvəl bizim balansımız Rusiya və Qərb arasında idi. İndi balans ABŞ və Çin arasındadır. Prezident İlham Əliyevin formulu isə budur:Təhlükəsizliyi və sülh sazişini ABŞ ilə, iqtisadiyyatı və tranziti Çin ilə həll et. Rusiyanı və İranı isə fakt qarşısında qoy. Ona görə də "Dünyada iki super güc var" cümləsi sadə coğrafiya dərsi deyil, yeni dünya düzənində Azərbaycanın harada dayanacağının xəritəsidir.

Şöhrət El-Dəniz

visiontv.az